“Gürcüstan təbii su ehtiyatları ilə zəngin olan bir ölkədir”. Belə cümlələrə yüzlərlə insanın istifadə etdiyi vikipediya kimi mənbələrdə və coğrafiya kitablarında rast gəlmək olar, bircə şəhər statusu almış, lakin şəhər sözünün “ş” hərfinə belə yaxınlaşa bilməyən Qardabanidə yox. Səbəbi də son vaxtlarda suların kəsilməsidir. Son vaxtlar deyəndə, son yarım ilin, demək olar ki, hər həftəsini nəzərdə tuturam. Son deyirəm, amma bu hal sonlanmır. Sanki su insanlar kimi özəl şirkətdə işə düzəlib, həftə içi beş gün işləyir, həftə sonu isə kəsilir. Həftə sonu kəsilməyəndə həftə içi mütləq kəsilməlidir. Belə olanda da gərək gözləyəsən o biri həftənin birinci gününü. Çünki bizdə belə bir xüsusiyyət var: hər hansı işə başlamaq, həyatımızda nəyisə öz qaydasına salmaq, nəyəsə qərar vermək, bu qərarları icra etmək, dietaya başlamaq və nəsə xarab olanda təmir etmək və etdirmək üçün bazar ertəsini gözləyirik. Suyun kəsilməyi də, təbii ki, bu ənənəyə sadiq qalıb. Onsuz da su bütün günü gəlmirdi, amma heç olmasa bilirdin ki, gündüz 7-12, axşam isə 6-10 saatları arasında su gəlir. Təəssüflər olsun ki, biz çoxa tamah edib azdan da olduq. İndi heç beş-altı saat gələn sular da gəlmir. Mən uşaq olanda kənddə nənəm su qablarını boş görəndə – “A bala, kiməsə nəsə olsa üzünə çiləməyə bir damcı suyumuz yoxdur, gedin bir qab su gətirin” – deyib bizi göndərərdi su gətirməyə. Qoymazdı su qabları boş qalsın. Qardabanidə indi biz su qablarını zorla doldururuq. Ev susuz qalmasın deyə də suyu qıta-qıta işlədirik. Belə getsə “Bədənimizin 70-80 faizi sudur” göstəricisi azalacaq. Bir də deyirlər insan gündə iki litr su içməlidir. Əgər bunu deyən mütəxəssislər buraya gəlsə yəqin iki litr suyun da miqdarı azalar. Bu qədər söhbətin məğzi cəmi iki sualdan ibarətdir:
1. Sular niyə tez-tez kəsilir?
2. Camaat niyə buna etiraz etmir?
Birinci sualın cavabını heç özüm də bilmirəm. Kimi deyir borularda problem var, kimi deyir su anbarı boşalıb, kimi də deyir özləri vermir. Bunların nə qədər doğru olduğu bir müəmmadır.
İkinci sualın cavabı isə bizim qanımıza hopmuş xüsusiyyətlərimizdir. Bilmirəm Qardabaninin havasındandır, yoxsa neçə vaxtdır olmayan suyundandır, nədəndir, buranın sakinlərinin lüğətində etiraz sözü yoxdur. Elə bil heç kim haqq və hüquqlarını bilmir. Təsəvvür edin, neçə vaxtdır sular kəsilir, amma bu bir nəfərin belə vecinə deyil. Elə hamı bu vəziyyətdən razıdır. Bir Allahın qulu da çıxıb demir ki, bu sular niyə gəlmir. Kimisə dindirəndə o saat başlayır: “Əşşi, sudur da, axşamda, sabahda gələr, bir biz deyilik ki”. Doğrudan da bəzən çox vecsiz insan oluruq, öz haqqımızı qorumaq üçün ağzımızı açıb bir kəlmə söz demirik. Referendum zamanı bir mənim səsimlə nə dəyişər fikri hər sahəni bürüyüb. Mən də susuram, siz də susursunuz. Sonra da bir damcı suya möhtac qalırıq. Təbii ki, bu cür problemlərin həllinə bələdiyyə baxmalıdır. Bələdiyyə məsuliyyət göstərmir deyə biz də susası deyilik ki. Gərək biz gündəlik tələbatımızı qarşılayan su çatışmazlığı ilə bağlı problemi bildirək ki, onlar da həll etsin. Yoxsa nə qədər kirli paltarlarla, qablarla baxışmaq olar. Kişilərin nə vecinə. Səhərdən işə gedən işinə, getməyən də çayxanaya gedir. Deyəndə ki, gedək su ilə bağlı problemi bildirək, deyirlər, haraya gedirik. Əgər Qardabanidə bu işə baxan yer varsa apar bizi də.
Belə baxanda adam haqlıdır. Burada elə yer varmı? Gərək gedəsən Rustaviyə. Ora da çox uzaq olduğundan heç kim getmir, axı gömrük filan keçmək lazımdır. Onsuz da kişilər qab, paltar yumurlar, gündəlik su tələbatlarını da çayxanada çay içməklə ödəyirlər. Onda da yazıq qadınlar qalır susuzluqla üz-üzə.
Həqiqətən su olmayanda qarışıqlıq olur. Adam bilmir işin harasından başlasın. Amma biz çətinliyə öyrənmişik. Bu səsimizin çıxmamağından bəllidir. Bir də, bizdə problemi kökündən həll etmək qabiliyyəti yoxdur. Suyun niyə tez-tez kəsildiyini öyrənib bunu həll etmək yerinə, evə su çəni alıb quraşdırırıq. Bu da olur müvəqqəti çarə, hansı ki, çən boşalana qədər effektivdir. Sonrası yenə sükut.
Heç nə demirəm, su gələndə hamının çənə su açmaq yadından çıxsın və elə bir vəziyyət yaransın ki, etiraz etməyə məcbur qalaq. Çünki biz artıq bunu öyrənməliyik. Yoxsa başımıza vurub çörəyimizi əlimizdən alan çox olacaq. Yox, əgər belə getsə, Avropaya tərəf yola çıxan Gürcüstanın Afrikadakı qonaqlığı uzun çəkəcək.
Müəllif: Çiyalə Osmanova