Bəlkə bu tipdə, amma müxtəlif başlıqları olan yüzlərlə, minlərlə yazıya rast gəlmisiniz. Müasir düşüncəli insanlar bu mövzuya dəfələrlə toxunublar. Kimisi qəzet, jurnal, televiziya vasitəsilə; kimisi təqdimatlar, lahiyələr, yarışlar hazırlamaqla; kimisi də öz ailəsinə, övladlarına, qohum-əqrəbasına, dost-tanışına bunun səhv olduğunu başa salmaqla bu mövzuda öz mövqeyini bildirib. Sözügedən bu mövzu isə qızların erkən yaşda evləndirilməsi, qadın hüquqları, qadın cinayətləri və sairdir. Əgər biz publisistika ilə məşğul olan hər hansı bir şəxsin yazılarını araşdırıb oxusaq nə vaxtsa bu mövzuya toxunduğunu və ya fikir bildirdiyini mütləq görərik. Elə bizim “Yeni Yol” qəzetinin yazarları arasında bu mövzuya toxunanlar az deyil. Bu gün onlara mən də qoşuluram.

 

Əslində, bu saydakı yazımın mövzusu tamam başqa idi, lakin 14 yaşlı yeniyetmənin evləndirildiyi, daha doğrusu, qaçırıldığı nişanlısı tərəfindən qətlə yetirildiyi acı xəbəri məni bu mövzuda yazmağa vadar etdi. Amma hadisəni lap başdan danışıb kiminsə yenidən qanını qaraltmaq niyyətində deyiləm. Çünki bu yazı yayımlananda bəlkə sözügedən hadisə çoxdan unudulmuş olacaq. Niyə unudacaqlar bilirsinizmi? Ona görə ki, bu cür hadisələri oxuyanda, görəndə, eşidəndə, rast gələndə təsirlənirik. Belə hadisələr bizi ağuşuna alır. Yalnız bu haqda fikirləşirik. Amma təəssüf ki, bu hal uzun müddət davam etmir. Bir müddət gündəmi zəbt etdikdən sonra heç yaşanmamış kimi ağıllardan buxarlanıb gedir.

 

Mən bizim bu mövzuda aciz olduğumuzu düşünürəm. Biz də, bizim qələmimiz də acizdir. Niyə acizik bilirsinizmi? Ona görə ki, neçə əsr keçib, biz hələ də heç nəyi dəyişə bilməmişik. On doqquzuncu əsrdə baş verən hadisələr bu gün də aktualdır. Seymur Baycan demiş, əgər biz bu gün də Mirzə Cəlinin, M.Ə.Sabirin yazdığı mövzularda yazırıqsa, deməli, heç nə dəyişməyib. Əgər bizim yazılarımız heç kimə təsir etməyibsə, kimsə onu dərk etməyibsə və yaxud oxuyub yenə də görməzdən gəlibsə, deməli, qələmimiz də acizdir. Bizi aciz qılan isə hörümçək toru bağlamış adətlərimiz və mentalitetimizdir – qanundan daha üstün tutduğumuz, neçə qurban verdiyimiz mentalitetimiz, qopa bilmədiyimiz adətlərimiz... Belə bədbəxt hadisələrin ən böyük günahkarı məhz onların əsiri olanlardır. Çoxları üçün bu əsir yeniyetmə qızcığazın anasıdır. Sosial şəbəkələrdə hansı şərh bölməsini açırsan hamı haqlı olaraq onu günahlandırır. Elə biri də mən.

 

Bəzi analar var qızlarına təhsildən çox cehiz verməyi özlərinə borc bilirlər. “Mən yaxşı gün görmədim, qızımı yaxşı yerə verim, ağ gün görsün” fikri ilə balalarının həyatını puç edirlər. “Bizim vaxtımızda belə olub, bizi də bu yaşda evləndiriblər” deyib qızlarını erkən yaşda evləndirirlər. Daş düşsün onların dövrlərinə. Elə bu dar düşüncəyə görə o qızcığazın gördüyü “ağ gün” qara torpaq oldu. Hələ bir utanmaz-utanmaz müsahibə də verir ki, mən bala vermirdim, əl çəkmədi. Bu, qızlarını erkən yaşda evləndirənlərin ən böyük yalanı və bəhanəsidir. Əgər o ana istəsəydi o çəkmədikləri əli qırardı. Qızını bu yaşda evləndirmək istəməyən ana qızı yeniyetməlik yaşına çatan kimi ona cehiz yığmağa başlamaz. Nə olsun, sənin qızın fiziki cəhətdən böyüyüb, yaşıdlarından seçilir, amma hələ uşaq ağıldadır. Onun hələ gəlinlikdən daha çox gəlinciyə maraq göstərdiyi yaşıdır. Təəssüf ki, bir ana olaraq o qadın bunu anlamayıb. Əslində ona heç ana da demək olmaz...

 

Sosial şəbəkələrdə ən böyük günahın o qadında olduğunu deyirlər. Oğlanın ailəsindən danışan yoxdur. Danışdırsan deyərlər biz camaatın uşağını zorla almadıq, elçi getdik, verdilər. Bir nəfər də demir ki, sizin ağlınız haradadır, 14 yaşlı qıza elçi gedirsiniz, düşünmürsünüzmü ki, o hələ uşaqdır. Sizin oğlunuz hara, o azyaşlı hara. Camaat özündən o qədər böyüyə əmi, dayı deyə müraciət edir. Bu dəfə də bu tərəf deyəcək ki, qızın o yaşda olduğunu bilmirdik. Bu da onların klassik yalanıdır.

 

Bu hekayə ümumilikdə yalanlarla doludur. Hamı hər şeyin yaxşı fərqində idi. Ali təhsillisindən tutmuş savadsızına qədər – hamı hər şeyi bilirdi. Lakin “bizim nə işimizə qalıb, özləri bilər, el adəti ilə nişanlayıblar, yaşı gələndə də toy edərlər” deyib susdular. Burada susanlar da günahkardırlar.

 

“Bizim nə işimizə” fikri ilə doğulub boya-başa çatan, çatdıran, içi mən qarışıq, hamı günahkardır. Biz klaviatura arxasında, ekran arxasında haqsızlıq qarşısında dillənməyi bacarırıq. Səsimizi çıxarmağımız üçün kimsə həyatını itirməlidir. Bədbəxtlik baş verməmiş bunun qarşısını almaq imkanımız olsa belə biz susmağı seçirik. İş-işdən keçəndən sonra şərh bölməsini doldurmaqla heç nə dəyişmir.

 

Haqq-ədalət onsuz da öz yerini tapır. Biz problemi kökündən həll etməliyik, bu cür gedişata DUR deməliyik. Yoxsa bu tarixin acı təkrarıdır. Bu cür mövzularda sosial şəbəkələrin şərh bölməsində aktiv olduğumuz qədər, həyatda da aktiv olmalıyıq, səsimizi çıxarmalıyıq ki, körpə həyatlar yarımçıq qalmasın.

 

Müəllif: Çiyalə Osmanova