Həssas insanlar yaxşı xatırlayar altıncı sinfin Azərbaycan ədəbiyyatı dərsliyində Səməd Vurğunun “Ananın öyüdü” şeirini.

 

Bəli, biz o dövrü görmədik, amma şeirlərdən, filmlərdən bir xatirə yaratdıq. Orada qəhrəman ana da vardı, oğul da vardı. Qəlbinə daş bağlayıb, göz yaşını udub:

 

“...Payız vaxtı bağçamızın heyvaları dəyəndə,

Göndərərəm sovqatını – sənin də öz payını,

Sən də artır öz əlinlə zəfərlərin sayını”, – deyən ananı görmədik, amma sevdik, yaddaşımızın ləyaqət, hünər simvoluna çevirdik.

 

Bəli, biz o dövrü görmədik, amma 21-ci əsrin 20-ci ilinin Zəfərə gedən yolunu gördük, yaşadıq.

 

Bilmirəm mənəmi elə gəlir, yoxsa doğrudanmı belədir. İnsanlar müharibələr zamanı bir başqa olur. Sanki kədər adamları bir-birinə doğmalaşdırır, sevinc ortağına, dərd parasına çevirir.

 

Mən uşaqlıqda anamın Bakıya, mitinqdəki adamlara, Azadlıq meydanına gedən yardım karvanına necə maraqla, qayğıyla sovqat düzəltməyinin, Ermənistandan ellilərimizi məcburi köçürəndə onları Borçalının sərhəd kəndlərində necə qarşılamaqlarının şahidiyəm, tanımadıqları hər kəsə elə doğma yanaşırdılar ki... Günlərlə evlərində qonaqlayırdılar, geyim verirdilər, kimin nəyə imkanı çatır pul verirdi. Sonra onları Azərbaycana necə kədərlə yola salmaqlarının şahidiyəm, kədərli bir uşaqlıq xatirəsi kimi...

 

Yaxın tarixdə Türkiyədə baş verən zəlzələ zamanı necə yekdil olmağımız yadınızdamı? Qocadan cavana, əl arabasında saxlama yorğan-döşəyini aparan nənədən daxılını açıb – “Ata, bu pulu da fonda ver” – deyən qızıma qədər...

 

Beş il əvvəl biz yenə beləcə yekdil idik. Birimiz hamımız üçün, hamımız birimiz üçün yaşayırdıq sanki. Heç pandemiyanın qadağaları bizi o qədər narahat etmirdi, nəinki millətdaşlarımız. Yox, bu, siyasi maraq deyildi. Bu bir doğmalıq hissi idi. Hərəmiz bir bağla bağlanmışdıq Azərbaycana. Kiminin doğması, kiminin dostu, tanışı, əsgər yoldaşı, tələbə yoldaşı... bəlkə də illərdir yadımıza düşməyən kəsləri yada salır, əhvallaşırdıq. Elə doğma idik! Hər bir kəndin, qəsəbənin azad olması nəinki Bakı küçələrində, bütün ailələrdə təntənəli qeyd olunmaqdan başqa, telefonlar da susmurdu. Nar çubuqları kimi dəstə idik. Bu mehribanlıq, doğmalıq bizi elə möhkəm birləşdirdi ki. Tanrı da yolumuzu açıq etdı, yolumuz ZƏFƏRLƏ bitdi. Bəli, Azərbaycan qızıl xətlərlə tarix yazdı.

 

Mən hiss edirəm ki, zaman qaynar tarixdən uzaqlaşdıqca mənim fəxr etdiyim nar çubuqlarının dəstəsi seyrəlir. Niyə axı? Yəni bizi bir-birimizə doğmalaşdırmaqdan ötrü mütləq kədərmi lazımdır? Eh, bu çubuqlar tək qohumluqda olsa nə vardı ki...

 

Bəziləri görünən dağa bələdçilik edir. Bəziləri milçəkdən fil düzəldir. Deyirəm, görəsən heç özlərinə sual verən varmı ki, mən bu xalq, dövlət üçün nəsə etmişəmmi və ya edə bilərəmmi.

 

Azərbaycanın zəfərə gedən yolu illərlə düşünülmüş, yazılmış, siyası bir memar işi idi. Başladı və qalib gəldi! Bunu bacaracaq başqa bir lider var idimi? Əminəm, yox. Azərbaycan öz siyasi xəttini davam etdirir. Əsas odur ki, Gürcüstanla dost ölkədir, Rusiya ilə neytralda, İranla xoş münasibət qurur, Ermənistanla “məndən aralı dur, sənlə işim yoxdur” deyir, Avropayla az aşım, ağrımaz başım deyir. Sərhəddi də açmır, deməli, belə lazımdır. Mən evimə hasar çəkirəm, belə istəyirəm. Ailəmi də belə saxlayıram. Vəssəlam!

 

Məgər Azərbaycanda kasıb var? And içərəm, yoxdur. Əgər 3-5 nəfər varsa, onlar da sadəcə fərasətsizlərdir, gözləyirlər “almadıqları lotereya” ilə maşın udsunlar. Vallah, elədir. Azərbaycandakı sosial-iqtisadi vəziyyəti şahid kimi “Bakı xatirələri” silsilə məqalələrində yazmışdım. Təkrar tək onu deyim ki, bir mağazada bir gün alver getməsə iflas olar. Bakıda minlərlə dükan, bazar işləyir, restoranlar, kafelər saysız, küçələrdə avtomobil əlindən yer yox, toy, nişan, milli yıxıcı adətlərimiz öz yerində... Bəs bu idxalı kim yaradır? Əlbəttə, naşükür insanlar. Deyəsən, Tanrı belə naşükürləri silkələmək üçün fəlakətlər yaradırmış.

 

Danışdıqları söhbətlərin fövqündə heç bir məntiq olmayan, hansı məshəbə, siyasətə, mənəviyyata xidməti məlum olmayan adamlar görəsən heç düşünürlərmi: mən bu millət, dövlət üçün kiməm?! Yəqin suala cavab verə bilməz deyə bağırır ki, öz nahaq səsiylə haqq səsini kəsə, qalib gələ. Əsla! Yel qayaya toxunmaz, sadəcə könül bulandırar.

 

Zəfərin mübarək, Azərbaycan! Sağ əlin Gürcüstanın başına.

 

Esmira ƏLƏKBƏRLİ