Deyirlər ki, tarix təkrarı sevmir, amma o özü müxtəlif hadisələrin təkrarından ibarətdir. Tarixdə baş verən hadisələr müxtəlif cür bu gün də təkrar olunur. Sadəcə olaraq həmin hadisələr o qədər adi hal alıb ki, nəzərimizdə öz aktuallığını itirib. Sadəcə bir-biri ilə bağlı iki tarixi hadisəni yada salaraq bu mövzuya toxunmağa çalışaq.

 

Bu hadisələr insan haqları uğrunda mübarizə və rasizmdir. İnsanlığın şüurlu bir cəmiyyət kimi formalaşmağa başladığı bir dövrdən insan haqları, hüquqları və öhdəlikləri aktual məsələ olmuşdur. Bu mövzuya aid çoxlu konvensiyalar, təşkilatlar yaradılmışdır. Məqsəd ən ali varlıq olan insanın hüquqlarını qorumaq olsa da, tarix bu gün də buna, sözün əsl mənasında, nail ola bilməmişdir. Bu günün özündə də bizim hüquqlarımız pozulur, amma biz buna göz yumuruq, hüquqlarımızı müdafiə etmirik, edə bilmirik və bunu olduğu kimi gələcək nəslə ötürürük. Hələ öz hüquqlarını müdafiə edə bilməyən ali varlıqlar olan insanlar bu dəfə tarixə heyvan hüquqları terminini daxil edib. Hələ insanların hüquqlarının tapdalanmağa davam etdiyi 21-ci əsrdə insanlar heyvanların hüquqlarının müdafiəsi üçün mübarizə aparır, mitinqlər, yürüşlər təşkil edir, təşkilatlar yaradırlar. Kimisi veqan,  kimisi vegeterian olur. Təbii ki, heyvanların da yaşamaq hüququ var, onların da qayğıya ehtiyacı var, amma gülməli olan hələ öz hüquqlarını müdafiə etməyi bacarmayan insanlığın başqa bir canlının hüquqları uğrunda mübarizə etməyidir.

 

Bizlər üçün itlərin mağazada sərbəst gəzməyi, avtobusda səyahət etməyi hələ qeyri-adi hal olarkən, dünyanın digər tərəfində insanlar heyvan hüquqlarını müdafiə etmək məqsədi ilə böyük təşkilatlar yaradırlar. Ötən günlərdə Qardabanidə mağazaya itin girməsinə qadağa qoyulduğunu gördükdə it sahibinin “hər yerdə itləri mağazaya buraxırlar, bircə Qardabani Avropadır, burada icazə yoxdur” deyə deyinə-deyinə getdiyinə şahid oldum. Deyəsən onun hələ Avropadakı heyvanlarla bağlı vəziyyətdən xəbəri yoxdur, Qardabanini ora ilə müqayisə edir. Qaldı ki, bu cür müqayisəyə, Qardabanini Hindistanla əlaqələndirmək daha düzgün olardı. Çünki burada da inəklərin hüquqları, demək olar ki, orada olduğu kimi qorunur, ən azından bu heyvanlar küçələrdə, parklarda, yollarda orada olduğu kimi azad bir şəkildə hərəkət edirlər. Bu mövzuda hindlilərdən tək fərqimiz inəyin ətindən qida kimi istifadə etməyimizdir. İtlərin mağazaya buraxılması məsələsində belə bir nüans da vardır ki, bunun əleyhdarları elə məhz digər müştərilərdir. Onlar itin qida məhsulları arasında dolanmasından şikayətlənirlər və bu onlar üçün qeyri-gigiyenik hal yaradır. Belə olduqda, bir tərəfdə heyvan, digər tərəfdə insan hüquqları qarşı-qarşıya durur.

 

Rasizm (irqçilik) mövzusuna gəldikdə isə, onu deyə bilərəm ki, nə qədər prevensiya olur olsun, rasist xarakter insanların daxilində həmişə mövcud olacaqdır. Həmişə xarici görünüşdən tutmuş geyim tərzinin müxtəlifliyinə qədər insan hər şeydə özünü qarşısındakından üstün tutur. Məsələn, Qardabanidə yaşayan hindliləri yəqin əksəriyyətiniz görmüş olarsınız. Şəxsən mən dəfələrlə onların irqçiliyə məruz qaldığının şahidi olmuşam. Mağazada dəfələrlə onların növbəsi əlindən alınıb, bəzi insanlar kassaya yaxınlaşanda onlarla arada xeyli məsafə saxlayırlar. Növbənin onların olduğunu dilə gətirəndə isə “bura bizim mağazadır”, “burada yerli bizik” kimi ifadələr işlədənlər də olur. Bunu deyən o yerli sakinlərdir ki, öz həmyerlisinə rasist düşüncələr bəsləyir, qaldı ki, fərqli bir ölkənin nümayəndəsinə. Günəşli havada 40 dərəcə isti olanda şortik geyinib, eynək taxanlara dırnaq içində baxanlar, təbii ki, dərisinin rəngi fərqli olanlara yuxarıdan aşağı baxacaqlar.

 

Bu aralar bəzilərinin gündəmini çinli ilə evlənən Marneulidən olan xanım zəbt etmişdi. Hamı tək məqsədin pul olduğundan danışır. Bəzilərini isə onların nə yeyəcəyi maraqlandırır. İrqçilik o qədər hiss etdirilir ki, tarixin həqiqətən bir təkrardan ibarət olduğunu aydın bir şəkildə görmək olur. Əslində hadisələri təkrar edən məhz insanlar özləridir. Çünki onlar yalnız texnikanı inkişaf etdirirlər, özlərini yox. Özlərini hər şeydən üstün tutan insan oğlu hələ öz haqlarını qoruya bilmədiyi halda başqa canlıların hüquqları uğrunda mübarizə edir, öz yaşadığı dünyada həyat şəraitini qaydaya sala bilməyənlər başqa planetdə canlı həyatın izlərini axtarırlar. Bəziləri özlərini o qədər üstün tutur ki, “Mənim hüququm o yerdə bitir, harada ki, başqalarının hüquqları başlayır” sözü onlar üçün “Mənim hüququm başlayanda hamının hüquqları bitir” ifadəsinə çevrilir. Ona görə də hindlilərin inəklərə hörmət etdiyi qədər özündən müxtəlif əlamətlərinə görə fərqlənənlərə hörmət etmir.

 

Çiyalə OSMANOVA