Heç birimizin bu günə və sabaha sağ qalacağımız üçün sığortası yoxdur. Nə baş verəcəyini əvvəlcədən bilmirik. Gələcəyimizə dair qurduğumuz planlar, xəyallar bəzən bir saniyə içində puç ola bilir. Bəlkə də həyatda tək gerçək ölümdür. Axı ölüm də həyatımızın bir parçasıdır.
Hər birimizin bu dünyada yaşamaq üçün müəyyən bir zaman dilimi var. Bəzilərimiz bu vaxtı dəqiqə və saniyələrinə kimi planlaşdıraraq yaşayırıq. Bəzilərimiz isə əksinə – həyatı gedişatına buraxırıq. Amma bəziləri üçün həyat heç də planlaşdırdığı kimi olmur.
Bəzən gözləmədiyimiz bir anda baş verən hadisə bizə həyatın nə qədər qısa olduğunu yada salır. Mən bunu keçdiyimiz günlərdə daha yaxşı başa düşdüm. Düzdür, həyatı dolu-dolu yaşamağa çalışıram, amma ətrafımda baş verən hadisələr buna imkan vermir. Hər gün yeni bir xəbər, yeni bir dəhşətli qəza xəbərləri və daha nələri eşitdikcə çox vaxt boşu-boşuna vaxt keçirdiyimi düşünürəm.
Çoxlarımız sosial şəbəkələrdən istifadə edirik. Yeniliklərdən xəbərdar oluruq... O gün kaş telefonu əlimə almayaydım. Səhər telefonda sosial şəbəkələrdə yaxınlarımın paylaşdıqlarına baxırdım. Həmin gün hər kəs o qız haqqında yazırdı. Onun şəklinə baxdıqda inana bilmədim. Bilmirəm bu hissi necə ifadə edim. Məgər ölüm, dünyadan köçüb getmək bu qədər asandırmı?..
Sosial şəbəkələrdə, xəbər saytlarında avtomobil qəzası nəticəsində universitet tələbəsi olan gənc qızın həyatını itirməsi hamını kədərləndirdi. Qızı tanıyırdım və salam-sağolumuz var idi. Hələ də onun həyatda olmamağına inana bilmirəm. Xəyalları, arzuları var idi...
Aradan 1-2 gün keçdikdən sonra yenə başqa bir avtomobil qəzası baş verdi. Bu dəfə vəfat edən gənc oğlan idi. Kim bilir, o nə xəyallar qurmuşdur, nə arzuları var idi...
Bu gənclər bəlkə də gələcəkdə tanınmış şəxslərdən olacaqdılar. Amma qismət deyilmiş. Bizim belə hadisələrdə dediyimiz, deyə bildiyimiz tək şey budur: “qismət deyilmiş”, ”onun da alın yazısı oraya qədər imiş”... Dilə necə də asan gəlir. Necə də “qismət” sözünü ağız dolusu ilə işlədirik. Bir şey olan kimi həmin dəqiqə adını “qismət” qoyuruq.
Amma düşünmürük ki, bu nə zamana kimi belə olacaq. Bu qədər avtomobil qəzaları baş verir. Artıq bu avtomobil qəzaları da dəb halına gəlib. Buna DUR deməyin vaxtı nə zaman gələcək? Daha neçə belə gənclər həyatını itirəcəklər? Tək gənclər deyil, o gəncin yerində uşaq, anamız, atamız, nənəmiz, babamız, biz də ola bilərdik...
Piyadanı maşınla vurana 5-6 il həbs cəzası verilir. Bəs bu 5-6 il həbs cəzası vəfat edən şəxsi geri gətirəcəkmi? Əlbəttə ki, xeyir. Düzdür, bəlkə digər sürücülərə bu dərs olacaq. Amma digər sürücülərə dərs olsun deyə daha neçə canlar qurban getməlidir. Olmazmı bu qəzaların baş verməməsi üçün başqa həll yolları tapıla, tədbirlər görülə. Axı nə vaxta kimi bir diqqətsizlik bir ömürə qalib gələcək?!.
Müəllif: Validə Fətullayeva