Parlaq Gələcək Gənclər Mərkəzi 2023-cü ilin noyabrında təsis olunub. Mərkəz Bolnisi munisipalitetinin Xidisquri kəndində yerləşir. Təhsil mərkəzini yaratmaqda məqsəd gənclərin təhsillə bağlı planlarının, eyni zamanda boş vaxtlarının səmərəli keçirilməsində onlara dəstək olmaqdır. Mərkəz məktəblə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərərək yeniyetmə və gənclərə dəstək olur, onların təhsildə üzləşdikləri çətinliklərin və maneələrin aradan qaldırılması istiqamətində mühüm işlər görür. Təhsil mərkəzində riyaziyyat, məntiq, rus dili, ingilis dili və məktəbəqədər hazırlıq kursları mövcuddur. Yaxın gələcəkdə gürcü dili və ədəbiyyatı, həmçinin Azərbaycan dili və ədəbiyyatı kursları təşkil olunacaq. Mərkəzdə musiqi, rəsm və teatr dərnəkləri fəaliyyət göstərir. Kursların fəaliyyətindən nəinki Xidisquri (keçmiş Həsənxocalı), həmçinin Muxrana (keçmiş Daşlıqullar), Balaxuri (keçmiş Səyalıoğlu), Çapala (keçmiş Qoçulu) və Naxiduri ( keçmiş Arıxlı) kəndlərinin gəncləri də yararlanırlar. Təhsil mərkəzi eyni zamanda müxtəlif təlimlər, görüşlər və tədbirlər üçün platforma rolunu oynayır. Belə ki, mərkəzdə təhsil və inkişafla, həmçinin gənclərin cəmiyyətə inteqrasiyası istiqamətində maarifləndirici görüşlər təşkil olunur. Qadınlar, onların problemləri ilə bağlı təlimlər mütəmadi olaraq keçirilir və böyük auditoriyaya malikdir. Bu cür görüşlərin keçirilməsində əsas məqsəd erkən evlilik, onun yaratdığı problemlər haqqında lazımi məlumat vermək və həlli yolunda müzakirələr aparmaqdır. Eyni zamanda qadınlarla bağlı müxtəlif mövzularda maarifləndirici görüşlər təşkil olunur. Təhsil mərkəzində bu cür görüşlərin keçirilməsi ənənəvi xarakter daşıyır. Təhsil mərkəzinin gəncləri müntəzəm olaraq intellektual bilik və idman yarışlarında iştirak edirlər. Həmçinin milli və dövlət bayramlarının, mühüm tarixi günlərin geyd olunması, gənclərin belə tədbirlərə cəlb olunması mərkəzin iş funksiyasının əsas təməllərindən biridir.
Parlaq Gələcək Gənclər Mərkəzinin pedaqoji kollektivi yüksək səviyyəli mütəxəssislərdir. Təhsil mərkəzinin təsisçisi və rəhbəri Araz Musayevdir. O, 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirdikdən sonra vətənə qayıdaraq Muxrana ümumi məktəbində kimya-biologiya müəllimi kimi çalışmağa başlayıb. Daha sonra riyaziyyat fənnindən baş müəllim statusu almışdır. Araz Musayev eyni zamanda Azərbaycan Diplomatik Akademiyasında (ADA) magistr proqramı üzrə təhsil alır. Məhz onun əməyi və əzmkarlığı nəticəsində 2022-ci ildə 11 nəfər gənc Gürcüstanın nüfuzlu universitetlərinə qəbul oldular. Araz müəllim Parlaq Gələcək Gənclər Mərkəzini yaratmaqla gənclərin intellektual və mədəni inkişafı istiqamətində məqsədyönlü və səmərəli fəaliyyət göstərməkdədir.
Mərkəzin ən dəyərli pedaqoqlarından biri Əhmədalı Babaşovdur. O, Faxralı kəndində doğulub böyümüşdür. Orta məktəbi bitirdikdən sonra təhsilini Xəzər Universitetində davam etdirmişdir. O, maliyyə-kredit ixtisası üzrə ali təhsil almış və vətəninə qayıtmışdır. 2018-2020-ci illərdə Gürcüstan Texniki Universitetində riyaziyyat üzrə magistr təhsili alıb. 2019-cu ildən Faxralı kəndində yerləşən 2 nömrəli tam orta məktəbdə riyaziyyat fənnini tədris edir. Əhmədalı müəllim eyni zamanda Savaneti (İmirhəsən) kəndində də çalışır. 2019-cu ildə ən yüksək nəticə ilə riyaziyyat üzrə baş müəllim statusu almışdır. 2020-2021-ci illərdə Gürcüstanın Avropa Universitetində 60 kreditlik proqram üzrə təhsil alıb. Əhmədalı müəllim riyaziyyat və məntiq fənlərini yüksək səviyyədə tədris etməklə şagirdlərinin etibar və sevgisini qazanmışdır. Onun şagirdləri Gürcüstanın ən nüfuzlu universitetlərində təhsil alırlar.
Təhsil mərkəzinin ingilis dili müəllimi Rəksanə Şıxıyevadır. O, Azərbaycan Dövlət Dillər Universitetini bitirdikdən sonra iş fəaliyyətinə Gürcüstanda başlayıb. Rəksanə müəllim Azərbaycan Diplomatik Akademiyasında magistr proqramı üzrə təhsil alır. O, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində də ingilis dilini yüksək səviyyədə tədris edir.
Təhsil mərkəzində çalışan müəllimlərdən biri də Şahvələd Nəbiyevdir. O, Dmanisi rayonunun Dunus kəndində doğulub böyümüşdür. 1995-ci ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirib vətənə qayıtmış və Dunus kəndində iş fəaliyyətinə başlamışdır. 2006-cı ildən Dunus ictimai məktəbində direktor vəzifəsində çalışır. Şahvələd müəllim riyaziyyat fənni üzrə qabaqcıl müəllimdir. 2016-cı ildən etibarən müəllimləri imtahana hazırlayır, trener kimi çalışır. Müəllimlərin peşə bacarıqları və riyaziyyat fənnindən imtahana hazırlığında xüsusi xidmətləri var. 2016-2017-ci illərdə Təhsil Nazirliyində Direktorlar Şurasına üzv seçilib və azərbaycandilli məktəbləri təmsil edir. Şahvələd müəllim bir sıra kitabların müəllifidir. “Riyaziyyatdan stolüstü məlumat kitabı”, “Riyazi terminlər lüğəti”, “Müasir təlim metodları”, “Peşə bacarıqları”, “Ümumi qabiliyyət” adlı kitablar Şahvələd müəllimin əməyinin məhsuludur. Onun yaxın günlərdə abituriyentlər üçün “Ümumi qabiliyyət” kitabının ikinci nəşri çap olunacaq.
Parlaq Gələcək Gənclər Mərkəzi az müddətdir fəaliyyət göstərməsinə baxmayaraq təhsil və inkişaf istiqamətində önəmli işlərə imza atıb. Ümidvaram ki, təhsil mərkəzi daha uzun illər fəaliyyət göstərəcək və daha böyük uğurlara nail olacaqdır. Parlaq Gələcək Gənclər Mərkəzinə fəaliyyətlərində uğurlar diləyirəm!
Leyla YUSİFOVA