(Tarixi-etnoqrafik qeydlər. 2-ci yazı)
Əsas mövzumuza keçməmişdən qabaq əski türk xalqlarında şəxsin bir neçə ada malikliyi barədə az-çox məlumatımız olduğunu bir daha vurğulayaq. Ailədə verilən addan sonra şəxsin cəmiyyətdə göstərdiyi hünərə, bacarığa uyğun ad qazanması vacib şərtlərdən idi. O üzdən ki, ikinci və hətta daha çox ad qazanması şəxsin cəmiyyətdə yüksəlişinin, hörmət sahibi olmasının, fikrimizcə, onun sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşmasının təminatçısı olurdu. Tayfa ağsaqqalından aldığı, ola bilsin ki, tayfa başçısının və ya tayfanın bu işlə məşğul olan xüsusi şurasının təsdiqlədiyi ikinci ad ailədə verilən adı unutdurur, şəxs cəmiyyətdə qazandığı yeni adıyla tanınmağa başlayır, sosial iyerarxiya pillələrində onun irəliləməsinə yardım edirdi.
İnsanın ilk adı, elə sonradan qazandığı ikinci adı qədər ayaması, ləqəbi də onun həyatının biçimlənib şəkillənməsində mühüm əhəmiyyətə malikdir. Ləqəblər şəxsin fərqləndirici xarici əlamətlərinə, mənəvi dünyasına xas olan xarakterik cəhətlərinə, eləcə də peşəsinə görə kənar müşahidəçilər tərəfindən verilir, bəzi hallarda isə özünün şəxsi istəyi ilə qəbul edilir, əksər vaxtlarda rəsmi ad yaddan çıxır və şəxs ləqəbiylə, ayamasıyla tanınırdı. Həmin ləqəbi səsləndirmək kifayət edirdi ki, söhbətin kimdən getdiyi bəlli olsun.
Adın dəyişdirilməsinin və ya şəxsin başqa adla çağrılmasının digər bir səbəbi də var idi. Cılız, tez-tez xəstələnən uşaqlar ad dəyişiminə məruz qalırdılar. Belə uşaqların “cin dəyməsinə”, “şəpənin vurmasına”, “bədnəzərə gəlmələrinə” inanırdılar. Uşaqları bu bəlalardan xilas etməyin əsas yöntəmlərindən biri onların adlarının dəyişdirilməsi, yeni fərqli bir adla çağırılmaları idi. Görünür əski insanlar bununla şər qüvvələri çaşdıracaqlarını, onların uşağı yeni adıyla tanımayacaqlarını düşünürmüşlər.
İndi isə ad seçiminə diqqət yetirməmiz gərəkdir ki, bəhs etdiyimiz mövzunun bütövlüyünü təmin edə bilək.
Uşağa ad seçərkən, əski türk xalqları, gümanımızca, dağa-daşa düşməmiş, çətinlik çəkməmişlər. O üzdən ki, adqoyma yaranmış, artıq oturuşmuş ənənələrlə həyata keçirilirdi. İlk öncə, yeni doğulmuşa vermək üçün ailənin özünəməxsus hazır, dədə-baba adları var idi. Ailə başçısının tövsiyəsiylə bu adlardan uyğun gələn birini uşağa verirdilər və bu məsələ asanlıqla həllini tapırdı. Bəzən hələ uşaq dünyaya gəlməmişdən ailədə onun hansı adı daşıyacağı bəlli olurdu. Sadəcə bu ad uşağın cinsinə görə dəyişə bilərdi.
Uşağın hansı fəsildə, günün hansı qismində doğulması, necə bir havada dünyaya gəlməsi də adqoyma mərasimində müstəsna rola malik idi. Qədim türk düşüncəsinin gerçəkliklə bağlılığını nəzərə alsaq adqoyma prosesinin bu təbii hadisələrlə əlaqəsini üzərə çıxara bilərik.
Əski əcdadlarımız qutlu-müqəddəs saydıqları səma cisimlərinin adlarını uşaqlarına verməklə həmin planetin himayəsində olacaqlarını, eləcə də onların xüsusiyyətlərinə sahib olacaqlarını güman edirdilər və cinsindən asılı olaraq, yeni doğulmuşlara ad seçirdilər. Ən çox müraciət edilən Ayla, Günəşlə, ulduzlarla bağlı adlardan bu məqsədlə geninə-boluna istifadə olunurdu.
Yuxarıda ötəri də olsa vurğuladığımız gerçəkçi, praktik türk düşüncəsi uşaq doğulduğu saatda havanın necə keçməsindən də adqoymada yararlanmış, yeni doğulmuş uşağa Qaryağdı, İldırım kimi adlar vermişdir.
Uşağın doğulduğu məkanın, coğrafi mühitin də adqoyma adətlərimizdəki rolu danılmazdır. İnsanlar onları əhatə edən, fasiləsiz yaşayış nəticəsində doğma yurda çevrilən, vətənləşən və onların dünyagörüşündə müqəddəslik qazanan dağ, dəniz, çay, hətta binə, kənd, şəhər adlarını uşaqlarına verməkdən məmnunluq duymuş, bu adların həmin uşaqları müxtəlif bəlalardan hifz edəcəyinə inanmışlar. Düşünürük ki, Dağlar, Dəniz, Qafqaz, Xəzər, Araz, Təbriz kimi adlar bu düşüncənin məhsulu olaraq meydana çıxmışdır.
Oğlanlara verilən Dəmir, Polad, Daşdəmir kimi adlar gələcəkdə bu adların daşıyıcılarının qəhrəman, yenilməz olmaları arzusu ilə bağlı meydana çıxmışdır. Bu da əski çağlarda hər bir kişinin həm də döyüşçü olması ilə bağlı praktik düşüncənin məhsulu sayılmalıdır.
Qızlara verilən Çəmən, Çiçək, Lalə, Bənövşə kimi adlar qadın incəliyinə, qadın gözəlliyinə bir işarə sayılırdı. Elə bu onomastik vahidlərin dilimizdə mövcudluğuna əsaslanaraq, əcdadlarımızın ad seçərkən, çətinlik çəkmədiklərinə haqq qazandıra bilərik. Sanki ulu babalarımız yeni doğulmuşlar üçün ad seçərkən, heç özlərini zora salmamış, təbiətin onlara təqdim etdiyi hazır adları mənimsəyərək, bununla kifayətlənmişlər.
Qədim türk xalqlarının mifik təsəvvüründə hər bir rəngin özünəməxsus, müstəsna dəyəri var idi. Bu rənglər – qara, ağ, qırmızı və sair rəng bildirməkdən əlavə bir çox semantik məna da daşıyırdı. Rənglər türk xalqlarının dünyagörüşündə coğrafi cəhətlərdən tutmuş insanın hiss və duyğularının müxtəlif təzahürü kimi özünü göstərirdi. Rəng bildirən sözlərdən şəxs adlarının yaradılmasında da istifadə olunmuşdur. Ağca, Qara, Qaraca, Sarı kimi adları buna misal göstərə bilərik. Bundan başqa rəng bildirən sözlərdən şəxsin əlamətinə görə, fərqləndirici işarə kimi istifadə olunduğu bəllidir. Bu məqsədlə ağ, qara, sarı, göy, hətta qırmızı sifət bildirən sözləri ləqəb-ayama olaraq şəxsin rəsmi adının qarşısına əlavə edirdilər.
Onomastikamızda azsaylı mənfi semantik yüklü adlar bu gün də qalmaqdadır. Ancaq düşünürük ki, qədim dövrlərdə mənfi mənalı şəxs adları daha çox olmuş, şəxs adlarımız arasında xüsusi çəkisi ilə seçilmiş, tarixi inkişafın sonrakı mərhələlərində bu adların istifadəsi məhdudlaşmışdır. Bəs əcdadlarımız öz övladlarına nəyə görə bu cür adlar qoymuşlar? Yeni doğulan uşağa mənfi mənalı ad seçmənin öz səbəbləri var idi. Onlardan bir neçəsini örnək olaraq burada verməmiz gərəkdir. Məsələn, Altay türkləri 12 illik heyvan təqviminin sonuncu – donuz ilində doğulan uşaqlara mənfi mənalı, qeyri-etik adlar verirdilər. Qədim Altay türklərinin düşüncəsinə görə, donuz ilində doğulan uşaqlar daha tez xəstəliklərə tutulduqlarından, hətta bu ildə doğulan uşaqlar arasında ölüm halları daha tez-tez baş verdiyindən yeni doğulmuş körpələrə məhz mənfi mənalı adlar verilməli idi ki, şər qüvvələr, şər ruhlar onlara yaxın düşüb, sədəmə yetirə bilməsinlər.
Müasir dövrümüzdə nadir hallarda da olsa mənfi semantikaya malik şəxs adlarından istifadə edilməkdədir. Bu adlardan bəzən ənənəvi ailə adları kimi istifadə edilir, yəni əcdadın adı nə qədər mənfi mənalı olsa da, onu ailənin yeni doğulmuş üzvünə verməklə əcdadın adına, ruhuna ehtiram ifadə olunur. Digər tərəfdən də bu cür adların uşağa qoyulması qədim inanclarla bağlı az-çox yaşamaq hüququ qazanır.
Antroponimikamızda Dilən, Dilənçi, Yolçu, hətta Yetim adlarının olması danılmaz faktlardır. Yeni doğulanlara bu tipli adların qoyulması, adətən, qədim inanclardan qaynaqlanırdı. Oğlu olmayan və ya doğuşdan sonra körpə ikən ölən ailələr gələcəkdə doğulacaq oğullarına bu adlardan birini qoyacaqlarını əhd edib, dilək tuturdular. Elə Dilən, Dilənçi adları da məhz “dilə” felindən yaranmış adlardır. Düzdür, bu söz başqalarının hesabına tüfeyli həyat yaşayan sosial qrupun fəaliyyəti nəticəsində sonradan mənaca genişlənmişdir. Mətləbdən uzaq düşmədən deyək ki, oğlu olmayan və ya olub durmayan ailənin üzvlərindən biri – nənə, baba, ata, ana dünyaya gələcək növbəti oğlan uşağının doğulmasından əvvəl əhd edib, dilək tutur ki, ailənin yeni üzvü oğlan doğulsa və sağlam ömür sürsə, yeddi ailədən, yeddi məhəllədən, hətta yeddi kənddən dilənəcəm və uşağa Dilən, Dilənçi adlarından birini verəcəm. Qədim inanclardan çıxış etsək, bu, yeni doğulmuş uşağın şər qüvvələrdən, bəd ruhlardan qorunması məqsədi güdmüşdür. Görünür, insanlar uşağa bu cür adlar verməklə şər qüvvələri, bəd ruhları çaşdıracaqlarını güman etmiş, dilənçilik statusunu qəbul etdiklərini bildirmək istəmişlər. Şər qüvvələrin gözəgəlimli nəsnələrə, insanlara daha çox yaxınlaşdığını düşünən əcdadlarımız bu qüvvələrə özlərini yazıq, yararsız kimi təqdim edərək, onları rəhmə gətirəcəklərini, bununla da yeni doğulmuş körpəni xilas edəcəklərini ifadə etmişlər. Sözarası qeyd edək ki, bu cür dilənçilik etmiş ailələr eyni məqsədlə dilənən şəxslərə “özümüz dilənmişik” – deyərək, onları əliboş yola salmalı idilər. Əski təsəvvürlərə görə, onlar məhz belə hərəkət etməli, özlərinin dilənçilik statuslarını qorumalı idilər ki, şər qüvvələr, bəd ruhlar, xəstəlik, ölüm onların dilənçiliklə əldə etdikləri uşağa yaxın düşməsin.
Sonda zəruri bir qeydimiz də var. Tarixi-etnoqrafik qeydlər adı altında təqdim etdiyimiz bu yazıları xalqın yaddaş saxlancında yaşayan inamlarımızı tutalğac, dəlil kimi götürərək, araşdırmışıq. Dünya xalqlarının bu və ya buna bənzər örnəklərini burada vermək istəməmiz uzunçuluqdan yayınmağa çalışmamızla bağlıdır. Elmi ədəbiyyatda bir müəllifin əsərindən digərinin əsərinə ötürülən iqtibasları yazımızın gözünə qatmaqdan qaçmaq cəhdlərimizi təvazökarlıqdan uzaq saymayacağınız düşüncəsi ilə yazımızı nöqtələyirik.
Afiq MUXTAROĞLU