Gürcüstanda uşaq yaşda nikah və nişanlanma hələ də ciddi problem olaraq qalmaqdadır. Gürcüstanın Xalq Müdafiəçisinin ən son parlament hesabatında (“Gürcüstanda insan hüquq və azadlıqlarının müdafiəsinin vəziyyəti haqqında – 2025”) qeyd olunur ki, ötən illə müqayisədə bu il yetkinlik yaşına çatmayan hamilələrin sayı artıb, lakin yetkinlik yaşına çatmayan valideynlərin sayı azalıb.

 

“Milli Səhiyyə Agentliyinin məlumatına görə, 2025-ci ilin yalnız 11 ayının göstəricilərinə əsasən, 436 yetkinlik yaşına çatmayan hamilə qeydə alınıb, 2025-ci ildə isə ümumilikdə 287 yetkinlik yaşına çatmayan valideyn uçota alınıb”, – deyə Ombudsmanın hesabatında bildirilir.

 

Xalq Müdafiəçisi yazır ki, araşdırılan işlərə əsasən, uşaq yaşda nikah hallarına qarşı effektiv reaksiya verilməsi problemi hələ də özünü büruzə verir:

 

“Xalq Müdafiəçisi illərdir ki, yetkinlik yaşına çatmayanların nişanlanması və ya nikah məqsədilə bağlanan sövdələşmələrin kriminallaşdırılmasının zəruriliyini göstərir, lakin effektiv mexanizmlərin yaradılması istiqamətində 2025-ci ildə də kəsərli addımlar atılmayıb”.

 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Xalq Müdafiəçisi Təhsil, Elm və Gənclər nazirinə tövsiyələrlə müraciət edir və tələb edir ki:

 

Məktəb administrasiyası nümayəndələri üçün uşaq nikahı hallarının aşkarlanması, effektiv reaksiya verilməsi və müvafiq qurumlara yönləndirilməsi ilə bağlı vahid Standart Əməliyyat Prosedurları (SOP) təsdiq edilsin.

 

Qadınlara qarşı zorakılıq və/və ya məişət zorakılığı qurbanlarının müəyyən edilməsi, onların müdafiəsi, yardımı və reabilitasiyası məqsədilə həyata keçiriləcək tədbirlər üçün standart əməliyyat prosedurları hazırlansın və təsdiq edilsin.

 

Mənbə: edu.aris.ge