Zəif yerdən vuranda...

 

Təbiətdə hər var olan bir sonla bitir və bu sonda dövrə qapanır; başlanğıcın son nöqtəsi... hansı ki, o nöqtədən bu dövrəni qırmaq çox asandır.

 

İnsanlıqda da var bu nöqtələr, biz ona zəif damar deyirik – bizi ən çox qıran, incidən, gücü hesablanmayacaq olan psixoloji zərbələr.

 

Hamımızın məktəb dərsliyindən Ayı və dostunun söhbəti yadınızdadır yəqin. Sonda da atalar sözü vardı: Xəncər yarası qurtarar, söz yarası qurtarmaz.

 

Hər dövr öz çətinlikləri, uyğunluqları ilə tarix olub. Biz də yaşadığımız tarixin pandemiya deyilən, tarixə düşən növbəti bir dönəmini addatdıq.

 

Tarixin yazılmamış qanunlarından olan “arvad söhbətləri”, təbii ki, öz işində oldu. İnsanları gərgin saxlayan çip sindromu gündəmi zəbt etsə də isanlar tam olmasa da peyvəndləndi və 3 il çəkən bu zaman başa çatdı. Təbii seçmə kimi zəifləri sıradan çıxardı, güclülər uyğunlaşdılar və “COVID-19”a qalib gəldilər.

 

Bax beləcə dövr başa çardı, deyərdim ki, açılmayan sərhəd qapısı pandemiya dövrünün qalığı olaraq qaldı.

 

Nikolayın evini yıxan pıçhapıçlar müxtəlif variantlar irəli sürsə də həqiqət həqiqətliyində idi – bağlı sərhədlərin bağlı qalması labüdlüyü.

 

Siyasət elə bir sahədir ki, giriftar olmayan bilməz desək yerinə düşər. Zaman bizə tədricən sübut edir ki, sərhədin bağlı qalmağı labüdmüş.

 

Əgər evimdə qarışıqlıq ola bilərsə, qonum-qonşudan it, çaqqal hasarımın qırağında pusquda fürsət gözləyərkən evimə qonaqlar qəbul etməyim düzgünmü? Ailəmi qorumaq üçün neyləməli? Təbii ki, qonaq qəbul etməməli. Tam darvazanı bağlamaq da yox, xüsusi zənglə gələn qonaqları qəbul etməli... Analoqum uyğunmu?

 

Bu gün Azərbaycan üç tərəfi yağılar olan bir əhatədədir. Bu vəziyyətdə özünü qorumağın necə bir qəhrəmanlıq olması sözönü. Əminəm, zaman bizə bunu sübut edəcək və edir də.

 

Azərbaycan sərhədlərinin bağlı olmağı dünya ölkələri üçün heç də maraqlı olmaya bilər, amma Gürcüstan azərbaycanlıları üçün bu çox yox, lap çox əhəmiyyət kəsb edir. Böyük doğmalıq bağı illərdir hər ailədən üç övladdan ikisi, beş övladdan dördü Bakıda, Gəncədə yaşayarkən həsrətin dərəcəsi ölçüsüzdür.

 

Hər ailənin büdcəsi yol xərciylə düz mütənasib olmaya bilər, hamı hava yolundan istifadə edə bilmədiyinə görə vəziyyət acınacaqlı olur.

 

Təkrar edirəm ki, hər dövlətin öz daxili siyəsəti var və bunun bizə görünən və gürünməyən tərəfi yox, tərəfləri var. Bunu borçalılar anlayışla qarşılamağa uyğunlaşmaqda ikən reytinq üçün öz qulaqlarını belə qurban verməyə hazır olan media nümayəndələri haradansa bir damcı tapır, onu üfürə-üfürə özünə oxşamayan bir biçimdə göl yaradır, hansı ki, o göldə damlaya uyğun heç nə yoxdur.

 

Məlumdur ki, sərhədlərin açılmasına dövlət başçısı qərar verər. Adı yadımızdan çıxan, ya heç eşitmədiyimiz bir deputat yuxudan oyanır və birdən deyir ki, ayın filanında sərhəd məsələsini müzakirə edək. Vəssalam. Media dəydi bir-birinə. Bütün saytlar yazır: filan tarixdə sərhədlərin açılması ehtimal olunur. Bax beləcə açılacaq sərhədləri həsrətlə gözləyənlərin “ürəyi atlanır”. Kimi Bakıya getmək xəyalları qurur, kimi kəndə gəlmək xəyalları. Beləcə bir neçə ay çəkən həsrət döyüşü “karantin vaxtı filan vaxta qədər uzadılır” qərarıyla məğlub olur. Borçalılarda heysiyyat deyilən bir ifadə var, yəni zəif damar, zəif nöqtə... Onlayn toy, nişan, yas, nəvə, nəticə görən, bala boynuna həsrət insanların heysiyyatıyla oynamaq nə qədər vicdansızlıq!

 

Əlbəttə, burada dövlət yox, birbaşa media günahkardır.

 

İnsanlar belə yaşam tərzinə uyğunlaşmağa çalışır, az qala unudur və onlayn həyat tərzi həyatımıza girdiyi bir vaxtda şayəfason məlumatlar insanların “zəif damarını” tapdayır. Bu da cahil şəkildə etirazı hakimiyyətə yönəldir.

 

Dövlət qanunun hər maddəsinə hörmətlə yanaşarkən bu çalası (qatıq mayası) şəxslərin gündəm üçün yaratdıqları heysiyyat təhqiri insanlığın dövrənin o son birləşən nöqtəsindən qırılmasıdır.

 

Nolar, gəlin anlayışla davranaq. Başımız üstə qara bulud varkən açıq səmamıza şükür edək. Şükür edək ki, ən azı hava yoluyla yolumuz var.

 

Bizim səbrimiz kimlərinsə quyusuna su tökməz, o quyular quruyar. İnşallah, gün olacaq həqiqi vətənimizlə mənəvi vətənimizi əlaqələndirən sərhədimiz açılacaq.

 

Təki Vətən yaşasın!

 

 

Müəllif: Esmira Ələkbərli