AFİQ MUXTAROĞLUNUN AYAQÜSTÜ DÜŞÜNCƏLƏRİ
Yağ, yağ, planın geridə qalıb. Elə bil dalınca atlı düşüb, üzərinə öhdəlik götürübsən. Bir az da yeyin yağsan. Əskiyin çıxar. Bəs yayda camaat Lələ Kərəm olanda, dilini bir qarış çıxaranda, yarpaqlar xəzana dönəndə hansı cəhənnəmdə idin, səsin içinə düşmüşdü?
Sənə yağma deyənmi var? Yağa-yağa da dur. Altına çətir ha tutası deyiləm. Adamda üz yaxşı şeydir. Bu torpaq dillənmir, bu daş lal olub deyə sən təpələrinəmi döyəcəksən? Üç gün olar, beş gün olar, bu da ötəndə bir həftə. Sən həftəni də o tərəfdə qoydun.
Bu qoca nə gəzir yağışda-qiyamətdə? Soruşan gərək, niyə evində oturmursan? Evində itmi ölüb? Qəribə adamsan, vallah. Bəlkə otura bilmir? Bəlkə heç evi yoxdur və ya xanımı deyingənliyi ilə evi cəhənnəmə çevirib? Papiros tüstülədənin biridir bəlkə? Bəlkə gəlinilə qabaq qənşər əyləşib tum çıtlayır, siqaret tüstülədir, gər kişi səsiylə evi insan yaşamayan bir hala gətirib? Qoca da canını götürüb düşüb küçələrə. Nə desən olar. İndi də yumurtası tərs gəlmiş toyuq kimi tüyünür. Yüz faiz sıxışıb. Qocalıqdır, həm də soyuq. Olan şeydir. Zalım oğlu, özünü o böyük ağacın arxasınasa salsan. Bir camaatın çiş-miş işinə qarışmağın qalmışdı, ona da qarışsan, yaxandan medal asarlar.
İkinci qatdakı yoluq qarğaya oxşayan qonşu qadın hara gedir, görən ola? Dörd it, iki uşaq. Yağış da şıdırğı yağmasında. Uşaqlarınsa əlindən tutsan, şütüyən maşınları görmürsənmi? Korluğunmu var? Hardan tutsun, itlərdən biri qucağında, o birilərin də ipi əlində. İki əli də boş deyil. Elə bil əzizi Volfu qucaqlayıb. Bəlkə Volf deyil, Adolfdu, Hansdı? Ya Yevadı, Heldadı? Nə bilim, ilk ağlıma gələn Volf oldu.
Yoluq qarğanın qəfiləsi işıqforda dayandı, yolu keçəcəklər. Hə, parka gəzintiyə çıxırlar. Havalarını dəyişəcəklər. Yağış da elə deyir, başınızın ortası haqqı. Bu dəqiqə dabanı üstə geri dönərsiniz. İtlər bir az rahatlansınlar. Bu yoluq qarğa da arxalarına düşüb güdəcək, onların pisliklərini it qurut götürən kimi toplayacaq. Allah, daşını yağdır. Vallah, dərdin-azarın yoxdur sənin, cəhənnəmə toplasın, qara yol da bəridə qalsın.
Bir buna baxsan. Anqutdu elə bil. Dabanları yerə dəymir. Yağış elə bil bunun yox, mənim başıma yağır. O gün gördüyün qaşqaldaqdı, deyəsən. Hə, özüdür. Əlini-qolunu niyə ölçür? Görmürsənmi qulağındakı qulaqcığı? Yekə gözün yiyəsinə xeyri budur də. Telefonla danışır. Yəqin qız da hardasa gözləyir. Nə bilirsən gözlədiyini? O gün görmədimmi? Qız elə baxırdı ki, bu qaşqaldağa. Deyərdin yerdə də, göydə də təkcə budur, qalan kişilər qırılıb. Kişinin lotoreyası vurub deynən. Sən canın, özün de, bunda seviləsi nə var? G...ünü əritsən bir şorbalıq yağ çıxmaz. Kiri, sən Allah, könül sevən göyçək olar. Olsun, olsun nə deyirəm. Bir onu deyəcəm, yoxsa çatlayaram, gözüyün yağına qıkk eləsinlər, a belə qız. Gen dünyada başına oğlan qəhət imiş, gözünü yumub, əlini uzadıb.
...Yağış üstünə təpinilmiş kimi, şıdırğı rəqsə keçir...
Afiq MUXTAROĞLU
Almaniya, Hessel