Dəyərli oxucular, əslində qəzetimizin bu nömrəsi üçün yazmaq istədiyim mövzu başqa idi, lakin son günlərdə ölkəmizdə yaşanan faciəvi yol qəzaları və bərabərində həyatını itirən gənclər, sönən ocaqlar məni vadar elədi ki, bu haqda yazım. Keçdiyimiz aylarda iki, ümumilikdə isə dörd sinif yoldaşını avtomobil qəzasında itirmiş biri olaraq bu mövzuda ürəkağrısı ilə olsa da, bir çox şey yaza bilərəm. Şübhəsiz ki, ölümlə nəticələnən avtomobil qəzalarının demək olar ki, hamısı yol-hərəkət qaydalarının kobud şəkildə pozulması ilə bağlıdır. Qəzaların böyük əksəriyyəti isə yüksək sürət səbəbilə yaranır. Mən də sual verirəm: – “hara tələsirsiniz?” –yəni getdiyiniz yerə 10-15 dəqiqə gec, ya tez çatsanız nə dəyişəcək? 10-15 dəqiqə üçün milyonlarca dəqiqənizi itirməyə dəyərmi? Əslində, xüsusən gənclər arasında bu yüksək sürətin səbəbi harasa tələsmək də deyil. Dəfələrlə eşitmişəm ki, biri o birinə deyib: “Qaqan dünən 180-i sıxdı”. Təəssüf ki, bu sürət məsələsi gənclər arasında bir növ yarışa, fəxr duyulası hadisəyə çevrilib. Bəsit bir toxunuşla sağa-sola dönən sükana güvənərək dəyərmi həm özünüzün, həm də qarşınızdakı insanların həyatını riskə atmağa? Hər an hansısa bir hissəsində nasazlıq yarana biləcək bir dəmir parçasına güvənərək, dəyərmi sevdiklərinizi gözüyaşlı buraxaraq, cavan ömrünüzü puç etməyə?
Ümumiyyətlə, Gürcüstanda avtomobil idarə etmək çox qəliz məsələdir. İnsanlar sanki sükan arxasına ona görə otururlar ki, bütün qəzəblərini yola boşaltsınlar. Yeniyetmələr xatırlamaz, əvvəllər ictimai nəqliyyatda sürücülər siqaret çəkirdilər. Bir sürücü var idi, adına “Babu” deyirdilər. Ağsaqqal kişi idi. Damağından siqaret, ağzından söyüş əskik olmurdu. Sanki Babu üçün söymək bir növ sənət idi. Şərt o deyildi ki, kimsə hər hansı yol qaydasını pozsun. Uçan quşa belə bəzən: “Az qaldı şüşəmə dəyə, sənin lap...” – deyə küfr edən bir şəxs idi. Sonralar ictimai nəqliyyatda siqaret çəkmək qadağan olundu. Və ondan sonra bir daha Babunu görmədim. Babunu niyə misal gətirdim? Çünki o, məndə və bir çox sərnişində psixoloji travma yaratmışdı. Hər dəfə onun marşrutuna minəndə içimi qorxu bürüyürdü ki, çatanda necə “saxlayın” deyəcəm. Ağır eşitdiyinə görə “saxlayın” sözünü bir neçə dəfə təkrar etmək məcburiyyətində qalırdın və axırda istər-istəməz bir az ucadan deməli olurdun. Bax onda əsl qiyamət başlayırdı. Elə bir qiyamət ki, siz o ankı qorxu səhnələrini heç “Texas qətliamı” filmində də izləyə bilməzdiniz. Sözümün canı odur ki, elə bu dəqiqə də yollarımızda avtomobil idarə edənlərin əksəriyyəti Babu xarakterli, əsəbi, hətta, deyərdim ki, psixoloji problemləri olan şəxslərdir. Ona görə də, məncə yaxşı olardı ki, sürücülük vəsiqəsi imtahanlarında boş-boş, irəli-geri sürdürməkdənsə, daha çox psixoloji testlərə üstünlük verilsin. Onsuz da heç kəs avtomobil idarə etməyi imtahanda öyrənmir. Peşəkar sürücülük təcrübə artdıqca zamanla qazanılan bir keyfiyyətdir. Bundan əlavə, ən azından 2-3 ildən bir vəsiqəsi olan şəxslər gedib yenidən psixoloji yoxlanışdan keçməlidir deyə düşünürəm. Bu gün vəsiqə verdiyin şəxsin, bir neçə il sonra ruhi xəstəyə çevrilməyəcəyinin sığortası yoxdur. Bir də, məncə, yaxşı olardı ki, kameralar maksimum dərəcədə artırılsın. Çünki bu həqiqətən də qəzaları azaltmaqda işə yarayan bir metoddur. Etiraf edək ki, əksər sürücülər sırf kamera və cərimə qorxusundan sürəti azaltmaq və qaydalara əməl etmək məcburiyyətində qalırlar. Təəssüf ki, bəzi insanlar kameradan və cərimədən qorxduqları qədər Allahdan və öz vicdanlarından qorxmurlar.
Amma nə etsək də, bəzən Gürcüstan yollarında qəza etməmənin imkansız olduğu anlar olur. 2022-ci ildə yaşamağımıza baxmayaraq, hələ də bəzi şəhərlərdə, küçələrdə elə bərbad yollar mövcuddur ki, yolun özü birbaşa: “qəza et, əzizim” – deyir.
Camaat 6 aya bir şəhərcik inşa edir, bizdə isə mərkəzi yollar belə bəzən illərlə düzəldilmir. Kasıbın maşını da həmin yollarda darmadağın olur, sonra da texniki baxışda deyirlər ki, maşının əlverişsizdir. Bəs sənin yolların əlverişlidirmi?
Qayıdaq əvvələ və bitirək mövzumuzu. Statistikaya görə, dünyada hər il 1,2 milyon insan yol-nəqliyyat hadisələrində həyatını itirir. Yüksək sürət, spirtli içki qəbul edib sükan arxasına əyləşmək, yol boyu bir gözü telefonda nəyəsə baxmaq, avtomobili yorğun və yuxusuz halda idarə etmək... saydığım bu və digər hallar ən çox qəzaya səbəb verən amillərdir. Və bunlardan yayınmaq öz əlimizdədir...
Anar RAFİQOĞLU
“Era Teatrı”nın bədii rəhbəri, rejissor