Kəsək bilirsiz nədir. Biz tərəflərdə kəsəkli yollar, əkinlər, tarlalar və sair kəsəkliklərə çox rast gəlinir, demək olar ki, hər addımda. Və hər atılan addımda bu quruyub bərkimiş torpaq, daha doğrusu, palçıq yumrusu, qırıntısı, hissəsi çox ayaqqabıların ömrünü qısaldıb, çox dizləri yaralayıb, hətta başlar da yarıb. Əgər sən bir dəfə də olsa asfalt yolu qısaltmaq məqsədilə kəsə getmisənsə, kəsəklə tanışsan demək, kəsəkli yolun nə olduğunu da bilirsən, necə olduğunu da.

 

Baxmayaraq ki, kəsək də torpaqdı, onda nə ot cücərər, nə də soxulcan yuvalayar, ta ki islanana kimi. Bu fani dünyada hər şeyin sonu olduğu kimi kəsəyin də sonu var. Kəsəyin ömrü yağışın, qarın yağmasına qədərdir. Elə ki bərk kəsək islandı, üzü yumşalıb yenidən yarandığı torpağa dönür, insan kimi.

 

İnsan demiş, biz tərəflərdə kəsəkli yollar, əkinlər, tarlalar və sair kəsəkliklərə çox rast gəlindiyi kimi kəsək insanlara da rast gəlinir.

 

Dilimizdə “kəsək oturub daşın gününə ağlayır” ifadəsi var. İfadə xalq arasında yayılmış əhvalatdan götürülüb. Əhvalata görə, bir ağac yaxınlığında qəmli, kədərli, narahat görünən kəsək parçasından belə qəmgin olmağının səbəbini soruşur. Kəsək – “Göy üzünü qara buludların aldığını görmürsənmi! Bir azdan yağış yağacaq, yanımdakı bu yazıq daşı ovub dağıdacaq, sonra isə sel gələrək onu parçalayıb özü ilə aparacaq”, – deyə ağlayaraq, sızlayaraq, burnunun fırtılığını çəkərək cavab verir.

 

Ağac kəsəyin sözlərinə təəccüb edərək deyir:

 

− Ay kəsək, sənə heç yağış dəyməmiş ovulub tökülürsən, yağış yağarsa, birinci səni yox edəcək. Sənsə oturub möhkəm daşın dərdinə ağlayırsan! Öz dərdinə qalsan, daha yaxşı olmazmı?

 

İndi ağacınkı olmasın, ay kəsək, sən bir özünə bax, ətrafına nəzər sal, əvvəlcə öz gözündəki tiri çıxar, öz keçəlinə dərman axtar, öz dərdinə qal, sonra oturub özgəsinin halına ağlayarsan. Yaşadığın ölkənin, bölgənin, şəhərin, kəndin, küçənin, məhlənin problemləri sənə bəs etmirmi ki, durub qonşu ölkələrin şəhərlərində, kəndlərində, küçələrində, məhlələrində əli quqllı (Google) problem axtarırsan?! Özün xirtdəyə kimi problemin içindəsən; necə, nə cür istəyirsən, hansı ölçüdə, hansı mövzuda istəyirsən problem var.

 

Danışmağa gələndə isə özünün halal, mərhəm, doğma problemlərinə kor, kar, lal olaraq qonşu ölkələrin haram, naməhrəm, ögey problemlərindən bülbül kimi ötür, qarğa kimi qarıldayırsan.

 

Buna biz tərəflərdə qorxdum deyərlər. Müharibə qıraqdan baxana asan gəlir axı. Eşşəyə gücü çatmayanlar palanı taptayarlar həmişə. Sənə nə zor düşüb ki, özünün insan hüquqların hər addımda pozulduğu halda hansısa Afrika ölkəsində hansısa aborigen qəbilənin kərgədan ovunu qınayıb, hansısa üç tonluq kərgədanın kəsilmiş buynuzu üçün şüvən salırsan və ya hansısa Yaxın və Orta Şərq ölkəsində keçirilən prezident seçkilərinin saxtalaşdırılmasını bütün dünyaya sübut etməyə çalışarkən klaviatura arxasında sol böyründə “qrija” (yırtıq) əmələ gələnə kimi gücənirsən.

 

Guya sən gülüstanda rifah içində yaşayırsan! Guya sənin, yaşadığın cəmiyyətin, vətəndaşı olduğun ölkənin heç bir problemi yoxdur! Guya sənin heç bir hüququn pozulmur, guya seçkilər saxtalaşdırılmır! Guya əla təhsil alırsan, tibbi xidmət görürsən! Guya hamı işləyir, hamı yüksək əməkhaqqı alır, pensionerlər şaddıqlarına şıllağ atırlar! Guya mətbəxtdə su kranını açanda oradan da demokratiya axır! Guya Kaxet qarpızını kəsirsən onun içindən də söz azadlığı çıxır! Guya o qədər bolluqdur ki, çatdırıb yeyə bilmirik, hamısını xaricə satırıq! Guya xoşbəxtlikdən bezib, darıxıb bədbəxlik törədirik arada! Guya Avropayıq!

 

Nə isə... axı hər hansısa kiçik bir qərar qəbul edəndə də səni heç kəsək yerinə də qoymurlar, ay kəsək. Sənsə oturub daşın gününə ağlayırsan. Yalansa daş düşsün təpənə!

 

Azər MUSAOĞLU