XXI əsrin bəlkə də ən başlıca problemlərindən biri kamil insan modelinin necə yetişdirilməsi məsələsidir. İnsan yetişdirmək əmək istəyən bir işdir, ancaq insanın özünü yetişdirə bilməsi bu fani həyatda ən böyük qalibiyyətdir. İnsanın öz daxilində istəyi yoxdursa başqaları tərəfindən insanın yetişdirilməsi çətin məsələdir.
İmam Qəzali həzrətləri belə buyurur: “İnsan bal mumu kimidir. Tərbiyə ilə ona istənilən müsbət və mənfi şəkil verilə bilər”. Buyurulduğu kimi, insanın mənfi və müsbət yönlü yetişə bilməsi onun tərbiyə və təhsilindən aslıdır. Tərbiyə geniş bir anlayışdır, insan beşikdən məzara qədər tərbiyəli yaşaya bilməli və tərbiyə almaqdan uzaq qalmamalıdır. Yəni kamil insan olmağın yolu daim tərbiyəli olmaqdan keçir. Məxluqat içərisində tərbiyə və təhsilə ən çox möhtac olan insandır.
İnsanoğlu maddi və mənəvi olmaq üzrə iki hissədən ibarətdir. İki hissədən ibarət olan bir varlıq birtərəfli yetişdirildiyi təqdirdə ortaya seyr edilməsi belə ürək ağrısına səbəb olan nəticələr çıxarır. İnsan hər iki hissədən ibarət olduğu üçün hər iki hissənin yetişdirilməsi yolunda tərbiyə və təhsil almalıdır. Günümüzdə təhsil və tərbiyə bir yönlü, yəni maddi istiqamətdə verildiyindən bu yolda məsafə qət edilməməkdədir. Birtərəfli verilmiş təhsil və ya tərbiyə bir qanadlı quşun uçmasını murad etmək kimidir. Bir qanadlı quşun uçmağı, məsafə qət etməsi görülməmişdir. Bu səbəbdəndir ki, mənəviyyatsız verilmiş təhsil və tərbiyə nöqsanlıdır.
Əsri-səadət dövrünə nəzər saldığımızda kamil insan örnəklərini görürük və onların necə kamillik zirvəsinə yüsəldiklərini də açıq aşkar müşahidə edirik. Kamillik zirvəsinə ucalanları seyr etmək yerinə istifadə etdikləri təhsil və tərbiyə metodlarına üz tutaraq bizlər də bu yollarla irəliləyərək zirvənin ucalığına qovuşa bilərik. Məsafə qət etmədən məkana çatmaq mümkünsüzdür. Mövlana həzrətləri buyurur: “Şam olmaq asan deyil. İşıq saçmaq üçün, əvvəlcə yanmaq gərəkdir”.
İnsanın kamala çatması üçün könül aləminin yetkinləşməsi zəruridir. Könül yetkinliyi isə nəfsin xoşlandığı şeyləri tərk etmək, nəfsin xoşlanmadığı şeylərlə də nəfsin tərbiyə olunmasıdır.
Unutmamalıyıq ki, bu dünyaya heç bir qarşılıq ödəmədən gəldik. Əlimizdəki bütün nemətlər, Cənabı Haqqın lütfüdür. Bu lütf qarşısında insanın acizliyini idrak etməsi və “mən qazandım, mən bacardım” demək yerinə “Sənin lütfündür, ya Rəbbi!” hissiyyatı içində olması kamillik yolunda ilk addımını atması deməkdir. Əbul-Həsən Hərəqani həzrətləri buyurur: “Uca mərtəbələrə çatan Haqq dostları ixlasla etdikləri əməlləri ilə nəfslərini də təzkiyə etdikləri üçün yüksəlirlər”.
“Necə ki namaz və oruc fərzdir, yerinə yetirilməsi məcburidir, eyni şəkildə könüldən qüruru, həsədi və təkəbbürü aradan qaldırmaq da zəruridir”.
Həqiqətən bütün Allah dostlarını zirvəyə ucaldan sirr təvazökarlıq, heçlik və yoxluq halıdır. Bunun üçündür ki, arif şəxslər – “Sən çıxınca aradan, qalar səni Yaradan!” – buyurmuşlar. Nəfsin ən çətin tərk edə bildiyi xoşagəlməz xasiyyət isə qürur, təkəbbür və eqoizmdir. Əbu Haşim əs-Sufi buyurmuşdur: “Ürəkdə yer etmiş bir təkəbbürü qazımaq, dağları iynə ilə qazımaqdan daha çətindir”. Lakin bu bacarılmadıqda mənən təkamül edə bilmək və dinin hədəflədiyi “kamil insan” halına gələ bilmək mümkün deyil. Necə ki bir hədisi-şərifdə buyurulmuşdur: “Ürəyində zərrə qədər qürur olan kimsə cənnətə girə bilməz” (Müslim, İman, 147).
Kamillik zirvəsinə çıxan yollar üzərində maneələr var, bu maneələr qaldırılmadıqca, aşılmadıqca zirvəni görmək imkansızdır. Bu maneələri yalnız səlim ağılla aşmaq mümkündür. Dövrün burulğanına qapılmadan, çirkli suların sel kimi axdığı bu həyatda ətəklərini toplayaraq get ki, saflıq və paklıq yol yoldaşın olsun, mənzilə çata biləsən.
Müəllif: Lamiyə Hacıyeva
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan Müftiliyinin Qadınlar Şurasının sədri