AFİQ MUXTAROĞLUNUN AYAQÜSTÜ DÜŞÜNCƏLƏRİ
Mən yenə böyük monitora bənzəyən şüşə vitrinlərin arxasından küçədə baş verənlərə gözümün ucuyla da olsa diqqət kəsilirəm. Bu gün “gelati Sima” kafesi ilə üzbəüz mövqedəyəm. İstər-istəməz kafedə baş verənlər, gəlib-gedən müştərilər gözümə sataşır.
Məkanın müştərilərinin çoxu qocalardır. O yaşda qocalar ki, biz belə qocalarımızı gözdən uzaq, könüldən iraq tutmaq istəyirik. Az qala onları evə qapadırıq. Onların hərəkətlərindən utanırıq. Yalan demirəm ki? Yalanım varsa, deyin. İnsan qocaldıqca onun bir çox keyfiyyəti – görməsi, eşitməsi, dadbilməsi və s. zəifləyir, hətta tamamilə itir. Əl-ayağı əsir, ağlı-huşu azalır. Qocanın gözünün eynəkli, əlinin əsalı, dişinin protez olmasında gizlədiləcək, utanılacaq bir şey olmamalıdır. Bu təbii bir şey.
Bizsə almanlardan fərqli olaraq, qocalığın bu təbii halını gizləmək istəyirik. Niyə? Bütün bunlar dünyanın hər yerində qocalığın əlamətləri deyilmi? Bunu Allah da görür, bəndə də.
Allah günaha yazmasın, çoxunun ayaq üstə qırxı çıxmış kimi. Sən bir bu qəbirdən xortlamışa bax. Sürünsə də, özünü çıxdaş hesab etmir. Əlini əsa-arabasının dəstəyinə yetirən kimi çarşıya çıxmaq istəyir. (Bu arabaya sahib olan qocanın kimsənin yardımına ehtiyacı da qalmır. Araba onu istədiyi yerə sürüyür. Mötərizədəki ikinci cümlənin xəbərinə görə günaha batdığımın fərqindəyəm). Qocanın niyyəti kafedə əyləşib gün keçirmək, tay-tuşlarla mırt vurmaq, ömrünün qürub çağını mənalı etməkdir. Bunun üçün də hər gün 5-10 avro pulun başından keçir. Nə böyük şeydir ki? Dəryadan bir damla misalı. Aldığı təqaüd onun ölümündən sonrasına da yetər. Bizim pensiyaçıların aldığı pulunsa başını kəsəndə canı çıxır. Bəzən alman qocalarının gündəlik çarşı seyri xərclədikləri məbləğ postsovet məkanında bir ailənin həftəlik xərcindən çox olur. Bəs nə etsinlər? Pulu gorlarına ha aparmayacaqlar? Allaha ağır getməsin, onsuz da bugünlük, sabahlıqdırlar. Koronovirus zəhrimar da bunlara bir yağı kəsilib. Ona görə qoca qırandır deyirlər də.
Bu andırın firinə-fiqurasına fikir verirsənmi? Makiyajı, köhnə deyimlə, ənlik-kirşanı usta əlindən çıxmışa bənzəyir. Yüzdə yüz səhər-səhər yolunu gözəllik salonundan salıb. Bəlkə də özünün əməlidir? Babalı öz boynuna. Elə bil qurulan, açarlı gəlincikdir, evdə açarını burub, küçəyə buraxıblar.
Göthe, Hegel, Kant, Feyerbax, Heyne, Şopenhauer, Fixte, Şiller, Bethoven, Bax kimi dahilərin – birdimi, beşdimi sayıb qurtarasan – vətənidir Almaniya. Bu dahilərin hərəsindən bir damcı götürmək yetərlidir ki, özünü bir insan kimi kamilləşdirəsən. Mən əminliklə deyə bilərəm ki, kafelərə toplaşan qocalar mütləq bu dahilərindən nələrisə əxz ediblər, yeri gəldikcə onlardan nəsə bir fikri söhbətlərinin gözünə qatırlar.
Bunların çoxu, qoca almanları deyirəm, Hitleri taxtda, ondan sonra gələnləri qundaqda görənlərdəndir. Hitleri gördüklərini indi əziz xatirə kimi tanış-bilişlərinə, oğul-uşaqlarına danışa da bilərlər. Səksəni-doxsanı haqladıqlarını yerişləri-duruşları da bəlli edir. Bu məntiqlə onların Hitlerin hakimiyyətdə olduğu dövrdə doğulduqlarını güman edirəm. Bunu mən özümdən düzüb qoşmuram, gördüklərimdən çıxış edib, söyləyirəm.
Uşaqlıqları savaş dövrünə düşmüş bu ixtiyarların çoxu ola bilsin ki, nasist partiyasının gənclər təşkilatının üzvü də olub. Həvəsə düşüb Hitlerin “Mayn kampf”ını əzbər də bilirmişlər. Zaman yaddaşlarını zəiflətsə də, beyinlərində o kitabdan nələrisə qoruyub saxlaya bildikləri şəksizdir.
Müttəfiq qoşunların əsgərlərinin onların yaxınlarını – analarını, xalalarını, bəlkə elə özlərini də necə zorladıqlarını xatırlamaya bilməzlər. Məğlub almanların məzlumluğunu da, başıaşağılığını da görmüş olmalıdırlar. Bölünmüşlük kompleksindən necə qurtulmalarını, xarabalığa dönmüş ölkələrinin necə şenləndirildiyini yaxşı xatırlamalıdırlar. Nədən ki, bütün bunlar onların cavanlığında, gözlərinin qarşısında baş verənlərdir. Almaniyanın müharibə xarabalığının altından silkinib çıxmasında onların hər birinin az və ya çox əməyi də olmalıdır. Sizə zarafat gəlməsin, iki müharibədə yeniləmək. Və bu məğlubiyyətdən sonra ayağa qalxmaq, heç nə olmamış kimi yoluna davam etmək. Bir neçə on ildən sonra isə qalib ədası ilə dünyaya alman möcüzəsi təqdim etmək.
Kreativliklərimi xarabalıqları abadlaşdırdı? Yoxsa praqmatik düşüncələri? Bəlkə ari irqinə məxsus olmalarına inam onları ayağa qaldırdı? Və ya dahilərindən ilhamlandılar? Bəlkə kilsə yol göstərdi? Ya alman qənaətcilliyi onlara yardımçı oldu? Burada alman dəqiqliyinin payı da olmalıdır, məncə. Hər nədirsə bu gün alman xalqı idmandan tutmuş siyasətə qədər, mədəniyyətdən iqtisadiyyatadək istənilən sahədə söz sahibidir. İstənilən mal və xidmətin alman keyfiyyəti nümunədir. Avropa standartı deyilənin dizaynerlərinin önündə gedənlərdən biri də iki dünya müharibəsindən böyük itkilər bahasına çıxmış Almaniyadır. Qısa bir zaman kəsiyində bu itkilərin yerini doldurmaq asandırmı? Bu gün Almaniya təkcə Avropanın deyil, dünyanın yeni şəkil almasında əsas söz sahibinə çevrilməyibmi? Bunların heç birinin şişirtmə olmadığı da bəlli.
Almaniyada iş saat kimi qurulub. Təmiz, pullu işlər almanlar üçündür. Onlar standartı müəyyənləşdirir, layihələndirir, gəlmələr də bütün kirli işləri həyata keçirirlər. Lazım olandan artıq, iş axtaran gəlmələr isə Almaniyanın küçələrində dolaşmaqdadırlar. Bir ucdan da axışıb gəlməkdədirlər. Təkcə Almaniyayamı?
Bunları alman qocalarının məzə çırtlamalarını seyr edə-edə düşünürəm. Və ortada bu qocaların kef etmələrinə mane olacaq bir şeyin olmadığını fikrimdən keçirirəm.
...Şükür, bu mövzunun da ağız-burununu toparlayıb, ölüm-zülüm başını günə gətirdim...
Afiq MUXTAROĞLU
Almaniya