AFİQ MUXTAROĞLUNUN AYAQÜSTÜ DÜŞÜNCƏLƏRİ

 

Mən təxminən bir aydır Haaqada (flamandca Den Haag və ya Gravenhage) işləməli oluram. Bir iş mərkəzində xırda-para təmir işləri görürük. Mənimki də nədir? Ələk apar, sac gətir.

 

Haaqadan söz açılmışkən, kiçik bir arayış versəm yerinə düşər.

 

Haaqa Niderlandın paytaxtı olmasa da ölkə parlamenti, hökumət iqamətgahı buradadır. Haaqada kralın da müxtəlif təyinatlı iqamətgahları var. Niderlandın baş naziri işə əksəriyyət kimi velosipedlə gedib gəlir. Haaqada 150-dən çox beynəlxalq təşkilat bulunmaqdadır. Beynəlxalq Ədalət Məhkəməsi, Beynəlxalq Cinayət Məhkəməsi burada yerləşir. Xarici səfirlik və konsulluqlar da Haaqadadır. Təzəlikcə Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsinə bir abidə ucaldıldığı xəbəri də qulağıma dəyib.

 

Haaqa kosmopolit bir şəhərdir. Yoxsa mənəmi elə gəlir? Ürəyimə yatmayan bir şeyi də, öldür məni, üstümə ilan sal, bəyəndirə bilməzsən. Haaqa barədə məndən bu qədər. Qalanlarını da internetdən özünüz dəqiqləşdirin. Elə hər şeyi mənmi hazıra çıxarmalıyam, siz də hazır halva deyib oxuyacaqsınız eləmi? Oxucu olanda nə olur ki? Bir işin qulpundan da siz yapışın. Əlbəttə, son cümlələrin zarafat olduğunu mən deməsəm də göydə tutmanızdan əminəm.

 

İş mərkəzinin arxasında maşın dayanacağı var. İş mərkəzinin işçiləri və gələn müştərilər maşınlarını burada saxlayır, arxa qapıdan da binaya daxil olurlar. Düzdür, hərlənib ön tərəfdən girənlər də tapılır. Bu, bir növ sağ qulağını sol əlinlə göstərmək kimi bir şeydir. Arxa tərəfdə velosipedlə işə gələnlərin “dəmir atları”nı saxlamaları üçün xüsusi bir qurğu yerləşdirilib. Velosipedin qabaq təkərini qurğunun təkər yerinə keçirməklə onu rahat saxlamaq mümkündür. Velosiped sahibi miniyini saxladıqdan sonra onu qıfıllayır. Yoxsa yerini görərsən. Velosiped oğurluğu buralarda at oğurluğu kimi bir şeydir. Atı buxovlamırlarmı? Velosiped də Niderlandın atı hesab edilir. Mən də elə danışdım ki, bişmiş toyuğun da güləsi gəldi. Bəlkə “bişmiş balıq” desəm daha doğru olardı. Sağlıq olsun, bir başqa yazıda da belə yazaram. Guya burada at-zad qəhətliyidir. Atın ki, ən gözəli Niderlanddadır. Mövzudan kənara çıxdım, adamın ağzının cayıması buna deyirlər. Bir sonrakı yazımda velosipeddən, ondan sonrakında holland atlarından yazaram. Atam-anam ha yazma deyib, əlimə vurmur. Bu bir. İkincisi də, peşəmin adı nədir?

 

Mən bu yazımda iş mərkəzinin fəaliyyətindən, burada çalışan əsas işçilərdən danışmaq niyyətində deyiləm. Nə qəbul bölümündə növbə ilə bir-birini əvəz edən zənci və holland qızlardan, bir aydan çox işlədiyim müddətdə az-çox, üzdən də olsa tanıdığım holland, polyak, türk, qara rəngin müxtəlif çalarlarına malik iş adamlarından, nə də iş mərkəzinin sahiblərindən söhbət açmaq fikrim yoxdur. Yalnız bir nəfərdən danışacam. Həftənin üç gününü mərkəzin təmizliyini yapan zənci kişidən.

 

Orta yaşlı, elə boydan da orta, tösvər, bir az da şişman kimi görünən zənci velosipedini bayırdakı dayanacaqda çidarlayıb, zəncirləyir və ağa kefiylə velosipedin yük yerindən qırıq-söküyünü götürür. Qulağındakı iri qulaqcıqlar onu kosmonavtamı, tankçıyamı oxşadır, kəsdirə bilmirəm. Bir də ki, onun kimə bənzəməsinin, məncə, elə bir önəmi də olmamalıdır. Qırımından deyirsən ki, ləvənd oğlunun qırx eşşəyi sağıma gəlir. Onun iş saatı axşam beşdə başlayır və təxminən iki saat davam edir. Təmizlikçi işə on-on beş dəqiqə tez gəlir. İlk işi özünə avtomatdan kofe almaq olur. Kofeni işçilərin hər birinə verilən kartla alır. Mənə də, iş yoldaşlarıma da hər rastlaşanda mütləq kofe təklif edir. Dədəsinin bir şeyi ha çıxmır deməkdən özümü güclə saxlayıram. Amma adamın bu təklifi necə ürəkdən etdiyini görməyiniz gərək. Sanki bu adam bu hərəkətiylə öz varlığını, gərəkliliyini təsdiq etmək, mən təmizlikçi olsam da, içərimdə nəhəng bir insanlıq gizlənib demək istəyir.

 

Kofe səfasından sonra qəhrəmanımız işinin başına keçir. Sıfırıncı qatdakı masaları, qəbul bölümündəki hər şeyi gülə döndərir. Əllərinə taxdığı mavi əlcəklər kəpənək misalı bir yerdə dayanmır, bir əşyadan digərinə keçir. Təmizlikçiyə gərək olan hər şey əlinin altındadır. Bütün təmizlik nəsnələri – əskilər, zibil torbaları, şüşə, mebel, döşəmə, xalı-xalça təmizləyən dərmanlar, tozsoran, döşəməsilən və daha nələr üçrəfli arabasında düzülü, işlək vəziyyətdə. Hər şey yerli yerində, hər incəlik düşünülmüş. Bizim xadimə və ya süpürgəçi  adlandırdığımız təmizlikçilərimizin dədə-babadan qalma bir süpürgə, bir xəkandaz, bir vedrə və kir kəsdiyindən əsil rənginin necəliyi bilinməyən döşəməsilən əskidən ibarət klassik iş alətləri ilə müqayisədə qarabala zəncinin iş dəzgahı nə qədər müasir, nə qədər səliqəli, nə qədər zəngin, ən əsası da rahatdır. Zənci təmizlikçini bir neçə dəfə müşahidə etdikdən sonra niyə onun bu qədər halından məmnunluğunun məhz bu rahat iş şəraiti ilə bağlı olduğunu anlaya bildim. Həm də bizim təmizlik işçilərimizdən fərqli olaraq, gördüyü işin müqabilində bir ətək pul almağı onun bu qədər rahat olmasını şərtləndirən başlıca səbəb olmalıdır.

 

Bütün bu qeydləri gecikən maşını gözləyə-gözləyə telefonumun yaddaşına köçürürəm.

 

De, sağ olun, sağlıqla qalın. Mənim maşınım gəldi.

 

Afiq MUXTAROĞLU

Niderland, Haaqa