İşə gedəcəyim umusuyla evdən çıxıram. Maşınımın gəlmə vaxtıdır. Dayanacağa göz gəzdirirəm. Yoxdur. Telefonuma baxıram. Bəlkə zəng ediblər və ya mesaj yazıblar. Yeni bir şey gəlməyib. Yəqin yollar yüklü, haradasa maşın sıxlığına, tıxaca düşüb.
Günəşli bir yaz səhəri. Kanal boyu yavaş addımlarla irəliləyirəm. Onsuz da maşın həmişə bu yolla gəlir, qarşılaşarıq.
Salxım söyüdlərin saçını sular yalayır. Saman sarısı saçaqları sabahın sazağında dalğalanır. Söyüdlərin sarılığı sularda əks olunur. Suların aynasında öz gözəlliklərini görüb məmnun qalsalar da, onların utancaqlıqları, həyadan başlarını aşağı salmaları gözümdən yayınmır. Qabığına sığmayan puçurlarının pırtdayıb çıxması an məsələsi.
Maşın hələ də ortalıqda görünmür.
Qabaqda üç qaşqaldağın yol keçmək istədiyini, maşınların dayanaraq, onlara yol verdiyini məmnunluqla izləyirəm. Bəzən bu quşların qəfil maşınların yoluna çıxması onların həyatını bitirir. Bundan sonra sürücü yüz təəssüflənsin, nəyi dəyişə bilər? Onların peşmanlıqları öləni diriltmir, gedəni geri qaytarmır. Sürücülər də qınanılası deyil. Kimi gözləsinlər? Öz yolu ilə hərəkət edən velosipedlərimi, piyada keçidinə ayaq basan yayaqlarımı, arxadan həyacan siqnalı verən təcili yardım maşınınımı, yoxsa yol hərəkəti qaydalarına məhəl qoymayan dovşanları, tülküləri, növbənöv quşlarımı?
Bu heyvanlarla, quşlarla istənilən şəhərdə, günün istənilən saatında qarşılaşa bilərsiniz. Elə gəzib, dolaşırlar ki, görən deyər, bu şəhəri bunların dədələri salıblar, insanlara da onlarla birgə yaşamağa icazə veriblər. Kanallara, parklara dədəmalı kimi yiyələniblər. Niyə də özlərini bu cür aparmasınlar ki? Dəyən yox, dolaşan yox, tüklərinin ütülüb şişə taxılmaq, tavaya girmək kimi bir qorxuları da heç yerli-dibli yox. Üstəlik ac qalanda özləri tapıb yedikləri bir ayrı, insanların ayından-oyundan verdikləri də bir ayrı. Amma orasını da deyim ki, quşların bəzi məkanlarda insanlar tərəfindən yedirilməsi yasaqdır, bunu da həmin ərazidə quraşdırılmış qadağan nişanları sənə xatırladır və sən buna əməl etməlisən. Nə qədər təbiət vurğunu-filan olsan da, qanunun tələbinə əməl etməsən cərimə yeyə bilərsən. Bu da belə.
Mənim maşınım heç üfüqdə də görünmür.
Kanal boyunca hər addımbaşı dənlənən, günəşlənən yaşılbaş ördəklər gözə dəyir. Bəs bunların xanımları hara cin-bata çəkiliblər? Heç kanalda da üzmürlər? Verdiyim suala özümün də gülməyim tutur. Burada bir gülüş smailiki nə yaraşardı. Amma haradan alasan. Yəqin yaşılbaşların xanımları kürt yatırlar. Vaxtdır-vədədir. Bugün-sabah yumurtaları dəlib dünyaya gələcək ipək tüklü cücələr böyüklü-kiçikli hamının sevinc qaynağı olacaq. Yazdır. Quşların bala çıxaran vaxtı.
Maşınım gələnə oxşamır.
Oturacaqlardan birinə çöküb kanalda tək-tənha üzən ququşuna baxıram. Qu hara, təklik hara? Tayı buralarda olmalıdır. Axı bunlarınkı “getmə gözümdən, gedərəm özümdən”dir. İynə ha deyil itə. Onun tayını tapmaq məqsədiylə kanalı eninə-uzununa gözdən keçirirəm. Yaxınlıqdakı çoxmərtəbəli iş mərkəzinin ən uzağı beş-altı addımlığında, kanalın üstündən keçən körpü ilə sahilin yaratdığı düzbucağın ortasındakı pambıq ağı topanı bir göz qırpımında gözüm alır, axtardığımı tapmışdım. Ququşu da kürt yatırdı. Balaçıxarma mövsümündə qular təhlükəli olur, ötüb-keçənlərə hücum edirlər. Öz balalarını qorumaq instinkti onları belə davranmağa təhrik edir. Quları stresdən, insanları onların təhlükəsindən qorumaq üçün bələdiyyə onların yuvalarının üç tərəfini xüsusi torla çəpərləyib, quruya çıxışlarını əngəlləyir. Görünür hələ xəbərləri yoxdur və ya çəpər çəkməyin vaxtı yetişməyib.
Artıq maşının gəlməyəcəyinə əminəm.
Yaz günəşinin bədənimə işləyən ilıqlığı elə bil çiyinlərimdən aşağı basır, bütün varlığımı qəribə bir şəkildə bürüyür. Kirpiklərim ağırlaşıb qapanmaq istəyir. Elə bu məqamda kanalın nisbətən gözdən uzaq bir yerində, sahildən dörd-beş addım aralıda, çör-çöp qalağının üstündə iki qaşqaldağın səylə yuva qurduğu və ya köhnə yuvalarını sahmana salmaq üçün əl gəzdirdikləri diqqətimi cəlb edir.
Haradansa uçub gələn, alabəzəkliyi ilə klouna bənzəyən tutuquşunun zəhlətökən səsi, hara gəldi özünü dürtən, harda aş, orda baş olan, əlinə keçəni çinədanına dolduran şəvə qarası qarğaların qarıltısı mənim yerimdən qalxmamı, evin yolunu tutmamı tezləşdirir.
Maşınım da gəlib çıxmadı.
Pis-yaxşı bu yazı alınır, onu bu günün qazancı saymaq istəsəm də içimdəki narahatlıq bitmək bilmir.
Müəllif: Afiq Muxtaroğlu
Niderland Krallığı
29 mart 2021-ci il