Adam bilmir nədən yazsın, haradan başlasın ki, təkcə Allaha yox, bəndəyə də xoş gəlsin; təkcə düşmənin xətrinə dəyəsən, dostun da yox. İndi hansısa problem haqqında yazanda, danışanda, müzakirə edəndə təkcə problemi yaradanı özünə düşmən etmirsən, üstəgəl bonus olaraq eyni problem haqqında yazan, danışan, müzakirə edənlər də sənə potensial düşmən olurlar. Yəni eyni cəbhədə eyni düşmənə qarşı çiyin-çiyinə vuruşduğun əsgər yoldaşın, silahdaşın sənin səngərdən çıxıb hücuma keçməyinə imkan belə yaratmır, ya səni səngərdə tək qoyub özü tək irəliləyir, ya da arxandan səni vuraraq leşinin üstündən addayıb hücuma keçir. Elə bil müharibə millət, vətən, torpaq, bayraq, dil, yazı, eyni dəyərlər uğrunda deyil, ad, medal, mükafat, heykəl uğrunda gedir.

 

İndi bütün mövzular monopoliyaya alınıb, inhisar edilib. Məsələn, sən erkən evlilik haqqında yaza, danışa bilməzsən, çünki bu mövzu başqasınındır, erkən evlilikdən təkcə o adam danışmalıdır, bu mövzu ilə bağlı təkcə onu verilişlərə dəvət edə bilərlər, tədbirlərə çağıra bilərlər, təkcə o bu problemin həlli ilə məşğul ola bilər, qrantlar ala bilər, təkcə onun adı erkən evlilik ifadəsi ilə sinonim ola bilər. Və yaxud da sənin ağzın nədir ki, təhsil problemini işıqlandırasan, məktəblərdən, müəllimlərdən danışasan, təhsil sistemini, nazirliyi tənqid edəsən. Bu mövzunun da öz inhisarçısı var, ya gərək yazında və söhbətində onun da adını çəkəsən, ondan sitatlar gətirəsən, ya da mövzuya girişmək üçün hallalıq alasan ki, özünə əlavə düşmən qazanmayasan. Hətta hansısa deputatı belə tənqid edə və ya söyə bilməzsən, bir də gördün tənqid etdiyin və ya söydüyün deputat dura-dura həmin deputatı tənqid etməyi və söyməyi inhisar etmiş biri cavabını elə verdi ki, yetirmişin dura-dura kalın töküldü.

 

Hələ elələri də var bir neçə mövzunu öz monopoliyası altına alıb. Məsələn, din, ateizm, milli-mənəvi dəyərlər – üçü birində. Belələri öz monopoliyalarını daha yaxşı qoruyub-saxlayırlar. Başqası din mövzusuna girişəndə onu mövzudan kənarlaşdırmaq üçün ateist kimi, milli-mənəvi dəyərlərdən danışana liberal kimi hücum edirlər və yaxud da əksinə. Bir sözlə, bizdə qoç qəbirüstü abidələrindən tutmuş kəsilən qoçların hüquqlarına, erkən evlilikdən tutmuş erkən sözünün iştirak etdiyi ifadələrin olduğu bütün mövzulara, uşaq bağçalarından tutmuş qocalar evinin olmamasına, tövləyə oxşayan məktəblərdən tutmuş “1+4” proqramına, etnik azlıqdan tutmuş etnik bazlığa qədər, inteqrasiyadan tutmuş assimilyasiyaya qədər və sair, və ilaxır, bütün mövzular, problemlər monopoliya olunub.

 

Mövzular bir yana, bizdə peşələr də, ixtisaslar da, xobbilər də (varsa təbii), fəaliyyət də monopoliyadadır. Məsələn, biri şeir yazırsa hamı onun şeirini oxumalıdır, yalnız və yalnız o öləndən sonra başqaları da şeir yaza bilərlər. Biri aktyorluq edirsə hamı ona tamaşa etməlidir, başqaları yalnız onun istəyi ilə tamaşada oynaya bilər, o da epizodik rollarda. Biri müəllimdirsə hamı şagird olmalıdır, baxmayaraq ki, məktəblərdə kadr çatışmır, idmandan tutmuş ədəbiyyata, kimyaya, riyaziyyata qədər yalnız o “tədris” etməlidir. Biri jurnalistdirsə televiziyada da, radioda da, qəzetdə də yalnız o olmalıdır. Biri aktivistdirsə qalan hamı passivist olmalıdır və sair.

 

Bizim bu monopoliya aludəçiliyimiz həm də bölgə maştabındadır. Məsələn, biri Qardabanidə dil kursları açıbsa, başqa bölgədən gəlib Qardabanidə dil kursları açmaq yazılmamış qaydalara uyğun deyil. Və ya Marneulidə fəaliyyət göstərən hansısa təşkilat başqa bölgələrdə fəaliyyət göstərə bilməz, bilsə də gərək eyni inhisarçının əli ilə idarə oluna və sair.

 

İndi qalmışıq belə, bütün mövzular, problemlər, bölgələr kimlərinsə monopoliyasındadır. Bugün-sabah hərə bir mövzunu, problemi, bölgəni potentləşdirsə təəccüblənməyin.

 

Belə ki, möhtərəm mövzu inhisarçıları, arada qrantlarınızı bağlayın ki, başqalarına da su çatsın. Axı israfın da vaxtı İsrafilin surunun vaxtına kimidir, heç nə əbədi deyil.

 

Müəllif: Azər Musaoğlu