22 iyul Azərbaycan zərdablı Həsən bəyin böyük çətinliklərlə ərsəyə gətirdiyi “Əkinçi” qəzetindən başlayan Mətbuat Gününü qeyd edir. Gəlin biz də Gürcüstanda azərbaycandilli milli mətbuatda o gündən bu günə öz izimizi axtaraq.

 

Həsən bəy Zərdabi orta təhsilini Tiflisdə almışdı, əlbəttə, ilk təhsili dövrünün Zərdab mollaxanası olmalıydı. Deməli, bizim məzunlardandır.

 

Cənubi Qafqaz xalqalarının mədəni inkişafında Tiflisin yeri danılmazdır. Məcidi Şuşadan, Cəlili Naxçıvandan, Fətəlini Şəkidən və s. Tiflisə gətirən də bu mərkəzləşmiş şəhərin ab-havası idi. Buradakı mədəni mühitin axarına düşməklə daha tez Şimala çatmaq olardı. 1801-ci ildən Gürcüstanı özünə birləşdirən Çar Rusiyası əhalini sakit saxlamaq üçün “qılıqlamalı” idi axı. Bu da onun siyasəti idi...

 

“Tiflisskiye vedemosti” adlandırılan qəzet rus, erməni, gürcü, fars dillərində 1828-ci ildən nəşr olundu. Rusiya İranla bölüşdürdüyü Azərbaycanın Şimalını əvəl fars kimi qəbul edirdi, “Tiflis əxbarı” (“Tiflis xəbərləri”) adlanan fars dili əlavəsinə abunə və maraq çox cüzi olduğundan nəşr dayandırıldı. Bu dəfə də çar rejimi ya bilərəkdən, ya bilmədən özünə daha əvvəl birləşdirdiyi tatarlarla eyni dil olduğunu düşünərək bu dəfə qəzeti 1832-ci ildə tatar dilində nəşr etdirdi. “Tatarlar” adı da Tiflis türklərinə ümimiləşmiş ada   çevrildi. Beləliklə, Rusiyada tatarlar adlandırılan türklər öz ana dillərində ilk mətbuat nümunəsi  gördülər. Düzdür, burada redaktor qeyri-türk olsa da, burada Abbasqulu ağa Bakıxanovun silsilə yazıları tariximizdən, ədəbiyyatımızdan xəbər verirdi. O, həm də tarix, ədəbiyyat, mədəniyyət üzrə məsləhətçi idi. Qəzetə Türkiyədən də abunə vardı. Redaktor Yenikolapov Şərq dillərini, o cümlədən türk dilini də yaxşı bilirdi, üç il sonra o öldükdən sonra nəşr dayandırıldı. Zamanla artıq onu əvəz edən müxtəlif mətbu orqanlar cığıra düşdü və onların növbəsində çox xeyli sonra “Əkinçi” 1875-ci ildə sıraya gəldi.

 

Gürcüstan öz mətbuat tarixini yuxarıda yazdığım zamanla eyniləşdirir. Bizimkilər də o tarixi 75 il geriləyir. Niyə? Onsuz da hər ikisi Rusiya tabeliyində idi, deyilmi? Oradan – XVIII əsrdən  hələ 100 il keçməli idi  ki, milli dirçəlişin vüsəti başlasın, amma təzə işğal dövründə də abunəçi vardı axı. Qəzetin ilk nəşri zamanı 30 tatar, 2 rus abunəçinin olması milli qəzetin qələbəsi deyildimi? Artıq XIX əsrin sonu, XX əsrin əvvəlində  təhsil, mədəniyyət, etiraf edək, çox fərqlənmişdi. Mən məmnuniyyətlə etiraf edirəm ki, İrandan çox irəlidə idi. Qəzetlər sırasında ilk dərgimiz də Tiflis mühitinin yetişdirdiyi ədiblərin ərmağanı idi.

 

“Molla Nəsrəddin” jurnalı ilk dərgi kimi satiranın əsasını Tiflisdə qoydu və 12 il burada fəaliyyət göstərdi. Bəli, bu davamiyyət illər sonra borçalılı məzunumuz Eyvaz Borçalı tərəfindən “Kirpi” kimi gəlib “Mozalan” kimi sancacaqdı... Gürcüstanda Azərbaycan mətbuatını fəxr olunası məzunlarımızdan olan Mədət Çobanov gözəl araşdırmışdır. Sovetlər birliyi dövründə “Sovet Gürcüstanı” və yerli rayon qəzetləri 70 ilə yaxın mütəmadi, nəfis tərtibatda, savadlı, ixtisasçı, zehnli zəhməti sayəsində fəaliyyət göstərdi. Bu gün onların yeganə varisi “Gürcüstan” qəzetinin yaşı əsri keçib. Gürcüstanda azadlıq hərəkatı başlayanda ilk “İnam” qəzeti Əlixan Düşgünün sayəsində işıq üzü gördü. Keçid dövründə isə bir çox qəzet və jurnallar, hətta uşaqlar, şagirdlər üçün də qəzet, jurnal dərc olundu. Beləcə anadilli mətbuatımız Gürcüstan Respublikasının Konstitutsiyasına uyğun olaraq geniş vüsət aldı.

 

Bu gün Gürcüstanda azərbaycandilli mətbuat olduqca qürurverici, geniş, əhatəli və günü gündən daha mükəmməlləşir. “Gürcüstan”, “Müəllim”, “Təhsil”, “Maarif”, “Yeni yol” qəzetləri fəaliyyət göstərir. Bunula yanaşı, bir neçə infotmasiya – xəbər, mədəniyyət, tarix, ədəbiyyat saytları da fəaliyyət göstərir. Müasir dövrün informasiya itiliyi şəraitində qəzetlər, əlbəttə ki, xəbəri gecikdirə bilərlər, çünki xəbər anında xəbər agentliklərində yayımlanır. Xəbərlərin analizi qəzetlərin üzərinə düşür. Onu da etiraf etməliyik ki, qəzetlər daha savadlı və mətbuat qaydalarına düzgün riayət edirlər. Qəzetlər də bir dərslikdir, odur ki, qəzet oxumağı mütləq mütaliəmizin bir qolu olaraq təbliğ etməli və yaşatmalıyıq.

 

Bir çox informasiya saytlarımız Azərbaycan dili qrammatikası, ədəbiyyatı, tarixi mükəmməl təbliğ və tədris olunmadığı bir mühitdə fəaliyyət göstərir. Buna görə də çatışmazlıqları məmuniyyətlə bağışlamaq olar. Saytların ətrafına yığdığı abunə sayı Gürcüstanın azərbaycandilli əhalisini ləhcə səviyyəsindən çıxarır. Bax budur əsas böyük iş və məsulliyət.

 

Sosial şəbəkələrin bol dövründə vətəndaş jurnalistikası da var ki, mətbuatın sərbəst paylaşılan növü deməyim gəlir. Ona görə ki, elə insanlar var, onların yazıları, fikirləri, baxış bucaqları, analizləri heç də analitikdən, jurnalistdən geridə deyil. Səbəb, bəlkə də, kiminsə diktəsi ilə işləməmək, müstəqil fikirli olmaq niyyətidir. Onların oxucu sayı, düzgün fikirləri, xoş niyyətli təbliğləri bəzi qəzetlərdən də, saytlardan da irəlidədir.

 

Bu gün biz fəxrlə deyə bilərik ki, Gürcüsranda “Tiflis xəbərləri” – “Tiflis əxbarı”ndan başlayan mətbuat cığırından yol aldığı Azərbaycan mətbuatı Borçalıda – Kvemo Kartilidə cığır xəttini çoxdan keçib. Bu yol işıqlarla aydınlanan geniş yollara çevrilib.

 

22 iyul Milli Mətbuat Günüdür. Mən fikrimi dedim, əlbəttə, Azərbaycan mətbuat tarixini “Əkinçi”dən başlayaraq bu günü bayram qəbul edir. Söhbət anadilli mətbuatdan gedirsə, biz də Gürcüstanda anadilli yazarlar kimi bu günü qəbul etməliyik.

 

Odur ki, hamımızı təbrik edirəm! Gəlin yazaq, yana-yana yandırmağı bacaraq – Nazim Hikmətin yandırdığı şam kimi. Yazmaq çox asandır əgər oxucu yazını oxuyub mən bu yazıdan nəsə öyrənə bildim deyirsə. Bax budur yazmaq, yandırmaq.

 

Əziz qələmdaşlarım, hamımıza yanaraq yandırmaq arzu edirəm!

 

Esmira ƏLƏKBƏRLİ