Mən heç vaxt uşaqlarıma təntənəli doğum günü keçirməmişəm. Yumru yaşları dostlarıyla olublar, amma sıradan yaşlarda fərqli. Səbəbi anamdan gəlib. Bəlkə də zamanla bu dəyəri qiymətləndirməmişdim, indi yetkin yaşda yaddaş mənə anamdan çox şey deyir. Çox təəssüf ki, bu fikirləri onunla bölüşməyə əcəl imkan vermədi. Mənə qalan anamın özünəməxsus ailə qaydaları idi ki, mən bu fikri sizinlə bölüşürəm.

 

Uşaqlıqda qohum uşaqların AD GÜNÜ dedikləri məclislərə gedərdik. Adətən hədiyyələr alardılar, əksər hallarda billur qablar, dəsmallar, süfrələr, hətta oğlanlara da eyni hədiyyələr olardı. Sonralar bildim ki, analar öz aralarında belə qərarlaşırlarmış ki, evə lazım olan şeylər olsun. Qohum, qonşu, dost, tanış yığılardı. İki yerdə süfrə açılardı bizim uşaqlığımızda, çünki qadınlar içmirdilər, həm də söhbət mövzuları tutmazdı. Beləliklə, hamı deyər, gülər, yeyər, içər, kişilərin sağlıq badələrinin çıqqıltısı bu masadan o masaya keçərdi. Gecəyarıya qədər davam edən məclisdə səbəbkara qalan bəlkə təsadüfən kiminsə çaşıb aldığı oyuncaq, ananın ikigünlük süfrə hazırlığından qaynaqlanan uşağa diqqətsizliyi və gecəyarıya qədər pozulmuş uşaq rejimi, səs-küydən yatmayan, yaxşı yeməyən uşağın hələ sabahkı yıryığışda ananın uşağa yenə ayıra bilməyəcəyi zaman...

 

Mənim rəhmətlik anamın bizə heç ad günü yığıncağı etdiyi yadıma gəlmir. Yalnız mənə öz xahişimlə 11-ci sinifdə müəllimlər və şagirdlərlə birlikdə anamın deməyində “şükranlıq yığıncağı” elədi. Ad günü deyənlərə deyərdi: “Yox, ad günü deyil, şükr edək ki, böyüdü, məktəbi bitirdi”. Mən fevral doğumlu idim, yığıncaq iyunda, son zəngdən sonra oldu.

 

Hə, anam neylərdi, bizim istədiyimiz ən ümdə, yəni bizim üçün əlçatmaz ola biləcək bir şeyi söz verirdi ki, “yaşında düzələr”. Əgər bu söz deyildisə olacağı mütləq idi, hətta qardaşımın 16 yaşı vardı, ona söz vermişdi ki, səni turist kimi Türkiyəyə, Suriyaya yollaya bilərəm. Anam atama bilmirəm hansı yolla, necə pasport aldırdı və qardaşımı yollaya bildi. Axı söz vermişdi. Yəni ürəyində istədiyin arzunu doğum günü yerinə yetirməklə həmin günü bizə müqəddəsləşdirirdi.

 

Birinci kursda oxuyurdum, fərqli dəri gödəkcələr dəbdə idi. Fevralda atam məni gəlib maşınla Bakıdan Gürcüstana gətirdi. Getdik məşhur “Qızılhacılı alverçi”nin evinə. Qadın atama dedi:

 

– Ay sağolmuş, bunu dekabrdan gətirdibsiz, pulunu da veribsiz, gəlin aparın, dana.

Atam güldü:

– Bilirsən də, bizim komandirin öz planları var.

– Əşşi, razılaşmıram sizinlə. Bu qız o boyda universitetdə oxuyur, gərək ad günümü ola, yolla getsin.

– Bizim qayda pozulmaz.

 

Onda mən də gənc idim, həm də həyatın heç bir çətinliyini, qaranlığını görməyən bir gənc. Ürəyimdə qadınla razılaşdım. Heç həmin gün ailəcə başbaşa yeməyə getməyimizin romantikasını da anlamamışdım (amma indi həmin günün qayıtması üçün dünyaları verərdim).

 

Yanvarın 15-i semestr başlamışdı, mən Bakıya qayıtmışdım, fevralın 19-u məni atam geri gətirdi və səhəri qaytardı. Bir günü xatırlamaq üçün hər şey var idi həmin gün.

 

Böyüyəndə həyat xronologiyamızı xatırlayanda gördüm istədiyimiz bizə yaxşı olan hər şey doğum günlərimizə təsadüf edibmiş. Bunlar təsadüf deyildi, anamın hazırladığı ssenari imiş. O, bizə həmin günün xüsusiliyini aşılayırmış.

 

Rostovda əmim qızının toyuna getməliydilər. Qohumlar hər evdən iki nəfər planlayaraq dörd maşın getməliydi. Anam məni atamla yolladı, özü getmədi. Biz maşınla getdik. Qafqaz sıra dağları. Kazbeqi gözəlliyini qar uçqunun təhlükəsiylə keçdik. Qayıdanda xalamın anamı danladığını eşitdim:

 

– Vallah, başa düşmürəm, bu nə xasiyyətdir səndə. Nolsun ad gününə düşürdü, uşağı soyuqda sıldırım qayalarla hara yollayırsan?

 

Anam həmişəki kimi gülümsədi:

 

– Pismi oldu, yadda qalan gün oldu, heç yadından çıxmayacaq.

 

Fəqət anamı hamı başa düşmürdü. Uşaqlığım, gəncliyim anamın qoyduğu qaydalarla keçdi, heç ad günüm olmadı, amma o günü əbədiləşdirən 25 önəmli hadisə vardı.

Nişanlı olanda nişanlım böyük hədiyyələrə tərəf gedəndə deyərdim:

 

– Yox əşşi, neynirsən, qiymətləndirmək üçün bir qızıl gül bəs edər, təki orada səmimiyyət, sevgi olsun...

 

Bir ədəd qızılgülü çələng edib bir şirvan deyilən on min manata satdılar. Bax, elə həmin gün ilk dəfə ad günü hədiyyəsini ailəmdən yox, nişanlımdan aldım. Bu günə qədər də xüsusi günlərdə həmin gülün gələcəyini bilirəm.

 

İndi mən də gedirəm ad günlərinə. Xüsusən də uşaqların. Elə böyük fərq yoxdur bizim uşaqlıq dövrüylə. Sadəcə onda ayrı masalar olurdu, indi qadınlardan da spirtli içki içənlər var, indi kişilər arvad söhbəti, arvadlar kişi söhbəti edə bilir deyə masalar da qarışıq olub. Dəyişməyən bir uşaqlardır. Onlar bütün dövrlərdə uşaq olurlar, onları valideynin maraqları maraqlandırmır, öz arzuları, öz dünyaları var. Mən çox istərdim, uşaqlara hədiyyə alam, amma valideynin açdığı süfrənin zənginliyi pul verməyi tələb edir (kaş ki, imkanım olaydı uşağa da ayrı hədiyyə ala biləydim).

 

Baxmayaraq, ad gününə getsəm də mən uşaqlara ad günü yığıncağı etmirəm. Həmin günü xüsusi qeyd edirik – xüsusi gəzinti, səyahət, istədiyi əşya və s. Bir sözlə, həmin gün o uşağın olur, nə istəyir olur – bəzən şəhərdə, bəzən meşədə, bəzən ona daha maraqlı olan sahədə.

 

Yaxında qızımın ad günü idi. Ailəlikcə Tiflisi gəzdik, sonra özünün xahişi ilə Hopret-Yunan şəlaləsinə getdik və orada piknik etdik. Sonda qızım atasıyla mənim boynumu qucaqlayıb: “Yaxşı ki, varsız, yaxşı ki, mənim valideynlərimsiz. Sizi çox, çox, lap çox sevirəm”, - deyəndə hər ikimiz kövrəldik. Mən daha çox göz yaşlarımı saxlaya bilmədim, atası qızının ondan razı qalmağına və bunu qiymətləndirdiyinə kövrəlmişdi, amma mən ona kövrəlmişdim ki, mən heç vaxt bu fərqlilik üçün anama təşəkkür etməmişdim...

 

P.S.

 

Kaş ötən günləri qaytarmaq olaydı, film kimi yəni. Anam məni eşitsəydi, deyərdim ki, ana sənli yaddaşımın küncündə belə qalan hər xırda nöqtədən ibrət almışam. Həyatda yoxsan, amma hər əməlimdəsən!

 

Esmira ƏLƏKBƏRLİ