Yazıya başlamamışdan qabaq bilməyənlər üçün qeyd etmək istəyirəm ki, qəzetimiz yanvar ayından çap olunmur, yalnız PDF olaraq qəzetin saytında – yeniyol.ge-də yayımlanır. Səbəbi mən deməsəm də özünüz başa düşdünüz yəqin ki – yenə maliyyə yoxluğu...

 

Bu haqda yazıb dilənçilik etmək fikrində deyiləm; sadəcə olaraq, qəzeti əldə edə bilməyən, qəzetin çap olunub-olunmaması ilə bağlı maraqlanan, narahat olan dəyərli oxucularımızın zənglərinə və mesajlarına yazı ilə də cavab vermək istəyirəm ki, xəbəri olmayanlar da xəbər tutsunlar və narahat olan bütün oxuculara könüldən minnətdarlığımı bildirir, təşəkkür edirəm!

 

Onsuz da bizlərdə qəzetə, jurnala, kitaba, məktəbə, teatra maliyyə yardımı göstərənlərin, mesenatlıq edənlərin sayı iki əlin barmaqlarının sayından çox deyil, onlar da ki, tarixin səhifələrində qaldılar. Allah rəhmət eləsin! Bizim imkanlılar qəzetə, jurnala, kitaba, məktəbə, teatra pul xərcləməkdənsə, yatırım etməkdənsə, yardım göstərməkdənsə qırx gün, qırx gecə sünnət toyu etməyi; qumarxanalarda bir məktəbin inşasının pulunu uduzmağı; özü kimi “toxları” bahalı restoranlarda yedirdib-içirtməyi; məclisində savadsız müğənnilərin fanaqramla ağızlarını açıb-yumaraq iki-üç şit, bambılı, mənasız “mahnı oxumalarına” qalaq-qalaq pul verməyi; yol çəkdirmək əvəzinə puldan basıb yolu mənimsəyib cığıra çevirməyi; bir tələbənin dördillik təhsil haqqının qiymətində maşın sürməyi; bir qəzetin illik çap xərcləri qiymətində saat taxmağı və bu kimi digər işlərlə məşğul olmağı daha düzgün, daha insanpərvər, daha vətənpərvər, daha millətpərvər, daha tərəqqipərvər hesab edirlər...

 

Ağzını açıb qəzet demək istəyəcəksən, sözü ağzında qoyacaqlar ki, nə qəzet, qəzet nədir, indi qəzet oxuyan var, qəzet dövrü çoxdan qurtarıb. Dünyada milyonlarla tirajla çıxan qəzetləri misal çəkəcəksən, and-aman edəcəksən ki, texnologiyanın ən çox inkişaf etdiyi, yayıldığı ölkələrdə qəzet çap edən də var, qəzet oxuyan da. İndi internet əsridir deyib duracaq. İnandırmağa çalışacaqsan ki, internetdə yayımlanan yazılar qalıcı deyil, domenin, hostinqin pulunu vermə, illərlə yazılanlar, yayımlananlar, çəkilən zəhmət bir günün içində yox olacaq; amma qəzet arxivdir, kağızdır, qorunub saxlanılması üçün xərc də çəkmək lazım deyil. Deyəcək ki, bizdə kağız qəzeti qatıq bankasının ağzını bağlamaq üçün, tum doldurub satmaq üçün, pomidor yeşiklərinin altına-üstünə düzmək üçün istifadə edirlər. Oxucuların zənglərini, mesajlarını göstərəcəksən ki, budur qəzet oxumaq istəyənlər. Cavab verəcək ki, qəzet oxumaq istəyən pul verib qəzet alar. Sən də miskin-miskin susacaqsan...

 

Bizdə qəzetə pul verib almaq istəyənlərin sayı da iki əlin barmaqlarının sayı qədər ola, olmaya. Ümumiyyətlə, bizdə pul verib jurnal alanların, pul verib kitab alanların, pul verib teatra bilet alanların sayı “Qırmızı Kitaba” düşəcək qədərdir. Hər şeyi pulsuz istəyirik. Bizdə heç pul alıb qəzetə yazı yazanların sayı da çox deyil. Düzdür, verdiyimiz qonorar elə böyük məbləğ olmasa da, necə deyərlər: kasıbın olanından...

 

Baxırsan, sinəsi sözlə doludur, yazmaq istəyir. Yalvar-yaxarla bir yazı yazdırırsan ki, səsi lazımlı yerlərə çatsın, naz edir. Və ya azərbaycanlılara aid olan məsələləri gürcü dilində, ingilis dilində yazıb sosial şəbəkədə paylaşır, azərbaycanlılara gürcü dilində, ingilis dilində müraciət edir, yol göstərir, ağıl verir, dərd anladır, məsləhət görür və sair...

 

Bu yerdə adamın yadına daşıbəlalı Nəriman Nərimanovun “Əliqələmli müsəlman ziyalıları haqqında bir neçə söz” yazısı düşür. Doktorun sözlərini bir az dekanstruksiya edib, üzünü internetə əli çatmayan, gürcü və ingilis dillərini bilməyən azərbaycanlılara xitab edən bu əlininaltıklaviaturalı azərbaycanlı ziyalılara tutub sual ünvanlamaq istəyirsən: Statuslar kimin üçün və nə məqsədlə yazılır? Əgər iyirmi-otuz nəfər oxumuş, feysbuk işlədən azərbaycanlılardan ötrü yazılırsa, biz bu yazan cənabları inandıra bilərik ki, oxumuş, feysbuk işlədən azərbaycanlılar müzakirə edilən bu məsələləri həmin status paylaşanlar qədər yaxşı anlayırlar. Əgər möhtərəm status paylaşanlar həmən insanları nəzərdə tuturlar ki, bu statusların onlar üçün doğrudan da əhəmiyyəti vardır, onda biz cəsarət edib bu zəhmətin tamamilə faydasız olduğunu təsdiq edə bilərik: ona görə ki, həmin statusları buna ehtiyacı olan adamlar oxumurlar, buna ehtiyacı olmayanlar oxuyurlar...

 

Və Nərimanov yazısında bu kimi məqalələri (burada: statusları) oxuması üçün cəmiyyəti əvvəlcə hazırlamaq lazım olduğunu bildirir və bunun üçün Azərbaycan dilində heç olmasa bircə qəzetin nəşr olunmasının əhəmiyyətindən yazır.

 

Bizim bu əlininaltıklaviaturalı azərbaycanlı ziyalılar isə niyəsə qəzetə öz dillərində yazı yazmağı özlərinə sığışdırmırlar, başa düşmək istəmirlər ki, dərdinə dərman düzəltməyi öyrətmək istədikləri dərdlilərə qəzet vasitəsiylə ana dilində müraciət feysbukda gürcü, ingilis dilində müraciətdən daha əlçatandır, daha faydalıdır.

 

Texnologiya, sosial media, kriptovalyuta dövründə yaşasaq da, hələ də əli internetə, kompüterə, smartfona, feysbuka, sayta çatmayanlar var, hansılar ki, qəzetin hər sayını səbirsizliklə gözləyirdilər... Təəssüf ki, “gözləyirdilər”i keçmiş zamanda yazası oluram... Və qəzetin paylanılmamasını görüb narahat olan da, maraqlanan da, qəzetin çapının dayandırılmasına üzülən də onlar oldu, çünki qəzeti oxuyurdular, feysbukda status yazan əlininaltıklaviaturalı azərbaycanlı ziyalılar yox... Allah meqabaytınızı artıq eləsin!

 

Müəllif: Azər MUSAOĞLU