Seçkilər gələndə elə gəlir ki, nə havanın ağına-bozuna, palçığına-tozuna baxır, nə də ölkənin iqtisadi durumuna, demokratik yorumuna fikir verir. Bu dəfə də seçkilər nə koronavirusu eyninə aldı, nə də qaydaları yada saldı. Çünki əlahəzrət qaydalar toylara, yaslara, ictimai basabaslara aiddir. Yəni ki, seçkilərlə bağlı on nəfərdən artıq toplaşa da bilərsən, gaplaşa da bilərsən, goplaşa da bilərsən. Nə sosial məsafə, nə də asosial məsafəsizlik seçkilərlə bağlı toplantılarda gözlənilmir. Koronavirusdamı siyasətə qarışmır, əcaba? Məntiqinizə şükür!
Məsafə demiş, bir neçə dəfə məktəblərimizin yanından keçərkən bu basabası orada da gördüm, şagirdlər sanki 2018-ci ilin virussuz sentyabrındakı kimi bir-birinə qaynayıb-qarışır, bir-biriylə yarışırdılar. Deyəsən, əlahəzrət qanun-qaydalar çox vaxt elə kağızlardaca qalır.
Mənim gəldiyim bu alaçiy nəticəyə çayxanada domino çırpan, ömrünün üçdə ikisini çayniki 1 larilik çay qurtumlayan yaşlı dayday əlində qalan şeş qoşaya acıqlanaraq qışqırır: – Qayda elə pozulduğu üçün qaydadır. Qayda pozulmayacaqdısa onu yaratmaq nəyə lazım olardı ki?! – Ətrafındakılar da ucuz çaydan bir qurtum alıb daydayın səsinə səs verirlər. Məntiqinə şükür!
Bu yerdə Həmid Herisçinin şeirini pıçıldayıram içimdə:
...Nə yaxşıkı
həyat fanidi...
yoxsa, nə varsa əbədiləşərdi...
Kəfənlər də çürüməzdi...
Qəndlər də əriməzdi
bizim bu oğraş çayxanalarda...
Və özümdən bir misra əlavə edirəm:
Plakatlar da qopmazdı, cırılmazdı...
Və dəhşətə gəlirəm... Təsəvvür edin, hər yer hər seçkilər zamanı yapışdırılmış milyonlarla əbədi plakatlarla dolub...
Səsinə səs verirlər demiş, seçkilərə gələndə səs verməyə getmirik, sonra da çayxanalarda, toyxanalarda oturub səsimizin oğurlanmasından şikayətlənirik. Axı, ölülərin də səs verə biləcəyi bir ölkədə dirilər niyə gedib halalca səslərini halalca namizədlərinə verməsinlər. Axı, sən də bu ölkənin vətəndaşısan, niyə özün özünü səsvermə hüququndan məhrum (mərhum da oxuya bilərsiz) edirsən, niyə bir vətəndaş balası kimi ölkədə gedən proseslərdə iştirak etmirsən, seçkilərə getmirsən?.. Çayxanada oturur, bəyəndiyi namizədin səs toplamamasından şikayətlənir. Get səs ver, toplasın da... Məntiqinə şükür!
Seçkilərdə ya səs verən olursan, ya söz verən. Səs verməyin söz verməkdən nəğd olduğu bir ölkədə, məhz səs verməklə verilən sözlərin də nəğd olmasına təsir etmək olar, yəni soğan olsun, nəğd olsun. Fikriniz beş kilo kartof, soğana getməsin. Əstəğfirullah!
Nəysə, yük qatarı relsdən çıxan kimi demək istədiyimdən sürüşdüm deyəsən. Demək istədiyim isə odur ki, onsuz da, hələ də Sovet dönəmini xatırladan boz, beton şəhərlərimizi namizədlərin rəngli seçki plakatları ilə “bəzəyib” “perestroyka” etməyin. Axı plakatları yapışdırmaq üçün xüsusi yerlər var. Camaatın darvazasına, qapısına, divarına, elektrik dirəklərinə, ağacların gövdəsinə, mağazalara, qəzet köşklərinə, parklara və daha nələrə və haralara seçki plakatları yapışdırılmaz, cənablar. Sonra da haqlı, haqsız həmin plakatları cırırlar, həm şəhər zibillənir, həm də cırılmış plakatlardan boylanan bir gözlü, yarı başlı insan portretləri xoşagəlməz mənzərə yaradır. Elə bir mədəni ölkə tanıyırsınızmı ki, orada təbliğat plakatları, elanlar ağacların gövdələrinə yapışdırıla? Mədəni ölkələrdə bunun üçün xüsusi yerlər var. Bizdə isə plakat yapışdırıb sonra da qopartmaq prosesi seçkilərdən uzun çəkir (Son söz birləşməsini istədiyiniz kimi yoza bilərsiniz).
Bəlkə də bizdə rəssamlığa, sərgi salonlarına çox dəyər verilmədiyi üçün hələ seçki təbliğatı aparmaq, plakat yapışdırmaq mədəniyyəti formalaşmayıb. Biz hələ Cokondanın təbəssümü ilə plakatlardan gülümsəyən namizədlərin təbəssümlərində tanış oluruq. Bəlkə də Avropa sənətşünasları Mona Lizanın təbəssümünün sirrini bizim namizədlərin başqalarının mülkünə icazəsiz yapışdırılmış plakatlarındakı təbəssümlərində axtarmalıdırlar. Bəlkə tapalar?.. Məntiqə şükür!