Peşə təhsili proqramlarına qeydiyyat mayın 11-də başlayıb və mayın 29-na kimi davam edəcək.
Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi tərəfindən yayımlanmış məlumata görə, qeydiyyat “vet.ge” veb-səhifəsində onlayn qaydada və ya Gürcüstan miqyasında fəaliyyət göstərən peşə təhsili proqramlarını həyata keçirən müəssisələrdə mümkündür.
2026-cı ildə təklif olunan peşə təhsili müəssisələri və proqramlarının tam siyahısını, eləcə də qeydiyyat üçün ətraflı təlimatı “vet.ge” portalından əldə edə bilərsiniz.
“2026-cı ildə bütün Gürcüstan miqyasında ictimai və özəl peşə müəssisələri peşə tələbələrini rəngarəng peşə təhsili proqramlarına qəbul edəcək. İnteqrasiya olunmuş proqramların sayı yenidən artmışdır ki, bu da əsas təhsilli şəxslərə peşə təhsili ilə yanaşı, həm də tam orta təhsil almaq imkanı verir.
Qeyd olunan proqramların tamamlanması nəticəsində peşə diplomu verilir ki, bu da tam orta təhsil haqqında attestata bərabər tutulur və arzu olunduğu halda, təhsilin ali pilləsində oxumağa davam etmək imkanı yaradır”, – deyə Təhsil Nazirliyinin məlumatında bildirilir.
Qurumun məlumatına görə, qeydiyyat həmçinin dual yanaşma ilə həyata keçirilən proqramlar üzrə də davam edir. Dual yanaşma təhsil müəssisəsi ilə şirkət arasında məsuliyyətin bölüşdürülməsini nəzərdə tutur. Proqramla nəzərdə tutulan təlim nəticələrinin 50%-i və ya daha çoxu real iş mühitində, konkret şirkətdə əldə edilir.
Mənbə: edu.aris.ge