Deyirlər yaxşı adam dar gündə tanınar. Bu fikir də mənim qəbul etmədiyim atalar sözlərindəndir. Mənim yaxşı günümdə olmayan kəs pis günümdə nəyimə lazım?! Deməli, o göz yaşımı görməyə gəlir. Mənim necə yandığıma tamaşaya gəlir. Mən bunun şahidi kimi yazıram...
Mən çalışıram həmişə adamların yaxşı günlərinə şahid olam, yanında olam. Pis hadisələr baş verəndə özü danışmasa soruşmaram. Əlbəttə, bu, biganəlik əlaməti deyil, sadəcə onun yarasının qaysağını qoparmaq istəmirəm. Məlhəm olmayacamsa, niyə qanadım!
Ərkim çatan yas yerlərinə isə getməyə, təbii ki, məcburam. Adətlərimizin bəzi ifratları xoşuma gəlməsə də qatlanıram. Son şahid olduqlarım isə məni necə məyus etdisə, dərdimi qələmə danışım dedim...
Nənəm danışardı ki, qayınanası Xədicə nənə vəsiyyət edibmiş: bax, olmaya-olmaya mənə başdaşı qoyasınız, müsəlmanın qəbri itməlidir. Arxamca da vay-şivən salmayın. Torpaqdan yaranan torpağa qayıtmalıdır. Xərcə düşüb ehsan-zad da verməyin, uzaqdan gələnlərə halva, çay verərsiniz.
Maraqla soruşmuşdum ki, dediyi kimi etdinizmi? – “Yox”, demişdi, – adımız, sanımız vardı, baban iki cöngə kəsdi, yeddi para kənd gəlmişdi, ehsansız ölümü götürmək olardı. Hələ başdaşı da qoydurdu, zamanaya görə sanballısını.
Mən kitablardan oxumuşdum ki, vəsiyyəti yerinə yetirməmək ədalətsizlikdən başqa da bir günahdır. İbadətkar axund qızına qarşı bu xatanı həmişə içimdə bir qırıqlıq kimi saxlayıram. Doğmalarımızı qəbiristanlığa ziyarətə gedəndə Xədicə nənənin hələ də itməyən 60 illik qocalmış məzar daşına babamın əvəzinə xəcalətlə baxıram...
Yaxşı münasibətimiz olan bir ailənin övladı qəza nəticəsində həlak olmuşdur. Nənəm demiş, “ələsət ayağı” idi. Kimsənin qapısını bəd xəbər döyməsin. Mən ora iki dəfə getdim. Nalə çəkən ananın fəryadı torpağı diksindirirdi. Bu dərdin böyüklüyü bir yana, ailəyə yaxın kişilər – əmi-dayı əl-ayağa düşmüşdülər – cöngə axtaran, bazarlığa gedən, kirayə qab-qaçıq gətirdən...
Başqalarını bilmirəm, mən xəcalət çəkirdim ki, doğmalar öz doğmalarının rahat oturub dərdini çəkə bilmirdilər. Bilmirdilər faciələrini yaşasınlar, yoxsa sabah yasa gələcək adamların yeyəcəyi ehsan məclisinin hazırlığına nəzarət etsinlər...
Mərhumu ata ocağından götürdülər, doğmalardan bir qismi dəfn üçün qəbiristanlığa getdi, digər qismi yasa gələnləri ehsan süfrəsinə dəvət etdi. Mərhum heç qəbiristanlığa çatmamış bəzən min nəfərə çatan pörtdəmə qazanları ehsan yeyənlərə paylandı. Təsəvvür edirsinizmi, ana, bacı göz yaşında qovrulur, dünyası başına uçub, biz buğlanan pörtdəməni yeyib, üstündən də qoğallı samovar çayı içib, süfrəyə nəzarət edən, masalar arasında narahat fırlanan qohumların yanından keçib, başsağlığı verib qayıdırıq.
Dərd sahibi bilmir dərdini çəkə, ya çəkdiyi xərcin yükünü. Hələ bu harasıdır, bunun üçü, yeddisi, qırxı, cümələri, qara bayramları... Axı maddi güc hamıda eyni olmur. Adət var deyə borclara qatlanan nə qədər dul qadınlar, atalar, analar saymaq olar...
Mənim tanıdığım ədalət sahibi olan Allahımız heç vaxt bu rəzaləti buyurmayıb və götürməz. Əsla!!!
Az-çox kitablar oxumuşam, bir az müsəlman ölkələrindən məlumatım var, mən belə qanunları yalnız bizdə bilirəm. Axund qızı olan Xədicə nənə deyərmiş ki, müsəlman qəbri itməlidir. Vay-şivən salmadan Allahın verdiyi taleyi alın yazısı kimi danəndə qəbul etmək lazımdır. Bəla baş verən ailəyə yaxınlar yemək bişirib gətirər ki, gözü yaşlıdır, onun ocaq qalayacaq taqəti olmaz. Ona mənən dayaq olarmışlar. Ehsan olaraq qonşu, qohum halva çalarmış. Xatirəsi xoş mərhumların adına bəzən el, bəzən də doğmaları bulaq çəkdirər, körpü saldırar, künbəz tikdirərmişlər.
Bax, budur bizim dinimizin aliliyi. İslamı terror deyə gözdən salanlara cavab üçün bu ibrət adətlərimiz varkən israfçılıq və ac nəfislik lazımmı?!
Kəndimizdən Narzan adlı bir oğlan Rusiyada özü üçün iş qurubmuş. Bir neçə il öncə anası rəhmətə gedib. Gəlib sakit şəkildə anasını öz doğmaları ilə aparıb dəfn edib. Kənar adamlara gedə bilərsiniz, gəldiyinizə görə təşəkkür edirəm deyibmiş.Yadımdadır ki, Narzanın etdiyi bu hərəkətə görə onu çox qınadılar, hətta sorağı Bakıyla bir oldu. Bütün ellilərimiz onu qınadı, bəziləri xristianlaşıb dedi, bəziləri vahabi dedi... Bilirsiniz o ana dəfn olunan şaxtalı qışdan sonra nə oldu?
Yaz sonu Narzan kəndə gəldi. Kəndin qəbiristanlığa gedən torpaq yolu bərbad vəziyyətdə idi. Yük maşınları o yolu qarda, palçıqda çətinliklə gedirdi. Onda inşaat rayonlarda belə inkişaf etməmişdir. O, gedib asfalt zavodu ilə danışıb, zamanına görə çox böyük məbləğlə kənddən xeyli aralı qəbiristanlığa müasir yol çəkdirdi. Sonra kəndin ortalığına gəlib cammata deyib ki, bu, mənim anama ehsan borcumdur.
O vaxtdan illər keçib, Narzan kəndə heç gəlməyib, amma bütün Ağməmmədli kəndi o yoldan keçərkən anaya rəhmət, oğula sağlıq arzu edir.
Dilimizdə “əzizinin ehsanı olsun” ifadəsi var. Dinimizin müsbət adətlərindən olan bu deyimə niyə əməl etməyək?! Onsuz da ürəyi parçalanan yas sahibi olmazmı öz doğmaları ilə rahat ölüsünü “urvatlaya”. Kənar adamlar tədricən gedib başsağlığı verib qayıda. Onsuz da “gözdən yaş çıxarmı ürək yanmasa”. Hamımız da bilirik ki, yasa gedənlərin əksəriyyəti “gəlib, getməliyəm” devizi ilə gedir. Hər nənənin, babanın adına bir ağac əkilsə, bir bulaq çəkilsə, hər nakam bir gəncin adı bir xeyriyyədə anılsa onlardan əbədi xatirə yaşayar, doğmaları maddi ziyana düşməz.
Adətləri insanlar özləri yaratdığı kimi, özləri də dəyişə bilər. Yəqin hər kəndin də öz Narzanları var...
Esmira ƏLƏKBƏRLİ