Şinel – xüsusi biçimdə tikilmiş əsgəri qış paltosudur. Dünyadakı bir çox silahlı qüvvələr tərəfindən istifadə olunur. Hərbi xidmətdə olarkən iki qış mövsümündə daşıdığım şineldən bu yadımda qalıb: o, arada-sırada Dnestr qoxuyurdu. Dnestr – mənim hərbi hissəmin yerləşdiyi və əsgər məktublarıma ünvan olan Tiraspol şəhərindən keçən çayın adıdır. Moldav dilində Nistru adlanır. Futbol azarkeşlərinin yaddaşında qalmış olar: paytaxt Kişinyovun eyniadlı futbol komandası da var idi. Nədənsə daim uğursuzluqların izlədiyi autsayderlər sırasında olardı.

 

Bir zamanlar o şinel mənə hətta Stalinin şinelini də xatırladırdı və bir payız günü Dnestr üzərindəki körpüdə birdən-birə dağınıq fikrimdən keçmişdi ki, sürgünlərə məruz qalmış şairlərin ruhları o şinellərin arazbarı açılmaq bilməyən düymələrində necə həbs olunurmuş! Bəlkə elə bu səbəbdən dünya şairləri-yazıçıları bədənlə ruh arasındakı əlaqə qırılmalarını, bağlantı kəsintilərini bərpa eləmək cəhdləri ilə yaşamaqdadırlar, yazmaqdadırlar.

 

...Amma sözümüzün qürbət-qərib canına qayıdaq.

 

Unudulmaz Mirzə Cəlilin “Qurbanəli bəy” hekayəsinin epiqrafında deyilir: “Qoqol, Allah sənə rəhmət eləsin”. Lakin niyə məhz Qoqol? Əlbəttə, bunu söz sahibinin özü bilərdi. Təxmin etdiklərimiz özümüzdə qalsın.

 

Qoqol haqqında başqa çox məşhur ifadələr də var ki, onlardan biri Dostoyevskiyə məxsusdur; belə buyurur: “Biz hamımız Qoqolun “Şinel”indən çıxmışıq”. Bu qanadlı ifadənin fransalı tənqidçi Ejen Voqyuenə məxsus olduğunu da iddia edənlərlə işimiz olmaz. Dahi Dostoyevski “Şinel” deyərkən, təbii ki, əsgəri qış paltarını deyil, unudulmaz Qoqolun “Şinel” povestini nəzərdə tuturdu. Yəni qələm insanları olaraq bu yazıçılığın hansı hövzələrdən qaynaqlandığını, hansı mənbələrdən baş alıb gəldiklərini və haralara varıb getdiklərini nəzərə çatdırırdı. “Biz” – yəni Dostoyevski özü, Turgenev, Tolstoy və sairə. Təsəvvür edirsiniz. Bilirəm. Yəni o vüqarlı Söz dağlarının, obrazlılıq, emosionallıq, canlılıq sərraflarının (və biz tərəflərin təbirincə: ustad – şəyird münasibətlərinin) haralara borclu olduğunu incələyirdi.

 

Mən Qoqolun “Şinel”ini ilk dəfə mərhum Mikayıl Rzaquluzadənin tərcüməsində, illər sonrası orijinalda, bizim günlərdə isə qələm dostum Etimad Başkeçidin çevirməsində oxumuşam. Hər dəfə də, eynən Mirzə Cəlil sayağı, Qoqola rəhmət diləmişəm.

 

Kimin ağlına gələrdi ki, günlərin bir günü Süsən-Sünbüldə Qoqolun tərəfdarı ilə əleyhdarı arasında dava düşə? Amma düşdü; özü də necə?

 

Dava salanın biri Mirzə Qələm idi. Onu tanıyırsınız. Biri isə Səfil Tacir Tiflisi idi. Yox, onu tanımırsınız. İndi tanıdım:

 

Səfil Tacir Tiflisi. Doğrudur, biz tərəflərdə tənqidbaz-kritikan adam bolluğudur, amma Səfil Tacir Tiflisidən olmaz! Səfil Tacir Tiflisi bəlkə də şair ola bilərmiş, tarixçi, coğrafiyaşünas, filban, jonqlyor ola bilərmiş. Amma öz “talant”ını, “istedad”ını bu sahələrdə sınayıb, uğur qazanmadığını görərək kritikan oldu. Kim gəldi xızdıyıb tökür. Hansı mövzuda deyirsən bıdır-bıdır ötür. Poetik sintaksis, poetik fiqur tanımaz. İşarə, rəmz bilməz. Puldan başqa heç nəyi olmayan adamdır. Onun pulları olan yerlərdə saflıq, təmizlikmi olar? Əlbəttə, olmaz! “Tiflisi” təxəllüsü də o demək deyil ki, o, Tiflis əmirliyi dövrü Tiflisilərinin yapıncısından, boxçasından, qaraçuxasından (ya da Qoqol “Şinel”indən) çıxıb. Qətiyyən!

 

Ən çox da Qoqolu tənqid edir. Deyir onun adını buralarda tamamilə silmək lazımdır! Çünki o, bizim “Ölü canlar” sirrimizi dünyaya faş eləyib. Bunu da iddia edir ki, Mirzə Ələkbər Sabir də Qoqolçu olub və elə bu üzdən də indi onun, yəni Səfil Tacir Tiflisinin, adını daşıdığı babası Səfil Taciri “Səfil Tacir deyir ki...” adlı şeirlə ifşa eləyib:

 

Bir neçə ildir ki, uyub işrətə,

Bilməmişəm əmri-ticarət nədir?

İndi deyirlər: tacir, borcun da var...

Çox da var, ondan mənə xiffət nədir?

Xiffəti qeyrətli edər, mən ki, hiç

Bilməmişəm dəhrdə qeyrət nədir?!

 

P.S.

 

...Duyğuların cazibəsinə qapılmaq sənətinə – yəni ədəbiyyata vurulmağa dəyirmiş! Füzulinin, Nəsiminin, Vaqif Səmədoğlunun, Vaqif Bayatlının duyğular dünyasında yaşamaq nə eşqlər gətirirmiş!

 

Başda gələn də İnsan məhəbbəti!

 

...İndi de görüm, sən kimin “şinel”indən çıxmısan? Əlbəttə, əgər sirr deyilsə...

 

İBRAHİMXƏLİL