Xeyli vaxtdır dayanmışam manitor qarşısında. Düşünürəm... Birinci dəfədir ki, yazmaq istəyirəm, amma mövzu o qədər qarışıqdır ki, haradan başlayım bilmirəm...
Adətim üzrə yenə də “o yandan” başlayacam, çünki şagirdlərim deyir ki, müəllim, siz yeni dərsi izah edəndə, o yandan izah edib təzə mövzuya daxil olanda elə sinifdəcə öyrənirik dərsi. Deyirəm, bəlkə özümü müəllim, oxucumu da şagird hesab edim. Bəlkə sinifdə dərsi öyrənən şagirdlərim kimi, ehtiyacı olan cahillərə ibrət olası nə isə aşılaya bildim...
Yox, mən də hamı kimi birbaşa Ləmbəli hadisəsindən başlayıb günahkar oğlandan, yazıq qızdan danışmayacam. Qəti! Amma başqa yöndən, öz baxışımla, vicdanla və həqiqətlə...
Ümumiyyətlə, həyatda səbəbsiz heç bir nəticə yoxdur. Heç nə heç vaxt heç nədən baş vermir. O adama ağıllı deyərdim ki, atdığı addımın səhvində özünün günahını görə bilsin və nəticə çıxarsın.
Başlayaq o yandan.
Bəxtiyar Vahabzadənin “İllər” şeiri var, mənası odur ki, uşaq gündə on kərə güzgüyə baxaraq nə vaxt böyüyəcəyini gözləyir. Daim illərdən şikayət edir, qovmaq istədiyi illəri sonralar saxlamağa çalışır.
Uşaqlar tez böyüməyə çalışır, xüsusən də yeniyetmə dövründə. Hələ onlara yaxşı yol göstərən yoxsa, bu, tək valideynin, doğmaların yox, əsas da müəllimlərin, yaxşı dost, qonşunun təsiri ola bilər. Uşaqlar həmişə kənar şəxsləri daha yaxşı dinləyirlər. Bu, psixologiyadır. Sanki başqasının gözüylə özünə baxır.
Biz təbiətin bir parçasıyıq. Hər addımımızda öz əksini tapan müqayisələr əhatəsindəyik, fəqət fərqində deyilik. İllərin fəsilləri kimi ömrümüz də fəsillərə bölünür.
Uşaqlığımız bərkə-boşa düşərək daha da bərkiyən qışdan çıxır, axar-baxarlı, güllü-çiçəkli yaza gəlir. Bu da, gənclikdir. Gah coşur, daşır, çağlayır, gah da sükuta qərq olur. Yazdan sonra barlı-bərəkətli, bəhrəli yay gəlir ki, bu, ömrümüzün orta yaş dövrünü xatırlatsa da, xəzanın gəlişi artıq ömrün sona doğru istiqamətini göstərir. Bu yol elə yol ki, axarı heç nə dəyişə bilməz. Təbiətin yaradılışı elə düzülüb ki, hər şey öz yolunda gözəldir. Nəyisə dəyişmək istəsən domino daşı kimi bütün axar pozulacaq. Gərək toxunmayasan. Toxunuş məhvə aparır. Məsələn, qışın soyuğunda qar altından boylanan yaz çiçəyi heç vaxt qışda yaşaya bilməz, yay meyvəsi yazda ola bilməz, süni yetişdirməklə nə bir meyvə, nə tərəvəz heç vaxt təbii dadı verə bilməz. Təbiət adlanan dünyasında yabançı kimi yaşayır ömrünü, başa vurub gəldiyi kimi də gedir, çünki o, heç vaxt təbii axara qoşula bilmir.
İnsanlar da belədir. Ömrün fəsillərini qarışdıranda həyatı qarışır. Olmazmı, uşaqlığını uşaq kimi, gəncliyini gənc kimi, orta yaşını ana kimi, qadın kimi, qaynana kimi yaşayaraqdan ömrün payızına gedəsən. Dönüb geri baxanda insan kimi yaşamışam deyəsən...
Bir yığıncağa gedəndə bər-bəzəyi ilə sanki yarışa qoşulan yeniyetmələri görüncə, dəfələrlə siz onsuz da gözəlsiniz, əlavəyə ehtiyacınız yox, deyə söz vursam da, yəqin ki, yaşlarının təsiriylə məsləhətim xoşlarına gəlməyəcəkdi. 14, 15 yaşlı qızlar elə geyinir, bəzənirlər ki, 20-25 yaşlı qızları xatırladırlar. Artıq onlar uşaqlığı sona qədər yaşamadan birbaşa ikinci pilləyə istiqamətlənirlər.
Mən şagirdlərə saçınızı hörün, lent bağlayın, uşaq oyunlarını oynayın deyəndə, bax beləcə uşaqlığı yaşayın deyirdim. Uşaq çörəyə “pəpə” deyənə deyilmir, o – körpədir, tumurcuqdur, siz – fidansınız, mələksiniz; o saf dünyanızla bu fani dünyada insanlığın dadını çıxarın.
Əlbəttə, mənim tək deməyim əbəsdir, gərək valideyn də mən deyəni deyə ki, valideyn–müəllim–şagird üçbucağı nəticə versin. Toya 13, 14 yaşlı qızı gözəllik salonundan aparan ana gözəl görünən qızıyla qürurlananda, çox yəqin ki, onun övladı üçün narahat olan müəllimin fikri önəmsiz olacaq. O şagird də müəllim nəsihətinə qarşı biganə olacaq. Müəlliminin öz qızını hörüklü, sadə geyimli, uşaq kimi yönləndirməsi də, onların təbirincə, “geridə qalmışlıq” əlaməti ola biləcək.
Gəlin vicdanla düşünək: 25-30 yaşlarında gənc oğlan evlənmək istəyir. Bizim qızları isə yalnız toy-nişanda seçə bilirsən. Bu, aksiomdur, yəni başqa variant yoxdur. Əgər ana qızını dəbdəli, bəzək-düzəkli baxış müsabiqəsinə qoşursa... Axı istənilən oğlan təsadüfi gördüyü bir qızı bəyənəndə ilk baxışda alnına yaş yazılmır ki??? Yaşını xatırlatmayan o qız da artıq axara qoşulub – yeniyetmə yaşında, saf, boş qəlbinə kiminsə hakim olmağı çox asan olur. Bu, sevgi deyil. Qəti! Bu, bir tərəfin şüurlu evlənmək, ailə qurmaq istəyidir, bunun üçün də ağıllı, abırlı bir həyat yoldaşı seçimidirsə, o yeniyetmə qız üçün maraqdan başqa heç nə deyil. Çünki sevgi, ailə anlamı hələ o qıza çatmayacaq. Onun dünyası övladını uşaqlıqdan “arvadlığa” ata biləcək valideylərin ölçüsü qədər olmalıdır.
Elədirmi?
Bütün bu gerçəklikləri övladına başa salacaq ana elə əllə sayılacaq qədər ola bilər yəqin.
Sosial şəbəkələri zəbt edən Lənbəlidəki faciə günlərdir danışılır, yazılır. Maraqlı o tərəfidir ki, hamı yekdilliklə oğlanın həpsini tələb edir, təhqir edir, günahlandırır, “uşağa tamah salan yaşlı” kimi təsvir olunur (bu cümlə mənim deyil). Elə bil Məşədi İbadla Gülnazın fərqindən danışırlar...
Mən o ailələri tanımıram və haqq üçün danışıram. Əvvəla oğlanın yaşı 28-30 aralığında yazılmışdır. Bu nə qoca, nə də biabırçı yaş deyil. Anladığım qədər elçilik olub, nişan olub. Sonra iki ay imiş qız qaçırılıb. Əlbəttə, çox pis hadisədir, xüsusən də qızın ölümü, amma ədalətlə yanaşaq dedimsə, sadəcə müzakirə edək. Bəs qızının bu izdivacını iki ayda o valideyn necə qəbul etdi? Deməli, sonluq faciə olmasaydı susacaqdı. Bəs ətraf?.. Vəssəlam. Şərhə ehtiyac yoxdur.
Faciə baş verməsə yüzdən biri olacaqdı. Yenə də analar qızını bəzəyib “qızlar bulağına” – toya çıxaracaqlar, yenə erkən evlilik olacaq, yenə yeniyetmə qızlar uşaqlıqdan arvadlığa atılacaqlar, yenə ailə anlaşılmazlıqları səbəbindən münaqişələr olacaq, yenə özləri hələ uşaq ikən tərbiyəyə, istiqamətə möhtac analar natamam övlad böyüdəcəklər – nəsihətsiz, savadsız... Bax beləcə az yaşında formalaşmamış orqanizm az yaşında sıradan çıxacaq, 40 yaşa çatmamış 40 problem yaşayacaq. Yenə vəssəlam.
Son olaraq mütləq Təhsil və Elm Nazirliyi qarşısında məsələ qaldırmaq lazımdır ki, məktəblərdə xüsusi saatlar ayrılsın: ailə həyatı, etika, estetika, sağlamlıq, mənəviyyat... Çünki uşaqlar bu kəsirlə böyüyürlər. Ailənin nə demək olduğunu bilmədən ailə qururlar, hansı ki onlarda sadaladığım bütün əlamətlər çatmır.
Ailə dəyərini, məsuliyyətini, sabahını, ana olmaq məsuliyyətini və öz sağlamlığını düşünməyən uşaq necə sabaha övlad böyüdə bilər. Təbii ki, hamı ali təhsil almalı deyil ki, orta təhsili başa vurmaq da kifayətdir. Yetər ki, hələ məktəbdə ikən ailə müntəxəbatı tədris olunsun, çünki şagirdin təhsilində bu mövzu labüddür.
P.S.
Mən erkən evliliyə qarşı dəfələrlə layihə hazırlayıb, müzakirələr aparmışam. Dediyim kimi, üçbucaq olmalıyıq və bu gerçəklik məktəbdə dərs saatıyla təbliğ olunmalıdır!
Müəllif: Esmira Ələkbərli