GEDİŞ-GƏLİŞ

28. GƏMİLƏRİ GƏLMƏZ SAYA 

 

 

Niderlandın dəniz ölkəsi olmasını bilirsiniz. Şimal dənizi bu ölkənin 451 km ərazisini öz dalğaları ilə yumaqdadır. Üstəgəl gəmiçiliyə yararlı çayları, yüz kilometrlərlə uzanan kanallar şəbəkəsi ilə Niderlandı Avropanın bir dəniz ölkəsi kimi təqdim etməyə imkan verir. Hollandların tarixən yaxşı dənizçi və gəmiçi olduqları bəllidir. Sözarası, dənizçiliyin və gəmiçiliyin bu ölkənin insanlarının xarakterində yenilməzlik, barışmazlıq, mübarizlik kimi izlər buraxdığını da qeyd edim. Müstəqilliyini elan etdikdən sonra Niderland əhalisi bu bacarıqlarını daha da gəlişdirmiş, gəmilərinin sayını artırmış, uzaq-uzaq ölkələrə səfərlərə çıxmış, dünyanın dəniz ticarətində, yük daşımalarında sanballı paya sahib olmuşdur. Bu ənənə bu gün də davam etməkdədir və ölkənin iqtisadi inkişafının məhək daşıdır. Ərazi baxımdan dünyada 124-cü sırada qərarlaşan Niderland iqtisadiyyatının səviyyəsinə görə dünya ölkələri arasında 16-cıdır. Möcüzə göstəricidir, elə deyilmi? Bunu nə qədər ölkənin əlverişli coğrafi mövqeyi ilə, iqtisadiyyatın düzgün təşkil olunması ilə əlaqələndirsək də, bu uğurların arxasında Niderland insanın yenilməz iradəsinin, onun nizam-intizama tabe olmasının, zəhmətə qatlaşmasının əlamətlərini görə bilərik.

 

Yuxarıda deyilənlərə dayanaraq biz hollandları “dənizçi xalq” kimi xarakterizə edə bilərik. Gəmiqayırmada bir sıra yeniliklərə imza atan hollandlar həm də yeni gəmi növləri – tyal, vlibot, xolk və s. icad etmələri ilə adlarını tarixə yazdıra bilmişlər. Niderlandda təxminən on min əvvələ aid qayıq qalığının aşkar edilməsi ölkədə dənizçiliyin tarixinin qədimlərə gedib çıxdığını təsdiqləyir. Hələ qədim dövrlərdən bu ərazidə yaşayan əhali arasında qayıqlara, gəmilərə hörmət o dərəcədə idi ki, ölən qadınları və kişiləri öz qayıqlarında və ya bu qayıqların daşdan hazırlanmış oxşarlarında dəfn edirdilər. Dəfn mərasiminin bu şəkildə icra olunması əhali arasında dənizçilik kultunun yaranmasından xəbər verir. Ölüləri qayıqlarda dəfn etmə gələnəyi dünyanın fərqli coğrafiyalarında da müşahidə edilmişdir. Niderlandda gəmilərə belə bir qutsal münasibətin varlığı Azərbaycanın Gəmiqaya, Qobustan kimi qayaüstü abidələrindəki ayin-ritual əhəmiyyəti daşıyan gəmi təsvirləri ilə səsləşir. Bu sahənin araşdırıcıları üçün ipucu ola biləcəyini düşünərək bu fakt barədə bir qədər geniş danışmalı oldum.

 

Dənizçilik texnolojisində də onlar öz sözlərini deyə bilmişlər. “Astronomik həlqə”, Markator proeksiyası kimi yeniliklər məhz bu xalqın adı ilə bağlıdır.

 

Niderlandda gəmiqayırmanın, dəniz ticarəti və balıqçılığın sürətli inkişafı İngiltərə ilə rəqabət şəraitində baş verirdi. Bu isə dənizlərdə ağalıq üstündə onların arasında XVII-XVIII yüzilliklərdə dörd dəfə müharibəyə gətirib çıxarmışdır. Bu müharibələrdə yenilməsinə baxmayaraq, Niderland dəniz ölkəsi statusunu bu gün də qorumaqdadır. Yeni torpaqlar, yeni gəlir mənbələri uğrunda mübarizəyə qoşulan Niderland böyük uğurlara imza ata bilir. Qərbi Afrikada, Şimali Amerikada, Karib hövzəsində, Cənubi Amerikada, Cənubi Asiyada, Uzaq Şərqdə yeni kaloniyaların əsasını qoya bilir. Bütün bunlar gəmiqayırmanın sürətli inkişafı fonunda baş verirdi.

 

Niderland gəmiqayıranların təcrübəsinə ayrı-ayrı ölkələrdə də böyük maraq göstərmiş, ondan bu və ya digər dərəcədə yararlanmağa çalışmışlar. Rus çarı I Pyotrun bu məqsədlə Niderlanda gəldiyi, təğyiri-libas olub, başqa adla gəmiqayırmanın sirlərinə yiyələndiyi də məlumdur. Görünür gənc rus çarına cəbr, həndəsə və hərb elmlərini öyrədən holland mənşəli müəllimi Timmerman belə bir səfərə maraq oyatmışdır. Onun Saardam şəhərinə yerləşdiyi və burada bu sirləri öyrənərək vətəninə qayıtdığı, Rusiyanı dəniz dövlətinə çevirmək üçün donanma yaratdığı, həmin donanmanın da iştirakı ilə savaşlar apardığı məlum tarixi gerçəkliklərdir. I Pyotr bu islahatları ilə Rusiyanı böyük dəniz dövlətinə çevirə bilmiş, bundan sonra Rusiya imperiya, I Pyotr isə imperator elan edilmişdir.

 

Niderland yaxta istehsalı sahəsində bu gün də dünyanın irəlidə gedən ölkələrindən biridir.

 

Niderland bu gün də dünyada dəniz ticarət donanmasının xüsusi çəkisinə görə liderlərdəndir. 550 əsas gəmi. Donanmada ümumilikdə losman, yedək və kabotaj gəmiləri ilə birlikdə 1000 gəmi var. HISWA-nın (Milli Yaxta Assosiasiyası) məlumatına görə, ölkə sularında 174 min, quruda isə 100 min kiçik gəmi var. Yəni o 100 min gəminin sahibləri ondan fasilələrlə istifadə edirlər. Yalnız lazım gələndə onu suya endirir, müəyyən vaxt ondan yararlanır, lazım olmadıqda isə onu quruya çıxarırlar.

 

Bu gün Niderlandda gəmilərin idarə olunması, gəmiqayırma, yük daşımaçılığı və s. ixtisaslar üzrə bakalavr və magistr təhsili verən xeyli təhsil müəssisəsi də fəaliyyət göstərir. Bu sahədə təhsil alanlar arasında əcnəbilər də çoxdur. “Çörəyi çörəkçiyə ver, birini də üstəlik” demirikmi? Elə işi də biləndən, ustasından öyrənmək ən doğru yoldur. Bunu da ona görə deyirəm ki, bəlkə gələcəyini dənizlə bağlamaq istəyənlərimiz var. Niderlanda gəlib istəklərini gerçəkləşdirə bilərlər.

 

İş elə gətirdi ki, mən 2020-ci ilin yanvarından Niderlandın Zuid Hollanda (Cənubi Hollandiya) əyalətində yaşamalı oldum. Rotterdamın Avropanın ən böyük limanı olduğunu da bilirdim. Əyalətin Rotterdam bələdiyyəsinə tabe olan Hoogvliet rayonunda yaşadığım evin eyvanından Oude Maas çayında gecə-gündüz demədən hərəkət edən gəmiləri, bərələri seyr etməkdən doymurdum. Yaşadığım binanın yaxınlığından keçən bu çayın sahilindən gəmilərin keçişini müşahidə etdiyim vaxtlar da olurdu. Qarşımdan keçən gəmilərin hansı ölkəyə aid olduğunu müəyyənləşdirməyə çalışırdım. Nə gizlədim, gözüm daima Azərbaycan, Gürcüstan bayraqlı gəmilər axtarsa da, bu istəyimə nail ola bilmədim.

 

Dünyanın dörd bir yanından gələn gəmilər Rotterdamda dayanır, nəfəslərini burada dərir, gətirdikləri yükləri boşaldır, elə burada da təkrar yüklənir, təkrar dünyanın dörd bir tərəfinə üz tuturdular. Böyük gəmilərin Avropaya gətirdiyi yüklərin ünvanına çatdırılmasında kiçikli-böyüklü bərələr günün istənilən saatında bir-birinə macal vermirmiş kimi ora-bura tələsirdilər. Gecələr yaşadığım mənzilin eyvanından bu gəmilərin sayrışan işıqlarını görürdüm, heç o səmtə baxmasam da gurultularını eşidirdim. Elə bu işıqlarla, bu gurultularla keçib gedən gəminin böyüklüyünü-kiçikliyini, yüklü-yüksüz olmasını müəyyənləşdirmək istəyərək, koronaviruslu günlərin boşluğunu əyləncəyə çevirirdim. Hərdən bu gəmilərin yük daşımalarından nə qədər qazanc götürdüyünü, ölkənin büdcəsinə nə qədər gəlir gətirdiyini də hesablamağa çalışırdım. Kasıbın peşəsi varlının pulunu hesablamaq deyilmi? Bu həqiqəti beynimdən keçirməyim belə məşğuliyyətimə mane ola bilmirdi. Nə yalan söyləyim, hesablamalarım milyardlara dayananda bu ölkəyə həsəd də aparırdım. Gəmilərin hərəkətini sürəkli izləməklə yanaşı, tez-tez “su yoluna döndəriblər” ifadəmizi də xatırlayırdım. Hərdən beynimdə su yolunun, su nəqliyyatının ucuzluğu da qığılcım kimi parlayırdı.   

 

Nə demək olar, Allah kişilərin çörəyini də sudan verib, su yolundan verib, suda yaşayan balıqdan verib. Balıq istəyənin də ayağı suda gərək. Halalları olsun. Hollandlar uzun müddət dəniz nəhənglərinin – balinaların ovlanmasında da öz sözünü deyə bilmiş xalqdır. Sadəcə beynəlxalq qınaq onları bu məşğuliyyətlərindən məhrum etmiş, balina ovçuluğu hollandlar üçün arxaik peşəyə çevrilmiş və bu peşənin holland xalqının tarixi ilə məşğul olan, dənizçilik tarixini araşdıran tarixçilər üçün faktdan başqa bir dəyəri qalmamışdır.

 

Afiq MUXTAROĞLU

Niderland