Fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı olmaqla baş vermiş iki zəlzələ dünyada olduğu kimi Gürcüstan vətəndaşlarını da dərin kədərə qərq etdi. Orada vəfat edənlər, yaralananlar öz yaxınlarıymış kimi buradakı xalq da üzüldü, kədərləndi göz yaşı tökdü. Xilas olan hər can bu xalqın da sevinc gözyaşları ilə qarşılandı. Xalq saatlarca gözünü televizorun ekranından çəkməyərək gələcək olan xoş xəbərlərə yönləndi.
Gürcüstanın hansı küncündə, hansı rayonunda, hansı kəndində bir Azərbaycan türkü varsa orada bir səfərbərlik təşkil olundu. Uşağından ağsaqqalına, ağbirçəyinə – hər kəs əlini daşın altına qoyub yardıma qaçdı. Edilən səfərbərlik əsnasında kimisi hələ istifadə etmədiyi cehizliyini, kimisi uşağına aldığı bezi, kimisi cibindəki son çörək pulunu bağışladı. Körpələr öz oyuncaqlarını göndərdilər. Hər kənddə, hər şəhərdə dəstək aksiyaları başladıldı; kimisi geyim, kimisi yatacaq dəsti, kimisi qida, kimisi isidici, kimisi də pul ilə dəstək olmağa çalışdı. Məhz elə bu sayədə Gürcüstanın paytaxt Tbilisidən, Kaxeti bölgəsində yerləşən kəndlərdən, Dmanisi və kəndlərindən, Qardabanidən və kəndlərindən, Marneulidən və kəndlərindən, Bolnisidən və kəndlərindən – bir sözlə, harada bir nəfər belə Azərbaycan türkü yaşayırsa o bölgələrdən toplanmış yorğan, döşək, uşaq bezi və yeməyi, isti paltarlar, qida, elektrik və odun sobaları və digər ehtiyac duyulan əşyalardan ibarət 43 yük maşını və iki mikroavtobus 697 ton yüklə zəlzələ bölgələrinə yola salındı.
Bundan əlavə, adı çəkilən məntəqə əhalisi tərəfindən toplanan təxminən 559365 (beş yüz əlli doqquz min üç yüz altmış beş) lari/təxminən 4015304 (dörd milyon on beş min üç yüz dörd) lirə məbləğində maddi yardım olunub. Bu vəsaitdən bir miqdarı Türkiyənin Gürcüstandakı səfirliyinə təhvil verilib, bir miqdarı isə Türkiyədəki AFAD, KIZILAY kimi dövlət qurumlarına və müəyyən vəqf və təşkilatlara göndərilərək oradan ehtiyac olunan ləvazimatların alınmasına xərclənib.
Qeyd olunan yük maşınlarından 7-si isə azərbaycanlıların kompakt yaşadıqları müxtəlif rayonlardakı dövlət qurumları tərəfindən təşkil edilmişdir. Maddi vəsaitin bir qismi isə Azərbaycanda və Rusiyada yaşayan həmyerlilərimiz tərəfindən toplanmışdır.
Məlum olduğu kimi, Gürcüstan dövləti də 1000000 (bir milyon) lari/7165000 (yeddi milyon yüz altmış beş min) lirə maddi dəstəklə birlikdə arama-qurtarma heyəti, tibbi ləvazimatlar göndərib. Həmçinin paytaxt Tbilisidə yaşayan gürcü vətəndaşlarımız da əllərindən gəldiyi qədər dəstək olmağa çalışıblar.
Qeyd edək ki, bu dəstək aksiyalarında QHT-lərlə birlikdə bələdiyyələr, Gürcüstan Müsəlmanları İdarəsi, məktəblərin müəllim və şagird heyəti və bölgə əhalisi iştirak edib.
Araşdırma nəticəsindəki məlumatlar Türkiyənin Gürcüstandakı səfirliyinin bu yardım işləri üçün təyin etdiyi bölməsindən və bölgələrdə bu yardımla əlaqəli aktiv iştirak edən şəxslərdən əldə edilmişdir.
Hacı Bəkiroğlu