Axır çərşənbə günü öz bişintilərimdən bir balaca torba düzəltdim. Bilirdim ki, bu gün qadın müəllimlər böyük tənəffüsdə çay süfrəsi açacaqlar. Çantama yerləşməyən torbamı əlimə götürdüm. 1 saylı məktəbin önündən keçərkən darvazanı bağlı görüb saata baxdım. Diqqətsizliyimdən yarım saat irəli çıxmışdım. O qədər də böyük fərq deyildi, yoluma davam etdim. Ortalıq dediyimiz mərkəzdən keçməliydim, polis məntəqəsi, ədliyyə evi, mədəniyyət evi, dükanlar, kafelər, çayxanalar yerləşən kəndin mərkəzi dairəsi həmişə qələbəlik olardı. 30 dəqiqə o qədər də böyük zaman olmasa da, çox maraqlı idi ki, yolda kimsə yox idi.
Həmişə hər yerdə küçə itlərinə rast gəlirdik, öyrəşmişdik, amma indi sürüylə it, kimsəsiz küçə və mən. O itin biri mənə hücum etsə, digərlərinə təkan idi, bu isə üç dəqiqəyə parçalanma demək idi. Bilmirəm necə gedirdim, mənə elə gəlirdi yeriyən ayağım yox, ürək əzələm idi, məni təhlükədən uzaqlaşdırmaq istəyirdi. Bir neçə saniyədə nələr düşünmədim. Qızımı düşündüm: o mənsiz necə olacaq, oğlum bacarar, amma qız mənə bağlı. İki dəqiqədə bütün ömrüm lent kimi gözümdən keçdi. Bilmirəm neçə it var idi, amma məni dövrəyə almışdılar, dövrə də mənimlə irəliləyirdi. Ətraf da kimsəsiz. Aman Allah, elə bil qəsd ilə bu gün yolda bir insan belə yox idi. Dükançılar da çölə baxmırmış. Doqquza işləmiş, kimsəsiz küçə, məktəbə tələsən müəllim 7-8 itin əhatəsində. Bilmirəm bu qorxunc mənzərənin təsvirini yarada bildimmi.
Birtəhər başımı qaldırıb ətrafa baxdım, itlərin mənə dikilən baxışı çox qəti idi. Yəqin ki, səsim də batmış olardı. Hiss etdim ki, əllərim keyiyir. Barmaqlarımı sıxmaq istəyəndə yadıma düşdü ki, əlimdə torba var. Əlimi dəyişmək istədim, itlərin ən böyüyü torbaya tərəf yaxınlaşmaq istədi. Yadımda deyil, deyəsən onu mən düşünmədim, çünki heç yadıma da düşməzdi. Elə bildim it hücuma gəlir. Qəflətən elə bil kimsə digər əlimlə köməyimə gəldi və sürətlə axşam bişirdiyim şəkərbura, paxlavanı arxaya dağıtdım, var gücümlə geri atdım (buna psixologiyada şüuraltı təfəkkür deyilir). İtlər şirniyyata tərəf çəkildilər. Mən addımlarımı yeyinlədərək uzaqlaşmağa çalışdım. Bir az aralıda təndirxana vardı. Tez orada daldeyləndim. İtlər yeyib arxamca baxırdılar. Kafelərin kabab töküntülərindən pıxan itlər hil, darçın, zəncəfil ətrinə gəliblərmiş. Gecə növbəsində çörək bişirən xanımlar məni içəri aldı. Keçirdiyim 5 dəqiqə mənə 5 ildən çox görünürdü.
Elə bil bu nəticəni gözləyirdi. Küçə adamla doldu. Mən məktəbimizə doğru addımladım. Fikrimdə düşündüm: kimə deyəsən ki, demək ayıb olmasın, itlərin hörməti insandan üstün olub. Toyuğunu yeyən iti döydüyünə görə biri hələ həbsdədir. Bir başqasının itlər yığılıb inəyini parçaladı, həmin itləri vurduğuna görə inək sahibini tutdular, amma kimsə düşünmür ki, bəs o toyuq, o yumurta, o inək əvəzi uşaqlara yeməyə nə vermək lazımdır. Bir inək bir ailənin dolanacağı idi, yaxşı, iti fikirləşirsən, bəs o üç uşağı fikirləşmirsənmi?! Bir nəfər də kreditlə inəklər almışdı. Quduz it hər üç inəyi zədələmişdi deyə üçünü də güllələyib apardılar.
Deməli, ailənin məhv edilən inəklərin kreditini ödəməsi elə böyük faciə deyil, amma şübhələndiyi iti vursaydı faciə olardı. Bax, məsələn, mən o şirniyyat torbasını həyəcandan atmasaydım, özümü müdafiə üçün itləri torbayla və çantayla qorxutsaydım, itlər bunu onlara hücum kimi qəbul edər, məni parçalayardılar. Yəni bir ailənin faciəsi bir küçə heyvanı qədər dəyərli deyilmi? Vallah, bu, insanlığın urvatsızlığıdır.
Uzun şıkayətdən sonra gəlib itləri guya yığdılar, hərəsinə bir sırğa taxıb yenidən qaytardılar. Guya indi zərərsizləşdiriblər, quduzluğa qarşı peyvənd olunublar. Heyvansevərlik başqadır. Kim istəyir aparıb itini lap özüylə yatırtsın, süfrəsində oturtsun, eyni nimçədən yemək yesin. Bu, onun öz işidir. Söhbət küçə itlərindən, sahibsiz itlərdən gedir – hamımızın başımıza bəla olan it sürüləri. Nəinki kəndlərdə, şəhərlərdə də sırğalı küçə itlərinin əhatəsindəyik. Qəti bilmək olmaz hansı saniyədə o heyvanın heyvanlığı tutacaq. Burada təəccüblü heç nə yoxdur, axı o heyvandır, yırtıcıdır. Atalar boşa demirdi, itlə nə qədər dost olsan da çomağı əlindən yerə qoyma.
Mənim iradım qəti itlərə deyil, itsevərlərədir. İtləri cəmiyyətimizin eyni hüquqlu üzvünə çevirməkdə məqsəd nədir? Avropadan hər gələndən sorşuram ki, küçədə itlər var idimi. Onlar ağaclardakı quşlardan, dələlərdən başqa küçədə bir səfil heyvana rast gəlmədiklərini deyirlər. Bəs bizim oxşamaq istədiklərimiz kimlərdir axı...
Uşaqlıqda küçələrdə hərdən qəfəsli maşın görərdik. Deyirdilər ityığan maşındır, sahibsiz küçə itlərini yığırlar. Deyirəm o ityığan maşınlardan olsa elə o adını heyvansevər qoyub, insanı itdən ucuz tutanları yığardım. Sonra onlara mənim keçirdiyim o stresi yaşadardım. Sonda sual verərdim ki, övladını sırğalı itlərin əhatəsində məktəbə tək yola sala bilərsənmi?
Bizim də həyətdə itimiz var, adı Buluddur. Onu çox sevirik. Kimsəyə zərər verməz, yalnız həyəti qoruyar, yad adam gələndə səs edər.Uşaqlarımla birlikdə bağda gəzər, əylənərlər. Bizi kimi yüzlərlə ailənin həyətində ev keşikçisi kimi iti var. Biz də heyvansevərik, amma kiminsə faciəsi üzərində sevgi yaşatmırıq.
Xatırladım ki, itlər insan tərəfindən əhilləşdirilsə də əcdadı canavardır. Canavar isə yırtıcıdır. Yırtıcının xisləti parçalamaqdır. Bu, təbii tələbatdır. İtdə heç bir günah yoxdur. Günahkar o itləri bizim aramızda səfil yaşatmaq istəyərək insanlarda itlərə nifrət yaradanlardadır.
Esmira ƏLƏKBƏRLİ