Dünyada bir çox din mövcuddur. Bir çox inanc növü də zaman-zaman yaşanıb və tarixdən silinib. Bu dinlərin də hər birinin özünəməxsus ibadət üsulu və bu ibadətə dəvət metodları olub. Bu dəvət metodunun islam dininə aid olanına azan deyilir. Lüğətdəki mənası bildirmək, duyurmaq, çağırmaq, elan etmək olan azan müxtəlif sözlərlə müsəlmanları namaza dəvət etməkdir. Azandakı sözlərin mənaca tərcüməsinə baxsaq Allahın birliyini, Hz. Məhəmmədin Allahın peyğəmbəri olduğunu söyləməkdə və namaza, qurtuluşa dəvət etdiyini görərik.
Azan islam dininin simvollarından biridir. Azan səsi onu dinləyən insanı dərin düşüncələrə aparan, insanın ruhunu dincəldən gözəl bir sədadır.
Bu yazını yazmağa məni bu yaxınlarda sosial mediada paylaşılmış olan bir yazını oxumağım vadar etdi. Yazıda bir nəfər “ağsaqqal” azan səsindən utandığını, azan səsini eşitdikdə bir çox mənfi hissləri xatırladığını yazırdı. Babəkin qətlini, müsəlmanların öldürülməsini, qadınların örtülü geyinməsini yazaraq dini suçlayırdı. Bəs heç tarix oxumayıbmı ki, bilsin satqınlığın, şorgözlüyün dini yoxdur, bu cür hadisələr elə xristianlıqda da, yəhudilikdə də, eləcə də digər inanclarda da olmuşdur. Müsəlmanların öldürülməsi müsəlmanın günahı deyildir. Hə, əgər müsəlmanın müsəlmanı öldürməsini deyirsə bu, elə xristianlıqda da tarixi boyu olmuşdur (mən öz din qardaşlarını öldürənləri dəstəkləmirəm). Qadınların örtünməsinə gəlincə isə, qadının örtünməsi kişinin qeyrətidir. Əgər sən öz dəyərlini qorumaq istəyirsənsə onu yadlardan saxlamalısan.
Mən də bu yazıda azan səsini eşitdikdə bir çox qürurverici hisslər yaşadığımı və xoş hadisələri xırladığımı yazacam.
Mən azan səsini eşitdikdə insanlar arasında bərabərliyi görürəm. Çünki islamın ilk gəldiyi dönəmdə ərəblər zənciləri sadəcə qul olaraq görürdülər, ancaq islam dini dinin ən əhəmiyyətli çağırışı olan azanı oxumasını bir zənci olan Bilal Həbəşiyə tapşırdı.
Mən azan səsini eşitdikdə insanları varlı-kasıb ayırmadan hər kəsi bərabər edən “Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır” (Hucurat, 13) ayəsini xatırlayıram.
Mən azan səsini eşitdikdə müsəlmanın gücünü görürəm. Çünki Fatehin İstanbulu fəthini xatırlayıram.
Mən azan səsini eşitdikdə islamın qadına verdiyi dəyəri anlayıram. İslam dini cənnəti qadının, ananın ayağının altında sayır. Ananı qiymətli sayır. Qadına örtün deyərək onun iffətini kənar gözlərdən qoruyur.
Mən azan səsini eşitdikdə elmi xatırlayıram. İlk ayəsi “OXU” olan Quranı xatırlayıram. Fəxrəddin Razini, İbn Sinanı, Şeyx Nizamini, Füzulini və neçə-neçə elm xadimlərimizi xatırlayıram. Həndəsə elminin, cəbr elminin ixtirasını xatırlayıram.
Mən azan səsini eşitdikdə vətən uğrunda çarpışan, canını ortaya qoyan şəhidləri xatırlayıram.
Mən azan səsini eşitdikdə imanlı, inanclı, içkisiz, qumarsız, təmiz gənclik düşünürəm.
Mən azan səsini eşitdikdə həzrət Əbu Bəkrin səxavəti, həzrət Ömərin ədaləti, həzrət Osmanın iffəti, həzrət Əlinin cəsarəti və elmi yadıma gəlir.
Yazılacaq daha çox şeylər var, ancaq nadan yenə də öz qaranlığında qalıb, öz düdüyünü çalacaq. Kitab oxumaqla, alim adı almaqla insan yüksəlməz. İnsan gərək bir az da mənəviyyatını, vicdanını və ədəbini də yüksəltsin.
Əlbəttə, hər kəs fikrində azaddır. Ancaq kiminsə başqalarının inancına, müqəddəslərinə dil uzatmağa, təhqir etməyə haqqı yoxdur.
Hər kəsə oturub bir az da Yaradanı düşünmək, onu təfəkkür etmək diləyi ilə...
Hacı BƏKİROĞLU