Artıq bir neçə gündür ki, Ramazan ayını yaşamaqdayıq. O səbəblə də istədim elə bu yazımı məhz  Ramazan ayı ilə əlaqəli yazım.

 

Ramazan Allahın ayıdır. Bu aya on bir ayın sultanı da deyilməkdədir. Çünki bu ayda qəlblər hüzur və rahatlıq tapır. Bu mübarək ayı digər aylardan fərqləndirən gözəl xüsusiyyəti isə orucdur. Ramazanda oruc tutmaq bütün müsəlmanlara fərz qılınmışdır. Bunun dəlili isə Qurani-Kərimdə buyurulan “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə fərz buyurulduğu kimi sizə də fərz buyuruldu...” məalındakı (Bəqərə surəsi, 183) ayədir. 

 

Ramazan ayı Allahın ayı olduğu üçün bu ayın əhəmiyyəti böyükdür. Uca Allahın sevgisiylə dolub daşacağımız, oruc, iftar, sahur, təravih, dua, səcdə və qarşılıqlı Quran tilavətləri ilə mənəvi aləmlərə yol aldığımız, daha yaxşı bir qul olma yarışına girdiyimiz, ibadətlərimizi zirvəyə daşımağa çalışdığımız mübarək bir aydır.

 

Ramazan ilahi əmrlərin işığında özümüzü hesaba çəkdiyimiz, qəlblərimizi və fikirlərimizi pisliklərdən qurtarmağa çalışdığımız mübarək günlərdir.

 

Ramazan ayı xeyir və bərəkət ayıdır, dua və niyaz ayıdır, şükür ayıdır. Günahlardan təmizlənmə, cəhənnəm atəşindən xilas olma ayıdır. Peyğəmbərimiz (s.ə.s.) bu aydan danışarkən buyurmuşdur:“Əvvəli rəhmət, ortası bağışlama, sonu cəhənnəm əzabından qurtuluşdur” (Ət Tərğib vət Tərhib, c. 2, s. 95).

 

Ürəklərə nur, könüllərə şəfa, möminlərə rəhmət olan, bütün insanlığı cəhalətdən, qaranlıqdan, vəhşilikdən və dəlalətdən qurtaran, doğru yola və ilahi nura, elmə, mədəniyyətə və səadətə çatdıran Qurani-Kərim bu ayda nazil olmağa başlamışdır. Bu səbəblə bu aya “Quran ayı” da deyilməkdədir. Uca Allah (c.c.) belə buyurmaqdadır: “Ramazan ayı elə bir aydır ki, insanlara doğru yolu göstərən, haqq ilə batili ayıran Qurani-Kərim o ayda endirilmişdir. Sizdən hər kim bu ayı idrak etsə oruc tutsun” (Bəqərə, 185).

 

Ramazan ayı başdan sona xeyirdir. Xeyirin qarşılığı isə cənnətdir. Bir əkənin min biçəcəyi, mənəvi bir yığım mövsümüdür.

 

Ramazan insanların özlərini hesaba çəkmələri, səhvlərini düzəltmələri və günahlarından tövbə edib Uca Allaha yönəlmələri üçün bir fürsətdir. Ramazan ayında çoxalan ibadətlər, xüsusilə oruc, zəkat və fitr sədəqəsi müsəlmanları Uca Allaha daha çox yaxınlaşdırmaqda, xoşbəxt və hüzurlu etməkdə, onları nəfs tərbiyəsində, ictimai həmrəylik və köməkləşmədə daha müvəffəqiyyətli etməkdədir.

 

Ramazan ayını əhəmiyyətli edən əsas faktorlardan biri də dinimizin təməl ibadətlərindən olan orucun bu ay içində tutulmasıdır. Uca Allah Quranda “…kim Ramazan ayına çatsa oruc tutsun” (Bəqərə, 185) buyuraraq, Ramazan ayında oruc tutulmasını əmr etməkdədir. Bu səbəblə müsəlmanlar Ramazan ayı boyunca oruc tuturlar. Ramazan ayı oruc, ibadət və səbir ayıdır. Allahın rəhmət qapılarının açıldığı aydır. Sevimli Peyğəmbərimiz Ramazan ayında səmimiliklə edilən dua, ibadət və yaxşılıqların Allah qatında daha qiymətli olacağını bildirmişdir.

 

Açıq-aşkar yeyən bu aya hörmətsizlik etmiş olar. Namaz qılmayanın belə oruc tutması və haramlardan qaçması lazımdır. Bunların orucu qəbul olar və imanları olduğu aydın olar.

 

Ramazani-şərifdə oruc tutmaq çox savabdır. Səbəbsiz olaraq oruc tutmamaq böyük günahdır. Hədisi-şərifdə “Üzrsüz olaraq Ramazanda bir gün oruc tutmayan, bunun yerinə bütün il boyu oruc tutsa, Ramazandakı o bir günkü savaba qovuşa bilməz” buyurulur (Tirmizi).

 

Ramazan ruhun təmizlənmə ayıdır. Çünki Allah-təala qullarını orucla günahdan qorumaq istəyir.

 

Rəhmətin bol-bol yağdığı bu ayın mənəvi dəyərini yazmaqla bitməz.

 

Ramazan ayının bir başqa mənəvi dəyəri də Qurani-Kərimin hər hərfinə verilən savabın yüksək olmasıdır. Ramazani-şərifdə az-çoxa sərmayə-qazanca çevrilər. Çünki bu ay rəhmət və bərəkət ayıdır. Bu səbəblədir ki, mömin bu ayda ibadətə düşkün olar. Xüsusilə Qurani-Kərimə daha çox sarılar.

 

Ramazan səbir ayıdır, çünki ruh səbir etməklə mənəvi təmizliyə çatar. Bu səbir həm bədəni, həm də ruhidir.

 

Ramazan acın halından anlamaq, sevgini paylaşmaq, xoşgörüş ayıdır. Bilirik ki, səbirsiz, xoşgörüşsüz oruc ancaq fiziki orucdur. Bunun şüurunda olan mömin orucunu bu mövqeyə endirmək istəmədiyindən səbir göstərməkdədir.

 

Ramazan kasıbın halını dərk etmək ayıdır. Başqa heç bir zaman dilimində olmayan “fitr” sədəqəsinin olduğu və Ramazanın sonunda kasıblara paylandığı, bir baxıma Ramazanı xeyirlisiylə əda etmənin şükrü olan bu ibadət də bu zaman diliminə aiddir.

 

Hacı BƏKİROĞLU