Hər bölgəni tanıdan, mədəniyyətini xarakterizə edən bir vasitə olur. Əzəldən Borçalını tanıdan da saz-söz olub. Kimin yanında Borçalı deyilsə ilk ağlına meydanlar titrədən sədəfli saz, qüdrəti qılıncdan kəskin olan söz və öz sanbalı, ərdəmi, yerişi-duruşu ilə seçilən böyük ozanlar gəlir. Dədəmiz Qorquddan bu yana saz türk soyunun yoldaşı, sirdaşı olub. Cəngdə, toyda, qəmdə saz bizim ruhumuzun kökünə köklənib. Saz elə bir unikal alətdir ki, sanki insanın halını duyur və hisslərini pərdə-pərdə dilləndirir. İftixar vericidir ki, Borçalı Dədə Qorqudun yadigarı olan sazımızın, saz üstündəki havacatlarımızın qorunmasında, inkişafında və əsrdən-əsrə, nəsildən nəslə ötürülməsində böyük rol oynayıb. Hətta deyə bilərik ki, klassik sazımızın bu günə çatması məhz elə Borçalı aşıqlarının adı ilə bağlıdır. Belə bir yurdun övladı olmaq insanın qarşısına böyük məsuliyyətlər qoyur. Düşünən insanı vadar edir ki, bu cür faktların dərinliyinə ensin. Borçalı aşıq məktəbini yaxından tanımaq, yaşatmaq, təbliğ etmək bir tərəfdən də hər birimizin borcudur. Bu borcu bizim çiyinlərimizə yaşadığımız torpaq, içdiyimiz su qoyur. Bu sənət bizim mənəvi sərvətimizdir.
Borçalı aşıq məktəbi çox ozanlar yetirib. Bu il ustad ozan, Borçalı Dədə Qorqudu aşıq Hüseyn Saraçlının anadan olmasının 110 illiyi olduğu üçün istəyirəm onun yaradıcılığından və Borçalı aşıq məktəbinə verdiyi misilsiz töhfələrdən danışam. İnanmıram ki, Borçalıda Hüseyn Saraçlının adını eşitməyən olsun. Nəinki Borçalıda, bütün türk dünyasında Hüseyn Saraçlı hələ öz sağlığında şöhrət qazanmış bir sənətkardır. Gürcüstanın yeganə “əməkdar mədəniyyət işçisi” statusunu qazanmış aşıq Hüseyn Saraçlıdır.
Hüseyn Saraçlı 15 aprel 1916-cı ildə qədim-qaim Borçalı mahalının ağır ellərindən olan Saraçlı kəndində, Koxallı tayfasından Qurban kişinin ailəsində dünyaya göz açıb. Qurban kişi el arasında sayılıb-seçilən adam idi və ağa nəslindən idi. Müstəqil Gürcüstan dövləti qurulduqdan sonra Saraçlıda ilk məktəbin bünövrəsini də elə Qurban kişi atmışdı. 1919-cu ildə Qurban kişi Sosial-Demokratlar partiyasından Borçalı mahalı bələdiyyə məclisinə deputat seçilmişdi. Dövrün çətinlikləri Hüseyn Saraçlının həyatında da böyük izlər, ağrı-acılar qoyub. 1921-ci ildə Gürcüstanda Sovet hakimiyyəti qurulduqda Qurban kişinin mal-dövləti də müsadirə olunur. Zamanında ağa ailəsi olan bu ailə indi kasıblıqla mübarizə aparmalı olur. Balaca Hüseyni atası kənd mədrəsəsində mollanın yanına təhsil almağa qoysa da Hüseyn aşıqlığa meyil salır və mollaxanadan qaçaraq aşıq İsmayıl Saraçlının yanına gedir. At quyruğunu taxta üzərinə bağlayaraq çalıb-oxumağa başlayır. Atası başdan Hüseynin aşıq olmasına razı olmasa da, sonradan onun aşıq İsmayılın yanına getməsinə icazə verir.
1931-ci il 15 aprel günü (Hüseyn Saraçlının doğum günü) kəndə Kolxoz qurmaq adı ilə gələnlər “pantürkist” damğası ilə 16 yaşlı Hüseynin gözləri önündə atası Qurban kişini güllələyirlər. Bu gündən sonra Hüseyn Saraçlının ağır günləri başlayır. Öz səs yazılarında ustad belə deyir: “Adam var dəmdən aşıq olur, adam da var qəmdən aşıq olur, mən qəmdən aşıq olmuşam”. Bəlkə də bu ağrılı günlər Hüseyn Saraçlının istedadını oyatmaq üçün İlahidən göndərilən bir vəsilə idi. Bəzən insan çətinliyə düşəndə öz istedadını kəşf edir və bəzi istedadlar elə çətinlik zamanı yaranır. Qurban kişini güllələyənlər aşıq İsmayılı da həbs edirlər. Hüseyn Saraçlı həm atasını, həm də ustadını itirir. Qurban kişinin yeddi oğlu var idi. Onun ailəsinin ağırlığı bacısının üstünə düşmüşdü. Qohumları Hüseyni aşıq Quşçu İbrahimin yanına şəyirdliyə qoyurlar. 1933-cü ildən Hüseyn Saraçlı öz ustadı ilə məclislərdə iştirak edir. Saraçlı şair Hüseynə, Faxralı şair Nəbiyə, şair Ağacana saz tutur və Faxralı aşıq Sarvan Bayramdan da dərs alır. 1937-ci ildən Hüseyn Saraçlı tam püxtələşmiş sənətkar kimi yarışmalara qatılır, məclislər idarə edir, medallar qazanır. Çox tez bir vaxtda Hüseyn Saraçlının şöhrəti bütün Borçalıya və türk dünyasına yayılır. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Hüseyn Saraçlını sənətkardır deyə cəbhəyə aparmasalar da, Zop kəndindəki mərmər karxanasına işləməyə göndərirlər. Qardaşlarını isə cəbhəyə aparırlar.
Hüseyn Saraçlı Azərbaycan aşıq sənətində öz dəsti-xətti və xidmətləri ilə seçilən sənətkardır. Onda gerçək ozan siması olub. Hüseyn Saraçlını fərqləndirən əsas xüsusiyyəti onun mahir şəkildə dastan danışması olub. Bütün dastanları bilib və danışıb. Klassik havaların qorunub-saxlanılaraq gənc nəsillərə ötürülməsində də onun əməyi danılmazdır. Demək olar ki, bütün havaları ifa edərək lentə yazdırıb. Bu gün biz onun çalıb-oxuduğu havaları, danışdığı dastanları dinləyə bilirik. Koroğlu dastanlarını danışanda sanki özü Koroğlu obrazına girir, Kərəmi danışanda Kərəm kimi alışıb yanır. Ustad Hüseyn Saraçlı Borçalı ləhcəsini də bütün dinləyicilərinə sevdirmişdi. Onun şirin ləhcəsi hamını valeh edərmiş. Azərbaycanda çəkilmiş “Tütək səsi” “Firəngiz”, “Ələsgər”, “Nəğməkar torpaq”, “Uzun ömrün akkordları” və Gürcüstanda çəkilən “İlk baxışdan məhəbbət” filmlərində yer alıb. “Tütək səsi” filmində ifa etdiyi “Ruhani” bu gün də bütün türk dünyasında məşhurdur.
Aşıq Hüseyn Saraçlının Borçalı aşıq məktəbinin formalaşmasında, təkamülündə böyük əməyi var.
Mənbə: Hüseyn Saraçlı irsinin fədakar tədqiqatçısı Rəşad Saraçlının araşdırmaları.
Cəlal Yadigarlı
