Gözünüz aydın! Bundan sonra hamı deputat olmaq istəyəcək. Özü deputat ola bilməyənlər də dəridən-qabıqdan çıxacaqlar ki, uşaqları deputat olsun. Uşaqları deputat ola bilməyənlər nəvələrini-nəticələrini deputat görmək üçün ömrü uzadan bütün üsullara, dietalara, məşqlərə, dərmanlara, türkəçarələrə əl atacaqlar. “Nəvənin toyunu gör” alqışı dönüb olacaq “nəvəni deputat gör”. Hamı çalışacaq atasının, babasının “xalqa xidmət edən” yolu ilə getsin. Deputatlıq əldən verilməyəcək, atadan oğula, oğuldan nəvəyə ötürüləcək. “Dövlətdə dəvə, övladda nəvə” dönüb olacaq “dövlətdə at, övldadda deputat”. Yaşamaq uğrunda mübarizə deyəndə deputatlıq uğrunda mübarizə nəzərdə tutulacaq. Deputat olanlar öz deputat mandatlarından dördəlli yapışacaqlar, xəstəlik zamanı da, qocalıqda da öz deputat kreslolarından ayrı durmayacaqlar ki, birdən kimsə yerlərinə göz dikər, kimsə deputatlıq arzusuna düşər. Bir sözlə, deputat olmaq ən böyük arzu, deputatlıqdan əl çəkmək ölüm-qalım məsələsinə çevriləcək.

 

Bəzən gələcəkdə lazım olmayacaq peşələr haqqında yazılarla qarşılaşırıq. Proqnozlar verirlər ki, texnologiyanın inkişafı ilə, süni intellektin təkmilləşməsi ilə əlaqədar inkişaf etmiş ölkələrdə gələcəkdə bəzi peşələr sıradan çıxacaq, lazım olmayacaq. Bizdə isə yaxın gələcəkdə müəllim, həkim, baytar, mühəndis, tərcüməçi, aşbaz, çörəkçi, bərbər, bənna, rəngsaz, qaynaqçı, rəssam, aktyor, rejissor, bəstəkar və bu kimi peşələr sıradan çıxacaq, yox olacaq. Saçımızı kəsdirməyə adam tapmayacağıq, maşınımızı təmir etdirmək üçün usta olmayacaq, evimizin divarını boyatmaq üçün rəngsazı Avropadan-zaddan çağıracağıq və sair.

 

Niyə? – Çünki hamı deputat olmaq istəyəcək.

 

Niyə hamı deputat olmaq istəyəcək? – Çünki 4624 lari maaş alan parlament deputatları yanvarın 1-dən 11680 lari maaş alacaqlar. Təsəvvür edirsinizmi, bir ay ölkənin ən gözəl yerində, ən təhlükəsiz yerində, yayda sərin, qışda isti yerində, ən rahat kreslolarda oturub, telefonda oyun oynayıb, mürgü döyüb on bir min altı yüz səksən lari maaş alırsan (bunun hələ “premiya”sı-zadı da var), yəni sənin bir ayda aldığını əməkhaqqı 600 lari olan adam 19 aydan çox işləməlidir, zəhmət çəkməlidir, tər tökməlidir ki, yığa bilsin. O da xəstəlik, kommunal vergilər, kredit borcu, yemək-içmək, əyin-baş imkan versə...

 

İndi siz özünüz deyin, kim 11680 larini qoyub bir ay 600 lariyə işləyər? Kim 11680 larini qoyub bir ay onun-bunun uşağının nazı ilə oynayaraq soyuq sinif otaqlarında müəllimlik edərək ömür çürüdər? Bağçalarda 600-700 lariyə bir ay onun-bunun uşağının panpersini dəyişər? Kim 11680 larini qoyub ayı yarılamamış qurtaran əməkhaqqı üçün həkimlik edər, aktyorluq edər, fəhləlik edər. Əlbəttə, ağlı başında olan heç kim. Zarafat deyil, ayda 11680 lari maaş ildə bir evin puludur.

 

Amma adam gərək birini deyəndə o birini də desin. Əlbəttə, heç kəs görülən işləri, edilən yaxşılıqları gizlədə, dana bilməz. Sağ olsun hökumətimiz, pensionerləri də yaddan çıxarmayıb, yanvarın 1-dən pensiyaları 35 lari artırıb. 315 lari pensiya alanlar indi 350 lari alacaqlar, yaşı 70-dən yuxarı olan pensionerlər isə 415 lari əvəzinə 450 lari alacaqlar. Bilməyənlər üçün onu da deyim ki, sosial vəziyyətə görə uşaqlar ayda 200 lari, ailə başçısını itirənlər 100 lari, əlilliyi olan insanlar 195 lari, 18 yaşa qədər əlilliyi olanlar 390 lari, müharibə iştirakçıları 100 lari, qaçqınlar 45 lari alırlar. Heç kim yaddan çıxarılmayıb yəni.

 

İndi deyəcəksiniz, niyə elə deputatların maaşı girdi gözə, hamı deputatların maaşlarının çoxluğundan danışır. Niyə baş nazirin, prezidentin, parlament sədrinin maaşının 14600 lari, nazirlərin maaşının 12410 lari, nazir müavinlərinin maaşının 10585 lari, MSK rəhbərinin maaşının 12410 lari, pensiya agentliyinin direktorunun maaşının 14500 lari, parlament sədrinin birinci müavininin maaşının 13432 lari, komitə sədrinin maaşının 12410 lari, fraksiya sədrinin maaşının 12410 lari olmasını gözə soxan yoxdur... Əşşi, mən nə bilim.

 

Belə ki, əzize-mənlər, hazırlaşın, innən belə ölkədə hamı deputat olmaq istəyəcək, deputat kimi maaş almaq, deputat kimi yaşamaq arzulayacaq. Deputat mandatı üstündə mübarizə gedəcək, evini, obyektini satıb mandata maya qoyana bax, mandat uğrunda adam satana bax, şər atana bax, işverənə bax, ləkə yaxana bax – bütün bunlara hazır olmaq lazımdır.

 

Deyirəm, kaş deputatların maaşının artırılmasını gizlin saxlayaydılar. Gözə gələcəklər. Bir də ki, bəlkə hələ də müəllim, həkim, baytar, mühəndis, tərcüməçi, aşbaz, çörəkçi, bərbər, bənna, rəngsaz, qaynaqçı, rəssam, aktyor, rejissor, bəstəkar olmaq istəyən uşaqlar var, fikirlərini dəyişməsinlər.

 

Azər MUSAOĞLU