Qardabani Gənclər Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu gün Qardabanidə Xocalı soyqırımı yad edilib.
“Yeni Yol” xəbər verir ki, Xocalıda həlak olanların xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirin aparıcısı İsə Xəmmədov çıxış üçün Qardabani Gənclər Mərkəzinin icraçı direktoru Hacı Hacıyevə söz verib.
H.Hacıyev tədbir iştirakçılarını salamladıqdan sonra soyqırımın bir tək Azərbaycan xalqına qarşı deyil, həmçinin bütün insanlığa qarşı işlədilmiş bir cinayət olduğunu deyib.
Sonra “Beez” Uşaq Teatrının qurucusu və bədii rəhbəri Binəli İslamoğlunun ssenari müəllifi və rejissoru olduğu “Ana laylası” adlı tamaşa nümayiş etdirilib.
Tamaşadan sonra Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev çıxış edərək Xocalı soyqırımının dünyadakı hüquqi yerini tapması üçün Azərbaycan hökumətinin apardığı fəal işlərdən danışıb, Prezident İlham Əliyevin güclü siyasəti və müzəffər Azərbaycan ordusunun yenilməzliyi nəticəsində bütün şəhidlərin qisasının alındığını vurğulayıb.
Türkiyə Cümhuriyyətinın Gürcüstandakı səfirliyinin din işləri müşaviri Əhməd Ərdəm də öz çıxışı zamanı Türkiyənin Azərbaycanla qardaş ölkə olduğunu və Azərbaycana hər zaman dəstək olmağa hazır olduğunu, bunu 44 günlük Vətən müharibəsində də göstərmiş olduğunu qeyd edib.
Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri və müxtəlif qeyri hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.
Tədbirin sonunda Xocalı şəhidləri adına ehsan süfrəsi təşkil edilib.