Baba yurdu yeni ev timək üçün sökülürdü, hansı ki, nənəm o evə gəlin gəlmişdi. Hamı gözaydınlığı verərkən nənəmin kövrəldiyini hiss etdim. Qohumlar bunu sevinc göz yaşları kimi qiymətləndirdilər. Nənəm bir bəhanə ilə bağçaya tərəf getdi. Az sonra arxasıyca getdim. Nənəm bir ağaca söykənib gizlicə ağlayırdı, uzaqlara baxırdı. Belə baxışa kənddə “gözləri yol çəkir” deyirdilər. Məni görəndə bunu gizlətməyə çalışdı. Təəccüblü baxışlarımı görüb dedi: “Çox söyünürəm, a bala, amma divarlar üstümə gəldi. Elə bil daşlar dil deyir. Nəsə kövrəldim...”
Düzü, mən onda bunu o qədər də anlamamışdım.
O vaxtdan illər keçib. Nənəm də sağ deyil, amma bu gün qarşılaşdığım bir xatirə nənəmi yada saldı.
Bir yığıncağa gedirdik. Yolum oxuduğum məktəbin küçəsindən keçdi. Məktəbin yeni tikinti üçün müvəqqəti başqa məktəbə köçrüldüyünü bilirdim. Məktəbin küçəsindən keçəndə ekskavatorun yarımsökülüdə işlədiyini gördüm. Maşını saxlatdım. Dayanıb maşından söküntüyə tamaşa edirdim. Gözlərim yol çəkirdi. Həə, deyəsən divarlar üstümə gəlirdi, daşlar dil deyirdi. Göz yaşlarımı saxlaya bilmədim. Yoldaşım “sevincindən ağlayırsan yəqin, deyirlər bərabəri olmayan məktəb olacaq” deyərək mövzunu müsbətə yönəltmək istədi. Mən göz yaşlarımı silib kirimişcə pıçıldadım: “Xatirələrimi uçurdular...”
Yoldaşım dedi: “Sadəcə sən hər şeydə bədiilik axtarırsan. Adi bir haldır. Gündə minlərlə bina sökülür”.
Mən dinmədim, yadıma nənəm düşdü. Gec də olsa onu indi daha yaxşı anladım, anladım ki, hələ mənim dişimlə, dırnağımla yaratdığım evim deyildi, ictimai idi, mənim yox, bizim idi... Mənim xatirələrim əməyimin yox, zehnimin yadigarı idi. 11 il hər gün sevinclə getdiyim doğma məktəbimin xatirələri idi məni kövrəldən. Nənəm demiş, divarlar üstümə gəldi. Hörmətlə xatırladığım ocağın xatirələri qədər müəllimləri də müqəddəs idi mənim üçün.
Bu o məktəb idi ki, hər addımımda adını ucaltmışdım. Sanki 11 il bir film icmalı kimi yaddaşımdan bir anlıq keçdi – işıq sürətiylə. Məktəbimizdə yaratdığım “Təbriz” radio jurnalının sədası bir neçə il çəkmişdi. Şagirdlərin davamiyyətini, nizam-intizamını, üstünlüklərini obrazlı şəkildə hər şənbə təqdim edirdim. 15 dəqiqəni 15 saat narahatlığı ilə dinləyən şagirdlər də vardı, həftəni maraqla övladından hesabat istəyən valideynlər də. Kəndimiz böyük idi, məktəb ətrafı səs çatırdı, qıraqlar isə “Ortalıq” dediyimiz mərkəzə yığılırdı, həyəcan və maraqla gözləyirdi hər kəs. Şou proqramların hələ olmadığı bir zamanda mən bunu öz şagird dünyagörüşümlə bir Borçalı kəndində yaratmışdım. Məktəbimin uçurulan divarları o səsi qulağımda dayanmadan təkrar edirdi: “Diqqət, diqqət! Danışır Ağməmmədli orta məktəbinin “Təbriz” radio qovşağı”. Beləcə radiomuzun səsi ilə icmala başlayardım. Bütün kənd üçün valideyn iclası idi sanki. Uşaq yaşımda nə qədər dost, düşmən qazanmışdım...
Məktəbimizin ikinci mərtəbəsinin böyük dəhlizində “9 Aprel – 20 Yanvar” foto sərgisi yaratmışdım. Atam Bakıdakı bütün qohum, tanışlara xəbər etdi, Bakıdan xeyli qəzet, jurnal yolladılar. Hər iki Respublikanın azadlıq yolunda faciəsini əks etdirirdi sərgim. Sərgimin əks-sədası Tbilisiyə də çatmışdı.
Hələ VII sinifdə oxuyarkən Qələbə Günü söylədiyim “ Ana və poçtalyon” şeiri ilə veteranları ağlatmağım xeyli danışılmışdı. Hətta televiziyada da xronika getmişdi. Təəssüf ki, onda indiki kimi paylaşmaq yox idi. Mahnı, rəqs, dram dərnəkləri – bunlar bir yana, “Dan ulduzu” adlanan Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsinin ədəbi birliyinin üzvi idim – 12 yaşlı ən kiçik nümayəndəsi. Hətta qəzetdə yazılarım da çıxardı. Ən kədərli tərəfim də o idi ki, yazılarıma ciddi baxmırdılar, anamı tanıyanlar düşünürdülər ki, o yazır, ya yönəldir, tanımayanlar da hesab edirdilər ki, haradansa düzüb-qoşuram. Çox təəssüf ki, bu keçid dövrü dediyimiz zamanları əhatə edirdi, amma elə bu gün də uşaqlarımın yaradıcılıq işlərinə mənim müdaxiləm kimi baxanlar var, sadəcə indi istedadı nümayiş etdirmək üçün hər cür şərait var. Mənim kimliyimi bir anam, atam, bir də müəllimlərim dəqiq bilirdilər. Bir də, bu gün o ekskavatorun caynaqları arasında ovulan məktəbimizin divarları...
Mən bu gün elə bu andaca böyük nənəmi daha yaxşı başa düşürdüm. O, nə qədər güclü imiş, amma mən hönkürərək ağlamaq istədim. Dünyasını dəyişən müəllimlərim üçün ağlamaq istədim, arxa partada oturmaq istədiyim halda məni hökmlə ön partada oturtmaq istəyən nənəm üçün ağlamaq istədim. “Bax, hərfləri gözəl yaz, o sənin xəttin olacaq, nə qədər səliqəli, gözəl olsa ömrün də elə qəşəng olacaq” deyən anam üçün ağlamaq istədim... Sonra gözümü sildim. Həyat davam edirdi. Geri baxdım, məktəbin önündə, məndən arxada məscid vardı, amma mən xeyli gerini gördüm. Anam da yox idi, anam qədər neçə əzizlərim də, amma var olanlar da vardı, varlığına sevindiklərim də. O divarlar mənim xatirələrim idi, uçdu, dağıldı, amma xatirələrimdə mən yaşayacağım qədər yaşayacaq...
Məktəbimin yerində yeni xatirələri yaşatmaq üçün yeni divarlar ucalacaq.
Yeni yolun mübarək, mənim kəndim, mənim məktəbim!
Arzu edirəm sənin də divarlarında elə xatirələr yazılsın ki, dastan olsun!
Yaşayacağım ömrün hər günündə səninləyəm!
Esmira ƏLƏKBƏRLİ