Gürcüstan parlamenti tezləşdirilmiş qayda ilə üçüncü oxunuşda “Ümumi təhsil haqqında” qanuna dəyişikliyi 84 səslə qəbul etdi. Dəyişikliyə əsasən, noyabrın 1-nə kimi, yəni 31 oktyabr da daxil olmaqla 6 yaşı tamam olan uşaqlar birinci sinfə qəbul ediləcəklər. Daha dəqiq desək, sentyabrın 15-də 5 yaşındakı uşaqlar da gözəl-göyçək geyinib-keçinib 5 kiloqrama yaxın olan başlarından ağır dərsliklərlə dolu yaşlarından ağır məktəb çantaları bellərində valideynlərinin əllərindən tutaraq məktəbə gedəcəklər.
Çox gözəl! Uşaqların məktəbə getməsindən, parta arxasında oturub müəllimi dinləməsindən, yazı yazmasından, kitab oxumasından, elm öyrənməsindən gözəl mənzərə hələ ki yoxdur bu gəlimli-gedimli, son ucu ölümlü dünyada. Məktəblərin inkişafı, tədrisin keyfiyyətinin artırılması, müəllim əməyinin layiqincə qiymətləndirilməsi, təhsilin hamı üçün əlçatanlığı sevindirici haldır və bütün bunlara sevinməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz.
Uşaqların 5 yaşında məktəbə qəbul edilməsinə isə ən çox sevinən valideynlər oldu. Yeni qaydanın qəbul olunmasında bir-iki aya görə uşağını birinci sinfə qoya bilməyən valideynlərin etirazlarının payı da var desək müxalifətçilik etmiş olmarıq.
Ümumiyyətlə, hər cəhətdən normal ölkələrdə hansısa bir qanunu qəbul etməmişdən əvvəl mütəxəssislər işə başlayır, onu müzakirə edirlər, yaxşı və pis tərəflərini öyrənirlər, gələcəkdə törədə biləcək fəsadlarını, çatışmazlıqlarını araşdırırlar, ictimaiyyətə ətraflı məlumat verirlər və sair. Hər cəhətdən anormal ölkələrdə isə kimsə özünün və əsil-nəsəbinin mənafeyini qorumaq və nəsildən nəslə ötürmək üçün “qayda-qanun” fikirləşir, bu “qayda-qanun” haqqında ictimaiyyətə heç bir məlumat verilmədən birbaşa parlamentdə tezləşdirilmiş qaydada qəbul elətdirərək icrasına əmr verir.
Uşağın məktəbə tez getməsi, yazıb-oxumağı tez öyrəşməsi, sosiallaşması pis deyil, amma bu, şagirdi 7 yaşından qəbul etməyə öyrəşmiş məktəblərdə; hələ də sovet təlim və tədris metodikası ilə dərs keçən müəllimlərin olduğu məktəblərdə; başı imtahanlara, portfoliolara, təlimlərə, bürokratik kağız-kuğuza qarışaraq öz hayında olaraq şagirdi yaddan çıxardan müəllimlər olan məktəblərdə; proqramları 5 yaşındakı uşaq üçün uyğun olmayan məktəblərdə; 5 yaşındakı uşağın yemək yeyə biləcəyi şəraiti olmayan məktəblərdə; 5 yaşındakı uşağın təbii ehtiyacını ödəyə biləcək tualeti olmayan məktəblərdə; kvalifikasiyalı həkim və psixoloqu olmayan məktəblərdə mümkün deyil. Psixoloq demiş, bu qanun qəbul edilməmişdən qabaq işə birinci mütləq uşaq psixoloqları və həkimlər qatılmalı idi.
Sən 5 yaşındakı uşağı məktəbə qəbul elətdirməklə deyil, o uşaq psixoloji olaraq yeni mühitə, yeni rejimə, sərt nizam-intizama, çətin dərs proqramına hazırdırmı? Mən uşaq tanıyıram 5 yaşındadır hələ də “Pampers”ə zad eliyir. 5 yaş qalsın bir kənara, 6 yaşındakı uşağı sinifdə 10 dəqiqədən artıq saxlamağın necə çətin olduğunu müəllimlər yaxşı bilir, öz təcrübəmdən irəli gələrək yazıram bunu. İnanmırsınız, gedin birinci siniflərin dərsində oturun, görün müəllimlər nə əziyyət çəkir. Uşağının əlindən bezib başından əkən heç bir valideyn o siniflərdə on dəqiqə tab gətirməz. Şəxsən mən uşaqlarla birlikdə atılıb-düşürdüm, mahnı oxuyurdum, pişik kimi miyoldayırdım, it kimi hürürdüm, inək kimi movuldayırdım, bir sözlə, “Old MacDonald”ın fermasındakı bütün heyvanların səsini çıxarırdım ki, uşaq “müəllim mən acmışam” deyib durub evə getməsin.
Valideyn tələb edir. Valideyn çox şey tələb edə bilər. Valideyn var 2 yaşı tamam olmamış uşağını aparıb baxçaya qoyur, axı 2 yaşı tamam olmamış uşaq bağçada nə öyrənəsidir, onun hələ ana nəvazişinə, ana qucağına, ana sevgisinə ehtiyacı var. İnanın, nazir qərar qəbul etsə ki, uşaqlarınızı birinci sinfə 4 yaşında qəbul edirik, ən çox sevinən bu cür valideynlər olacaqlar. Uşağınızın başından keçmisiniz məgər? Hara tələsirsiniz axı? Uşaq 5 yaşında da məktəbə getsə məktəbi bitirəcək, 6 yaşında da, 7 yaşında da. Məsələn, mən birinci sinfə 7 yaşında getmişəm.
Hələ 4-5 yaşlı uşağını idmana qoyanları demirəm. Uşaqlarınıza qarşı niyə belə qəddarsınız axı? İçinizdəki hansı hiss, hansı düşüncə tərzi sizi məcbur edir ki, uşağınızı adam döymək üçün, dalaşmağı öyrənmək üçün, ağır qaldırmaq üçün, başqalarını qorxutmaq üçün idmana göndərəsiniz. Bunu uşağının uğur qazanması üçün edənləri yenə başa düşmək olar, amma mən adam tanıyıram uşağını dalaşmağı öyrənsin deyə, adam döyməyi bacarsın deyə, əzələlərini şişirtsin deyə, qorxaq olmasın deyə idmana göndərir. Uğur qazanmaq üçün idmanın o qədər növü var ki, kiminsə burnunu-başını əzməklə, qırmaqla, şikəst olmaqla deyil, ağlını, zəkanı, qabiliyyətini işlətməklə də uğur qazanmaq olur. Övladının hüquqlarına hörmət edən, onun gələcəyini düşünən valideyn övladını boksa və digər döyüş idman növlərinə göndərməz, ona keyfiyyətli təhsil verər, intellektual inkişafı üçün çalışar, əxlaqı, tərbiyəsi ilə məşğul olar.
Deyəsən mətləbdən uzaqlaşdım, bu tamam başqa yazının mövzusu idi. Nə isə...
Sonda isə bunu da qeyd edim ki, nazirin qərarı məcburi deyil, uşağını neçə yaşında birinci sinfə qeydiyyatdan keçirmək valideynin öz qərarından asılıdır, yəni əgər sən görürsən ki, 5 yaşındakı uşağın məktəbə hələ hazır deyil, onu məktəbə göndərməyə məcbur deyilsən. Məktəbi bağçaya çevirməməlisən.
Bizdə həmişə kütləvi psixoz olur – hamı elədi, mən qaldım... Cəmiyyətin gələcəyi təkcə nazirin qərarından deyil, həm də valideynlərin qərarından asılıdır burada. Cəmiyyətə isə kəmiyyət yox, keyfiyyət lazımdır.
Müəllif: Azər Musaoğlu