Uşaqlıqda ən böyük arzum təbiətin dilini bilmək idi. Fikirləşirdim ki, yəqin Elşən kimi (“Bir qalanın sirri” filmi) çox kitab oxusam heyvanların, bitkilərin dilini bilərəm, təbiətin də dilini bilmiş olaram. Bəlkə də bu maraq məni bioloq səmtə yönəltdi. Bala quşun cikkildəyərək anasıyla “danışmasına” elə maraqla baxardım... onların da öz dilləri var – düşünərkən, Ana Dili hikmətini anlamırdım.
Nənəm çox gözəl layla çalardı tələbə vaxtı:
– Nənə layla çalsan yataq, deyərdim.
Qardaşım – “ayıbdır, qonşular eşidər, evdə uşaq da yoxdur” – desə də höcətliyimi edərdim. Layla səsi məni həmişə uzaqlara aparıb... o qədər uzağa ki, orda Dədə Qorqud nəsihəti dinləyirdim; elə uzağa ki, orda Koroğlu nərəsinin səsini eşidərdim... sonra o uzaqlardan Simurq qanadında uçaraq həqiqi dünyama gələrdim.
Ana dilində səslənən laylamızdan başlayan bu hikmət bütün həyatımızı özəlləşdirir. Layla yerini ana sevgisinə verir. Yaranan bağlılıq Vətənə, torpağa hopur. Beləcə Vətən sevgisi yaranır.
Kimliyimizin arxasında böyük bir anlam şəxsiyyətimizdirsə, şəxsimizi ana dilimiz müəyyənləşdirir. Dilimiz olmasa kimik?!
Unudulmaz şairimiz Bəxtiyar Vahabzadə “dil açanda ilk dəfə “ana” söyləyirik biz”, deyə dilini unudan “ədəbazlara” neçə eyhamlar vursa da bu hikməti anlamaq hər adamda olmur.
Lermontov Şərqin fransız dili adlandırmışdı. Yazırdı ki, tatar dilini öyrənməyə başlamışam. Avropada fransız dili nə qədər vacibsə Asiyada da türk-tatar dili o qədər dəyərli.
Şövkət Məmmədova İtaliyada opera təhsili alanda ona deyiblərmiş ki, sən danış səsindəki musiqiyə qulaq asaq. Bax, mənim ana dilim bu hikmətə qadirdi.
Uşaqların ibtidai təhsilini ana dilində alması olduqca vacibdir. Şərəf, ləyaqət, namus təməli ordan başlayır. Hər millətin öz yazılmamış qanunları var. Bax, o qanunlar ilk öyrəndiyimiz dillə keçir. Genetik enerji deyərdim ona mən. Fikir verirsizmi, rus bölməsində oxuyan uşaqda rus xarakteri yan keçmir.
Çox şükür olsun, təhsilimi öz dilimdə almışam. Buna çox şadam. Məncə, məni mən edən ANA DİLİM və dilimin hikmətidir.
Dil bilmək gözəl bir şeydir. Heydər Əliyev deyərdi ki, gənclər, siz çalışın Şekspiri ingiliscə, Puşkini rusca, amma Nizamini azərbaycanca oxuyun.
Bəli, bugünkü gənclik nə qədər müasirləşsə də öz ana dilini unutmamalıdır, dilimizə qarışıq gətirməməlidir. Bildikləri dillər baş ucalığıdır, sevindiricidir. Nə qədər dil bilsən o qədər insansan. Amma bildiyimiz dillər ana dilimizə kölgə salmamalıdır.
Beynəlxalq Ana Dili Günü münasibətiylə hamımızı təbrik edirəm! Dilimizin sazıyla ruhlanaq, qavalıyla dalğalanaq, kamanıyla kövrələk.
Esmira ƏLƏKBƏRLİ