Dərə xəlvət, tülkü bəydir əslində... Ölkədə səsin-küyün, etirazın, mitinqin, çal-çağırın, maşınların siqnalının qulaq batırdığı bir vaxtda xəlvət dərə varmı, əcəba? – Mən deyim var, siz deyin elə şey ola bilməz. Mən deyim ölkənin, bəlkə də dünyanın ən xəlvət yeri oradır. Siz fağır-fağır gözünüzü döyüb o xəlvət yeri tapmaq üçün beyninizi yormayın, onsuz da tapa bilməzsiniz, yatsaz yuxunuza da girməz, ona görə də birbaşa soruşun ki, bu səsli-küylü dünyada o xəlvət yer haradır, haradadır? – Mən də deyim ki, o xəlvət yer səsin-küyün, etirazın, mitinqin, çal-çağırın, maşınların siqnalının qulaq batırdığı qədim Tiflisin düz köbəyindədir, lap köbək pirsinqi kimi...

 

Qorqasali 1 ünvanında yerləşən Tiflis Azərbaycan Dram Teatrı xəlvət dərə, bu dramı başına gələn, başına qaxılan bədbəxt teatrın bədii rəhbəri, rejissoru, səs rejissoru, aktyoru, qrimyoru, bəstəkarı, rəssamı, xoreoqrafı, işıqçısı, aparıcısı, ağası, kəndxudası, yiyəsi Turqay bəy də bu xəlvət dərənin tülküsü yox, “Ayı”sıdır (Allah Anton Çexova rəhmət eləsin! Yaxşı da ki, “Ayı”nı yazıbmış). Ayının da qış yuxusuna getdiyini indi “Maşa və Ayı” cizgi filminə baxan uşaqlar da bilir. Bizim ümummilli div yuxumuzun isə fizioloji olmadığını üləmalarımız çoxdan təsdiqləyiblər.

 

Nə isə, burada uzun-uzadı bu xəlvət dərənin Ayı bəyinin yuxusunu yozmaq niyyətində deyiləm. Pıçıltı ilə “səs salma yatanlar ayılar, qoy hələ yatsın” (M.Ə.Sabir) deyib Ayını qış yuxusundan ayıltmağımdan qorxanlar da bilib agah olsunlar ki, Ayı Tiflisin bu səs-küyünə, etirazına, mitinqinə, çal-çağırına, maşınlarının siqnalına o qədər öyrəşib ki, mənim səsim ona kar eləməz. Ayı onsuz da Novruzdan-Novruza oyanıb yığar bayram xonçasın, şəkərburadan, paxlavadan yeyib, özünün toyun eylər, sonra da kulisdə xəlvətə çəkilib bəyliyini sürər.

 

Əsl yuxuya gedənlər isə bizlərik, yəni dramı adına yox, taleyinə yazılan, başına qaxılan bu bədbəxt teatrın tamaşaçıları, bu mədəniyyətin daşıyıcıları, icmamız. Uşaqlıqdan canımıza, qanımıza hopdururlar ki, maraqlanmaq, şübhə etmək, sual verməq olmaz, qadağandır, gunahdır; böyüyəndə də maraqlanmağa, şübhə etməyə, sual verməyə qorxuruq. Heç maraqlanmırıq ki, Tiflisdə adı bizim, dadı özgənin olan bir milli teatrımız var, bu teatr əvvəllər heç olmasa ildə dörd dəfə yeni tamaşalarla adını daşıdığı mədəniyyətə xidmət edirdi, tamaşaçılar qarşısına çıxırdı, qastrol səfərləri edirdi. Bəs indi bu teatrdan niyə bir səs-səmir çıxmır. Bu teatrın pərdəsi niyə bağlanıb? Bu dram teatrıdır, yoxsa pioner klubudur? Bu teatrın fəaliyyəti elə Novruz bayramında bədii rəhbərinin bölgələrdə mübtədası, xəbəri kəlləmayallaq Azərbaycan dilində aparıcılıq eləməsindən, aktyorlarının Kosa, Keçəl olub şəkilə çəkilməsindən, qarovulçusunun Dədə Qorqud olub bayram tədbirinə yığılmış oğuzların izdihamında özünü yad aparmasındanmı ibarətdir? Təkcə “Ayı” tamaşasındanmı ibarətdir (Allah Anton Çexova rəhmət eləsin! Yaxşı da ki, “Ayı”nı yazıbmış)?..

 

Ümummilli yaddaş zəifliyindən, unutqanlıqdan əziyyət çəkdiyimizə görə xatırladım ki, 2020-ci ilin martında, yeni təyin olunmuş (!) Turqay Vəlizadənin bədii rəhbərliyi ilə, koronavirus pandemiyasının insanları evlərdən bayıra çıxmağa qoymadığı bir zamanda Tiflis Dövlət Azərbaycan Dram Teatrının 11 işçisi (8-i aktyor) teatrda baş verən haqsızlığa, özbaşınalığa, fəaliyyətsizliyə etiraz etdiklərinə görə işdən azad edildilər. Elə bundan sonra da teatrın pərdəsi bölgələrdən tamaşalara baxmaq üçün gələn daimi tamaşaçıların, Azərbaycanlıların yaşadıqları regionlara edilən qastrolların, xarici festivalların, yeni layihələrin üzərinə bağlanmağa başladı. İstədikləri yar idi, yetirdi Gürcüstanın Mədəniyyət Nazirliyi.

 

Tiflisin köbəyində pirsinq olmuş teatr artıq insanların yaddaşında paslanmağa başlayıb. Ömründə bir dəfə “Ayı” tamaşası qoymuş (Allah Anton Çexova rəhmət eləsin! Yaxşı da ki, “Ayı”nı yazıbmış) Turqay bəy tamaşasının həm rejissoru, həm aktyoru, həm musiqi tərtibatçısı olduğu kimi, həm də yeganə tamaşaçısı oldu. Görəsən, bundan dramatik səhnə varmı teatrlarda?..

 

Ölkədə səsin-küyün, etirazın, mitinqin, çal-çağırın, maşınların siqnalının qulaq batırdığı bir vaxtda dərə xəlvət, tülkü bəy – teatr xəlvət, Ayı bəydirsə, günah hamıdadır.

 

Azər MUSAOĞLU