Kitabsevərlər kimlərdir?
Kitabsevərlər kitab oxumağı sevməklə yanaşı, kitab oxutdurmağı da sevənlərdir.
Kitabsevərlər üçün ən gözəl hədiyyə kitabdır. Yaxşı bir kitab hədiyyə etməklə kitabsevərlərə dünyanı bəxş etmiş olursan.
Kitabsevərlər üçün dünyanın ən gözəl qoxusu kitab qoxusudur.
Kitabsevənlərin ən yaxşı dostu da kitabdır – “Kitablar soyuq, amma etibarlı dostlardır” (Viktor Hüqo).
Kitabsevərlər üçün xəzinə, zənginlik, xilas olacağın ada kitablardadır, kitablardır – “Kitablar olmasaydı, mən səfalət və alçaqlıq içində qərq olardım (Maksim Qorki).
Kitabsevərlərin ən çox pul xərclədikləri də kitabdır. Əllərinə pul keçən kimi kitab alarlar.
Kitabsevərlər üçün kitabxanalar müqəddəs yerlərdir. Hamısının evində mütləq kitablarla dolu kitab rəfləri var. Kitab rəflərinin olduğu yerlər onlar üçün dünyanın ən rahat guşəsidir – “Kitabsız ev ürəksiz bədəndir” (Siseron).
Parklarda, kafelərdə, ictimai nəqliyyatda, istirahət yerlərində əllərində kitab görərsiniz kitabsevərlərin.
Kitabsevərlər həmişə təmiz olurlar, səliqəli geyinirlər, onlardan həmişə ətir qoxusu gəlir, gözəl üz qabığı olan təzə kitaba oxşayırlar.
Kitabsevərlərin ən böyük düşmənləri kitab sevməyənlərdir, kitab oxumayanlardır, kitabı cıran, yazan, kitabı yandıranlardır – “Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır” (Rey Bredberi).
Kitabsevərlərin qorxduqları yeganə insanlar həyatlarında bir kitab oxuyan insanlardır – “Tək kitablı adamdan qorx” (Bertran Rassel).
Kitabsevərlərin ən böyük arzusu hamının kitab oxuması, savadlı, bilikli, elmli, ədəbli, kitablı olmasıdır.
Kitabsevərlər çox gözəl danışarlar, çox gözəl yazışarlar, susanda da çox gözəl susarlar – “Mütaliə insanları bilikli, söhbətcil və hazırcavab edir (Frensis Bekon).
Kitabsevərlər ictimai yerlərdə – restoranda, nəqliyyatda, mağazada, növbədə özlərini apara bilirlər.
Kitabsevərlər insanları da sevərlər, heyvanları da, bitkiləri də...
Kitabsevərlərə kitab qurdları da deyirlər.
Kitabsevərlərin oğurladıqları yeganə şey kitab ola bilər.
Kitabsevərlər oxunmamış kitab kimidirlər, elə ki onları vərəqlədin – danışdırdın başqa dünyaya düşərsən, ölkələri səyahət edərsən, fərqli insanlarla tanış olarsan, yeni biliklər əldə edərsən və sair.
Kitabsevərlərin günləri də var – avqustun 9-u dünyada kitabsevərlər günü kimi qeyd olunur. Aprelin 23-ü isə – Ümumdünya Kitab Günü kitabsevərlər üçün ikinci bayramdır.
Təəssüf ki, bu gün kitabsevərlər Qırmızı kitaba düşmək üzrədir. Kitaba, mütaliəyə marağın azalması, yeni texnologiya, elektron kitablar və digər obyektiv və subyektiv səbəblər kitabın kitabını bağlamaq üzrədir.
Bizim kimi cəmiyyətlərdə hələ də kitabsevərlərə qəribə baxırlar, onların boş və mənasız işlə məşğul olduqlarını düşünürlər, onlara gülürlər, lağa qoyurlar...
Kitabsevərlərin sayının çoxalması yuxarıda sadaladığım və sadalamadığım gözəl xüsusiyyətlərə malik insanların çoxalması; pisliklərin, savadsızlığın, əxlaqsızlığın, ədəbsizliyin, yaltaqlığın, rüşvətin, mədəniyyətsizliyin, vandallığın, eybəcərliyin, mənəviyyatsızlığın, hərisliyin, cahilliyin və bu kimi digər pisliklərin isə azalması deməkdir.
Heç kitabsevərlərdən dünyaya, bəşəriyyətə ziyan gələrmi?..
Əlbəttə, mən kitab yüklü eşşəkləri nəzərdə tutmuram – “...ona əməl etməyənlər belində çoxlu kitab daşıyan ulağa bənzərlər” (Qurani-Kərim).
Qocasından tutmuş cavanına kimi, müəllimindən tutmuş fəhləsinə kimi kitabsevərləri dəstəkləməli, onların sayının artması üçün əlimizdən gələni etməliyik, onların kampaniyalarına qoşulmaq, oxumağın, mütaliənin təbliğində onlarla həmrəy olmalıyıq – “Bir mədəniyyəti yox eləmək üçün kitabları yandırmağa gərək yoxdur. Oxumağın qarşısını alın, yetər” (Rey Bredberi).
Azər MUSAOĞLU