Süsən-Sünbüldə heç də hər şey kor atın kor nalbəndindən başlamır. Arada-sırada “Kor ərəbin mahnısı” ilə başlayan sarışın səhərlər, ahəstə axşamlar da olur:
Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət...
Sözgəlişi xatırladıram. “Kor ərəbin mahnısı” Hüseyn Cavidin “Şeyx Sənan” adlı dram əsərinə Fikrət Əmirovun bəstələdiyi qəmli düşüncələr dolu bir mahnıdır; özü də, sadəcə, mahnı deyil, gözlərə şehli işıqlar gətirən şah əsərdir: paytaxtlar fəth eləmiş padşahyana paşaları belə, arazbarı ağladan! Özü də əgər korluq fiziki korluq deyil, mənəvi korluqdursa, bu mahnını Rəşid Behbudovun ifasında bir neçə dəfə dinləmək, dinləyib də gözlərinə səpmək yadigar yardımçı ola bilir.
İndi “qismət”lərə mənəvi korluq yazan müasir cəlladlardan dolayı, bir də var keçmişdə bəzi hökmdarların – padşahların, kralların – hakimiyyətə gələn kimi öz doğma qardaşlarının, övladlarının gözlərini çıxartdırmaqla onları işıq yoxluğuna düçar eləmələri, qaranlıq-zülmət dünyaya məhkum qoymaları, nurdan uzaq tutmaları. Bu barədə hələ uşaqkən babalardan, nənələrdən eşidəndə, sonralar kitablardan oxuyanda, adamın gözlərinə qaranlıq çökürdü.
Saramaqonun adı bəzi ağıllarda həm də “bəyaz fəlakət” kimi keçən “Korluq” romanında deyildiyi kimi, “onlar sonradan kor olanlar deyil, onlar elə əvvəldən kor qalanlardır”. Amma burası həm acı ağrılı, həm də acı maraqlıdır: görəsən onlar məmləkətin işıq gələn tərəfini necə idarə ediblər?
Amma bütün hallarda böyük bədii ədəbiyyatda filhəqiqət fərqlidir. Belə ki, böyük bədii ədəbiyyat üçün heç fərq eləməz: misilləmə misal üçün, Süsən-Sünbüldə niyə fiziki korluqdan əziyyət çəkmiş Homer, Milton, Borxes kimi dahi yazarlar – şairlər, yazıçılar oxunmur? Ona görəmi ki, onlar kor ola-ola dünyaya bu qədər işıq bəxş etmişlər, nur saçmışlar!?
Niyə London, Paris, Tiflis, Təbriz... Dəllər, Sarvan, Qaraçöp, Başkeçid oxuyur, amma Süsən-Sünbül oxumur?! Əvəzində Mirzə Moşu Göyəzənlini oxuyur, Dədə Mirzə Halaypozanı oxuyur. Dədə Mirzə Tüpdağıdanın özünün “Kitablar kitabı” adlandırdığı, əslində şər şüarları olan “üçcildliyi”nin adını səksən səkkiz dəfə çəkir, amma qızılhacılı Fikrətin – görmə məhdudiyyətli nakam şair Fikrət Mursaqulovun “İşıq əlifbası” adlı nərmənazik kitabçasının adını bircə dəfə də çəkmir.
Ədəbiyyat bu barədə lazım olan yerdə hekayə qurmaqla, lazım olan yerdə də hekayə anlatmaqla belə buyurur: – Neynək, Borxesi, Miltonu, ya da Fikrəti oxumur, oxumasın adlarını çəkmir, çəkməsin. Deməli, nəsə bilir ki, kor atı minib köndələn gedir. Oxuyanlara salam olsun! Axı böyük bədii söz sərhədsizdir. Onu araya bilərəkdən hasarlar, sərhədlər çəkməklə saxlamaqmı olar?
...Bir fiziki kor da Aşıq Veysəl olub. Sizin yaddaşınıza güvəndiyim üçün deyirəm: ustad sözləri hələ yadınızda qalmış olar:
Dost! Dost! – deyə neçəsinə sarıldım,
Mənim sadiq yarım qara torpaqdır.
Xatirimdədir. Bir zamanlar Əyriqar tərəflərdə Aşıq Veysəlin “Çənlibel”ini Mirzə Qələmdən yaxşı oxuyan yox idi:
Bir yar üçün diyar-diyar dolandım,
Yorulub da Çənlibelə sığındım...
Onun göz mayıflığına çarə düşünən göz həkimlərinə Aşıq Veysəl belə deyibmiş:
– Gözümü açarsınız, amma qorxuram o gözəl dünyadan əsər-əlamət görməyəm daha. İstəmirəm. Yaxşısı budur, öz daxili dünyamla məni tək buraxın.
Bəzi mənəvi korluqların intiharına səbəb olduğu Qalaktion haqqında yazıya başladığım ərəfədə onun “Mən və Gecə” adlı şeiri mənim bəzi gecə çiçəklərinə, məsələn, yabanı bəzək bitkisi olan gecə bənövşələrinə sevgimi çox artırmışdı. Birdən mənə belə gəlirdi ki, bir gecə yatmır, bir də mən, bir də gecə bənövşələri. Üstəlik də, gecə-gündüzün işıqlı hissəsi olan gündüzün bəzən elə bu cür işıqlı şairlərin xətrinə gecələrdən gəldiyini zənn edirdim. Başqa sözlə, bəzi qaranlıqları bəzi aydınlıqlara elə onlar çıxarırlarmış! Əlbəttə, uca Yaradanın yalnız yalqız şairlərə ünvanlanmış gizlin insaf izni ilə!
...Bəzən də ustad Nəcib Fazil Qısakürəyin ikicə misrasını oxuyanda özünü təqsirli, günahkar bilirsən, sanki ən böyük kor elə özün imişsən! Axı niyə bircə qaranlığı da sən işıqlandırmadın? Niyə “onlar”ın “adamın adamı”, “filankəsin oğlu”, “Həsən ağanın qohumu” stereotipini bircə dəfə sındırmadın? Amma belə əskikliklərin poeziyaya doğrudan dəxli varmı?
...Ustad Nəcib Fazil buyurur:
Gündüzlər sizə qalsın, verin qaranlıqları!..
...örtün, üstümə örtün, sərin qaranlıqları!
Bu korlarla dolu dünyada şairlərin ümidlərini, gündüzlərini, baxışlarını əllərindən alırlar, ya da almağa çalışırlar, onlar isə yazırlar və ilk yaradılan şey olan Qələmə daha möhkəm sarılırlar, Qələmin nifaqdan uzaq nuruna boyanırlar.
Amma gündüzləri şairlərin əllərindən alanlar... gündüzləri urvatdan salırlar və bəzən şairin könlündən biryolluq qaranlıqlara yazılmış elegiyalarda yaşamaq keçir. Qaranlıqlara fleyta, ya kamança səsləri süzülə-süzülə...
İdbar ideyası “kim kimi görür ki?”dən ibarət olan kor döyüşlərinə niyə qatılsın şair?
P.S.
Bəlkə də gecənin gırt yarısıdır. Ya da bəlkə gecənin, Qismət yazmış, “saat üçü keçibsə... baş götürüb qaçıbsa gözlərinin yuxusu, içini yandırırsa kimsəsizlik duyğusu...” vaxtıdır.
Aypara ilə işıqlanan pəncərələr, yaxınlıqdan axan çayın bərq vuran suları, kölgələri görünən Kazreti qızıl karxanaları gecənin bu vaxtı nədənsə “Kor ərəbin mahnısı”nı yenidən yadıma salır...
...Bir də üzü dan yerinə qəlbimin dərin guşəsindən keçənlər bu olur: bir zamanlar şah atası tərəfindən gözləri çıxarılmış oğul məzarda dərdinin bir üzündən o biri üzünə rahat çevrilə bilirmi görəsən!?
İBRAHİMXƏLİL