Dərs çalışmaq və səs-küydən uzaqlaşmaq niyəti ilə parka getmişdim. Elə yenicə özümə münasib bir yer tapıb oturmuşdum ki, yanıma iki göyərçin gəldi. Çantamdan çıxartdığım yeməyi onlarla bölüşmək qərarına gəldim. Onlar yeməyə başlamamış üçüncü göyərçin də özünü yetirdi. Hiss elədim ki, üçüncünün gəlməyinə elə də sevinmədilər. İkisi üçün də xoş deyildi bu vəziyyət, amma görünürdü ki, birini daha çox hiddətləndirmişdi. Simit qırıntıları yerə düşər-düşməz birinci göyərçin sonuncunu uzaqlaşdırmaq üçün əlindən gələni edirdi. Bu hal təxminən yarım saat beləcə davam etdi. Sonda elə oldu ki, üçüncü heç nə yeyə bilmədən yanımızdan uzaqlaşdı. Görünür onun uzaqlaşması birincini olduqca sevindirmişdi. Bu, qanadlarını fəxrlə çırpmağından, başını sağa-sola qürurla çevirməyindən açıqca hiss olunurdu. Necə hiss olunmasın axı?! Nə də olsa, onun üçün önəmli olan bir mübarizəni qazanmışdı. O, qazandığı uğura sevinərkən mənim getmək vaxtım yaxınlaşmışdı.

 

Parka ən yaxın olan avtobus dayanacağına gəldim. Bir yandan hər şeyin yanımda olduğundan əmin olmaq üçün çantamı qarışdırır, bir yandan da bayaqkı hadisəni düşünürdüm. Üç ədəd göyərçinin insanı bu dərəcədə düşündürməsi, sadəcə mənə yox, sizə də qəribə gələrdi, məncə.

 

Avtobusda oturarkən belə bu göyərçinləri ağlımdan çıxara bilmirdim. Bir az yenə düşündükdən sonra, sanki indiyə qədər nəfəs almağı unutmuşdum, dərindən nəfəs aldım. Bəlkə nəfəs almağı unutmamışdım, amma bir şeyi anlamaq üçün baxmağın deyil, görməyin lazım olduğunu parkda bir anlığına unutmuşdum. Bu kiçik, ancaq önəmli detalı xatırlamaq məni yenidən həyata döndərmişdi. Daxilimdə dahicə yazılmış bir tamaşanı izləmiş, onun ən incə detallarını sonradan anlamış, ən azından anladığını düşünən birinin sevinci var idi.

 

Əslində nələr izah etməyə çalışıblarmış dedim öz-özümə. Nə qədər də fərqində olmamışam o an. Başqa vaxt incəlikdən danışan, hər şeyə diqqətlə baxmalıyıq deyən biri, indi böyük bir səhnəni gözü-qulağı bağlı izləyibmiş sən demə. Açığı özümə heç yaraşdırmadım...

 

Bir az sonra fərqinə vardım ki, gördüyüm səhnəni bu qədər yaddaqalan edən o səhnədə bizi, insanları görmək idi. Məni bu qədər təəccübləndirən isə aramızdakı bu oxşarlıq idi. Başda anlamamağıma səbəb bir məqamı diqqətdən qaçırmış olmağım idi. Bu kiçik detal sadə dillə izah edilmiş hekayəni anlaşılmaz etmişdi mənim üçün: sonda gələnə bir şey yeməyə imkan verməyən, onu oradan qovan göyərçinin özü də heç nə yeyə bilməmişdi. Mübarizədə iştirak etməməsinə baxmayaraq, bütün qırıntıları digər, üçüncü göyərçin yemişdi. İlahi, bu ki, gündəlik həyatımızdan qısacıq, amma hər şeyi izah edən bir detal idi!

 

İndi başa düşdünüzmü, bu kiçicik varlıqların mənə nə anlatmaq istədiklərini? 

 

Bəzi insanlar bir işdə uğurlu olmaq istəmir, o işdə tək uğurlu olan o olsun istəyir. Bu istəklə hərəkət etdiyi andan etibarən özünü inkişaf etdirməyə yox, bu yolda addım atan insanların yoluna daş qoymağa yönəlir. Kimi isə məğlub etdiyini düşünüb sevinərkən özünün də bir şey qazanmadığının fərqinə varmır. Çünki özü də bilmədən onun hədəfi istiqamət dəyişir. Yavaş-yavaş xəbəri belə olmadan öz həyatında baş rol ikən başqalarının həyatında heç kəsin sevmədiyi pis qəlbli personaja çevrilir. O rolu qəbul etdiyi andan etibarən öz həyatından qovulur. Ancaq uzun yalvar-yaxardan sonra uzaqdan tamaşa etməyinə icazə verilir. 

 

Ən sonda bəzi şeyləri qeyd etməyi özümə borc bilirəm. Ola bilsin mən hər şeyə gərəksiz məna yükləyirəm, gördüyüm sadəcə adi bir hadisə idi. Amma yenə də buradan səhnə müəllifinə və bacarıqlarına heyran qaldığım aktyorlara dərin təşəkkürümü bildirirəm. 

 

Bu kimi tamaşalar sizə də maraqlı gəlirsə, nəzərinizə çatdırmaq istəyirəm ki, biletlər satışda yoxdur, saat və yer dəqiq deyil, tamaşaçı sayı bəlli deyil, tamaşanın adını öncədən öyrənə bilmirsiniz, bitdikdən sonra özünüz tapmalısınız. Tələb etdikləri isə sadəcə səssizliyə riayət olunması və diqqətdir.

 

Hürnisə ƏHMƏDOVA