Bu günlərdə abituriyentlər tələbə olduqlarını qeyd edirlər, baxmayaraq ki, onlardan bəziləri böyük problemlə üz-üzədir. Bir neçə gündən sonra dərslər başlayır, amma tələbələrin qalmağa hələ yerləri yoxdur. Hətta şəhər kənarında da mənzillərin qiyməti 70 faiz artıb. Ev sahibləri bir neçə aylıq kirayə haqqını əvvəlcədən tələb edirlər.
Hər ilin avqust-sentyabr aylarında regionlardan, kəndlərdən paytaxt Tbilisiyə tələbə adını yenicə qazanmış minlərlə gənc axın edir. Qəbul olduqları universitetlər üzrə qeydiyyatdan keçməyə gələn tələbələrin və onların valideynlərinin ilk qarşılaşdığı problem kirayə ev tapmaqdır.
Əsas problem ondan ibarətdir ki, ev sahibləri bir çox hallarda evlərini oğlanlara vermək istəmirlər, elanlarda ailəlilər və qızlar maraqlansınlar deyə qeyd edirlər. Bu da oğlanlara ev sahiblərinin etibarının daha az olmasını göstərir; oğlanların səliqəsiz olduqlarını, ev sahiblərinin evdə xoşagəlməz halların baş verəcəyini düşünməsindən qaynaqlanır.
Daha bir məqam evlərin qiymətlərindədir. Qiymətlər 1000-1500 lari arası dəyişir. Bir və ya iki tələbəyə, yaxud orta əməkhaqqı alan şəxsə ev kirayələmək maddi baxımdan mümkünsüzdür. Kirayə ev problemi ən böyük problemlərdən biridir, xüsusən də aşağı, orta əməkhaqqı alan insanlar üçün.
Universitetə başlayacaq rayondan gələn tələbə üçün Tbilisidə yaşamaq üzməyi bilməyən insanın dənizdə çabalaması kimi bir şeydir. Hər kəs hazırda ev axtarmağa başlayıb, ev kirayəsi ilə məşğul olan maklerlərlə əlaqə saxlayır. Onlar da ən azı 1000-1100 lari dəyərində evlər göstərirlər. Bu da büdcəyə uyğun deyil. Gürcüstanda orta əməkhaqqı alan bir ailənin gəliri heç bu qədər deyil.
Tələbələr daha çox otaqların sayı çox olan evlərə üstünlük verirlər. Bir otaqlı evlərə isə az müraciət olunur. Həyət evləri bina evlərinə nisbətən daha ucuzdur, amma tələbələrin əksəriyyəti həyət evində qalmaq istəmir. Səbəb olaraq həyət evini qızdırmaq probleminin olmasını və bina evinin daha rahat olmasını göstərirlər. Həyət evlərinin qiymətləri də əraziyə görə dəyişir. Qiymətlər evin təmirinə və əşyalarına görə də dəyişir. Təmirli evlərin qiyməti dollarla hesablanır. Məsələn, universitetə yaxın təmirli evlərin qiyməti 500-600 dollar arası dəyişir.
Bu gün tələbə olmağa hazırlaşan abituriyentlər feysbuk kimi sosial media platformalarında da kirayə ev axtarışındadırlar. Universitetlərə yaxın ərazilərdə kirayə evlərin qiyməti çox baha olduğuna görə hər kəs özünə otaq yoldaşı axtarır.
Tələbələrin çoxunun baha qiymətə ev kirayələməyə imkanı yoxdur. Ucuz evlər şəhər ətrafındadır. Uzaqdan isə universitetə vaxtında gəlib çatmaq olmur. Buna qalmış hər kəs öz evindən gəlib-gedər. Universitetlərə yaxın, şəhərin mərkəzində isə ucuz ev tapmaq mümkün deyil. Demirik ki, kirayə ev yoxdur. Var, amma bizə münasib olanı tapmaq çətindir. Ev axtaranda çətinlik çəkdiyimiz əsas məqamlardan biri evin universitetə və ya metroya yaxın olmasıdır.
Əgər Gürcüstanda sırf kirayə üçün binalar tikilsə, xaricdə tətbiq edilən layihələr ölkəmizdə də olsa kirayə ev axtaranlar üçün çox yaxşı olardı. Bəzən ev sahibləri elə şərt qoyurlar ki, normal yaşamaq üçün heç cür sərf etmir. Burada da xarici ölkələrdə olduğu kimi kirayə üçün binalar inşa olunsa çox vaxt sərf etmədən hər kəs özünə uyğun evi, mənzili, otağı rahat şəkildə tapa bilər, daha 15-20 gün ev axtarmalı olmaz.
Müəllif: Aytən Fətullayeva