“Sine nobilitas” – qısa olaraq: snob.
Snob olmayanların bu sözdən xəbəri var, uzun-uzadı burada izah etməyə lüzum görmürəm.
Snob olanlar, onsuz da, snob olduqları üçün mütləq quqlda axtarış aparacaqlar; bilmək üçün deyil, özünü bilirmiş kimi göstərmək üçün.
Axı snobların təbiəti məhz bu cür üzvi və qeyri-üzvi aləmdən ibarətdir. İntellektual səviyyələri qurşaqdan aşağı olsa da, zövqləri dadbilmə reseptorlarından və doyma siqnalının səs-küyündən ibarət olsa da snoblar özlərini yüksək intellektli, incə zövqlü hesab edirlər (hər halda özləri buna səmimi-qəlbdən inanırlar).
Snoblar çanaqlarından çıxıb ona yuxarıdan aşağı baxır, dəblə ayaqlaşmağa çalışır, aristokrat maneraları təqlid edirlər. Snoblar kreditlə bəyənmədiyi təbəqənin sürmədiyi (daha doğrusu, alıb sürə bilmədiyi) avtomobili alıb sürür (məsələn, “BMW X5”ə qaz quraşdırıb elə sürür); kreditlə son model ayfon alır, amma bir dəfə də olsun görmürsən ki, kontur ala, zəng edə, qiyməti 5 399 larilik “iPhone 14 Pro Max”la “zəng buraxır”; toylara təkcə kostyum-şalvar geyinir, qalstuk taxır və imkanlıların, biznesmenlərin, pulluların, deputatların oturduğu masada oturur, məclisdə bu cür masa tapmayanda, uzaqbaşı, müəllimlərin yanında özünə yer edir; siqaretin ən bahalısını alıb aylarla ciblərində gəzdirirlər, “kruqa” düşəndə çıxarıb çəkirlər...
Bir sözlə, snoblar siqaret çəkməkdən maşın sürməyə, restoranda yemək yeməkdən mədəni tədbirlərdə iştirak etməyə qədər hamısını özlərini üstün, elit, intellektual təbəqəyə aid olduqlarını göstərmək, gözə soxmaq, təsəvvür yaratmaq üçün edirlər.
Amma danışdırsan özləri özlərini ifşa edəcəklər. Başında üç dənə intellektual biti olmayan snob sənə istənilən sahədən məlumat verəcək, istənilən mövzudan treninq keçəcək; şair-yazıçı olacaq, rəssam olacaq, bəstəkar olacaq, rejissor olacaq, dirijor olacaq, siyasətçi olacaq, biznesmen olacaq, stamotoloq olacaq, ginekoloq olacaq, veterinar olacaq, kinoloq olacaq, arxitektor olacaq, arxeoloq olacaq, arxı babasının çəkdirdiyini sübut etməyə çalışacaq, nəslini aparıb Rza şahın nəslinə calayacaq, qısası, özündən başqa hamı olacaq, hamını təqlid edəcək, təkrar edəcək, tutuquşuluq edəcək, meymunluq edəcək, memuarlar yazacaq, yazıçılar birliyinə üzv olacaq, rəssamlar ittifaqına üzv olacaq, hər il sentyabrın 22-də fillərin müdafiə günü ilə bağlı tədbirdə iştirak edəcək, sonra da zooparkda fillərlə şəkil çəkdirəcək, saçının daz yerinə tük əkdirəcək və sair, amma özü olmayacaq ki, olmayacaq. Nə göründüyü kimi olacaq, nə də olduğu kimi görünəcək...
Ətrafımız milli snoblarla doludur. Məsələn, bu milli ünsürlər dincəlməyə ehtiyac duyduqlarına görə yox, bəyənmədikləri, yuxarıdan aşağı baxdıqları, nifrət etdikləri təbəqənin dincələ bilməməsi üçün hər yayı istirahət üçün dünyanın dörd tərəfinə səpələnirlər. Bu bədbəxt snoblar dadından ləzzət aldıqları üçün yox, bəyənmədikləri, yuxarıdan aşağı baxdıqları, nifrət etdikləri təbəqənin suşi, istridyə yeyə bilməməsi üçün bu zir-zibili yeyirlər. Bu təqlidçi varlıqlar estetik zövq almaq, istirahət etmək, ruhlarını qidalandırmaq üçün yox, bəyənmədikləri, yuxarıdan aşağı baxdıqları, nifrət etdikləri təbəqənin teatra, operaya, baleta gedə bilməməsi üçün gedirlər (Dəbə, markaya, etiketə səcdə edən snobların ruhu kristallaşaraq yalnız maddi toxunuşla, təmasla cuşə gəlir). Onlar biliklərini artıqmaq, öyrənmək, tanımaq, zövq almaq üçün yox, bəyənmədikləri, yuxarıdan aşağı baxdıqları, nifrət etdikləri təbəqənin kitab oxumadığı üçün kitab oxuyurlar (Düzü, oxuyub-oxumadıqlarını dəqiq deyə bilmərik, amma kitabla şəkil çəkdirib sosial şəbəkələrdə paylaşmalarının hamımız şahidiyik).
Bizim bu milli snoblar hər şeylə məşğul olmağa, hər şeyin dadına baxmağa, hər yerə getməyə canla-başla (əslində isə kor-koranə) hazırdırlar, təki bəyənmədikləri, yuxarıdan aşağı baxdıqları, nifrət etdikləri təbəqənin adamları o işlə məşğul ola bilməsin, o şeyin dadına baxa bilməsin, o yerə gedə bilməsin və sair.
P.S.
Məncə, snob sözünün dilimizdə izahını ən yaxşı “Obastan” onlayn lüğəti verib: bambılı, layiq olmadığı mövqeni tutan adam. Bu yazı da elə bambılı, layiq olmadığı mövqeni tutan adamlar – snoblar haqqında idi.
Müəllif: Azər Musaoğlu