Uşaqlıqda heç sevməzdim divlərin, əjdahaların, keçəlin nağıllarını. Ən xoşladığım nənəmin danışdığı həqiqi müharibə nağılları idi – özü şahid olduğu, yaşadığı tarixi nağıllar...
Nənəm uşaqlarla birlikdə dəmir yığar, kolxozda işləyər, corab toxuyarmış, təki cəbhəyə köməyi dəysin. Poçtalyona kömək edib məktub çatdırardı, yaza bilməyənlərin yerinə məktub yazardı, oxuya bilməyənlərə məktubunu oxuyardı...
Cəbhədən doğması gələnin sevincindən, hər gün mərkəzi radionun başına yığılıb xəbər gözlədiklərindən, yaxşı xəbərlərin sevincindən və sonda nənəmin “urra” deyərək qələbə sevincindən elə danışardı, sanki indicə yaşayırdı bu hissləri...
Nənəmin böyük kədərlə danışdığı hekayələrin sonunda sanki indicə eşidibmiş kimi yaşadığı qələbə sevinci o qədər təbii idi ki, mənim də nənəmlə birgə gözüm dolar, bəzən də ağlayardıq. Sonda nənəm deyərdi: “Göydən gələn almaların üçünü də mənim ağıllı nəvəmə verirəm ki, o da öz nəvələrinə versin”.
İllər ötdükcə nənəmin danışdıqlarından çoxunun film, hekayələrdən olduğunu bilsəm də mənim qəhrəmanlıq xəyallarım bitmirdi. Özümü gah Zoya kimi məğrur, gah Mehdi kimi qorxmaz, gah da “Əsgər atası” kimi arxa cəbhədən səngərlərə gedən xəyal edirdim.
Bütün uşaqlar kimi tez böyümək istəyirdim. İstəyirdim çoxlu nəvələrim olsun, mən də qoca nənə olum, başıma nənəm kimi dəhrəburunlu ağ kəlağayı bağlayım, nəvələrimə nağıl danışım. Kövrələ-kövrələ, həyəcanla qəhrəmanlardan danışım, sonda da qələbə sevincinə nəvələrimlə birgə sevinək və kövrələk...
Amma mənim nəvələrimə danışacaq heç bir hekayəm yox idi axı. Mən dünya dərdlərindən bixəbər qayğısız, xoşbəx bir uşaq idim. Həyata oxuduğum kitablardan, izlədiyim filmlərdən və eşitdiklərim, gördüklərim çərçivəsindən baxırdım.
Bu xoşbəxtliyim çox çəkmədi. Bir gün Vətənimizin açıq səmasında buludlar toqquşdu, hər yer qaraldı, yad əllər Vətən torpağımıza məkrli niyyətlərlə uzandı. Az yaşımda müharibəyə bənzər hadisələr mənim dərk etmədiyim hadisələr oldu. Olacaqları ilə torpaqlarımızın müəyyən sahəsini işğal etdilər. Vətənimizin bütövlüyü üçün neçə-neçə oğullar fəda oldular, amma sonu məğlubiyyət idi deyə mənim qurduğum nağıllar nənəmin nağılları kimi alınmırdı. Mən inanırdım ki, mütləq mən də nənəm kimi nağıllar danışacaq bir tarixi yaşayacam. O arzularla mən ana oldum, balalarıma hər layla çalarkən kövrəlirdim, inşallah, sizin balalarınıza nənəmin nağıllarından danışacam deyirdim. O gün yaxında olacaq düşünürdüm, amma gözlədiyim yaxın xeyli çəkdi...
Bir gün qara buludlar parçalandı, gecə zülmətində Günəş parladı. Az zamanda tariximiz neçə-neçə qəhrəmanlıqlara şahid oldu. Çağırışsız könüllü döyüşən oğulların rəşadəti 44+1 gündə 30 ilin qisasını aldı. Mən 44 gün qulağı səsdə ağzıbir millətimi gördüm, balasını Vətənə qurban deyən anaları gördüm, “Təki Vətən yaşasın” deyən ataları gördüm. Xudayarın səsindəki nalənin bütün səngərlərdə həmrəyini gördüm, nələr gördüm, nələr yaşadım...
Zəfəri zamanında yaşamağın, qalib olmağın, hətta qalibiyyəti ümummilli yaşamağın necə bir hiss olduğunu mən indi anladım. Nənəmin kövrələrək necə radionun başına yığıldıqlarını, internetsiz zamanda səsucaldıcının ətrafında yaşanan o anları izah edən səsinin titrəyişini, kövrəkliyini indi anlayırdım.
Nənəm yad dövlətin sevincini yaşayaraq sevinirmiş, amma mən öz millətimin sevinciylə nəfəs alırdım, kədəriylə kədərlənib, uğuruna birgə kövrəlirdim. Mənim xatirələrim daha canlı idi.
Mənim danışacaq nə qədər qəhrəmanlarım vardı. Mənim əsirlik yaşamış xarıbülbülüm vardı, mənim qayalarıyla əzəmət yaşadan Şuşam vardı, mənim danışacaq nələrim, nələrim vardı. Mən laylamı Xudayar təsnifinə kökləyəcəkdim, mən də nəvələrimlə birlikdə kövrələcəkdim...
Bax beləcə mən nənə olacağım zamanı daha qürurla, başıuca, dəhrəburun-butalı kəlağayıyla gözləyirəm... Bu yol mənim xəyalımda yaratdığım, uşaqlıqdan gəldiyim yoldur!
Başıuca, alnıaçıq bir qürurla gözləyirəm nənə olacağım zamanı. Məndən nağıl istəyən nəvələrimə deməyəcəm: “Hamısını indi desəm nağıl qalmaz sabaha”. Mənim nağıllarım heç bitməyəcək. Mən nəvələrimə həsrətin qəhrəmanlıq qarşısında itib yox olmasından, bərpa olan sərhədimdən danışacaqdım, torpağımızı qanıyla suvaran oğullarmızdan danışacaqdım, bir də, bu yolu cızan, cızdıran baş qəhrəmandan danışacaqdım – Dəmir yumruğun simurq quşu kimi od saçmağından, Qarabağ Azərbaycandır! hökmünün lərzəsidən danşacaqdım.
Mənim nağılımın da sonunda gələn almalar Vətənimin qəhrəman oğullarına çatacaqdı.
Müəllif: Esmira Ələkbərli