Ailə fərdlərinin bir-birinə münasibəti hər zaman eyni aktivlikdə və eyni vəziyyətdə qalmayaraq daha da inkişaf etməlidir. İnkişaf etməsə də, heç olmasa, eyniliyini qorumağı bacarmalıdır. 

 

Ailəni təsvir etmək üçün kəlmələr incəliklə, diqqətlə seçilməlidir. Ailə fərdləri bir-birlərinə ən yaxın olan kimsələrdilər. Onların duyğuları arasına zaman və məsafə girməməlidir. Düzdür, zamanımızda yaşayan ailə fərdləri uzun illər bir yerdə yaşasalar da bəzi səbəblərdən ötrü ayrı düşmək məcburiyyətində qalırlar. Bu ayrılıq bəzən müvəqqəti olur, bəzən bir ömür çəkir. Məsələn, ailə qurub evdən ayrılan bir fərd gözəl həyat ümidi ilə ayrılır və yeni başqa bir ailənin təməlini qoyur. Amma bəzən ciddi, bəzən də ciddi olmayan səbəblərdən ötrü ayrılıqlar yaşanır. Bu ayrılıqlara çox misallar gətirmək olar, ancaq bizim mövzunun canı ayrılıqların səbəbi nə olursa olsun, hətta geridə qalanlarla küskünlük üzündən ayrılıq yaşanırsa, bu küskünlüyün uzun zaman sürməməsi üçün qarşısının alınması lazımdır. Yoxsa sonda kədərlənən yenə biz olacağıq.

 

Ailə fərdləri arasındakı ayrılıqlar səbəbindən asılı olmayaraq duyğulara yansıdılmamalıdır, ayrılıq məsafə baxımından olmalı, ancaq duyğu baxımından daha da əksi yaşanmalıdır. Yəni duyğular fərdlərə qarşı daha da yoğunlaşmalıdır. Ailə fərdləri arasına heç bir qüvvə girməməlidir və buna fürsət verilməməlidir. Ailə fərdləri arasındakı duyğu əskikliyinə səbəb nə olursa olsun buna yol verilməməlidir.

 

Ömür yarpaqları bir-bir enərkən biz insanlar onun əlimizdən axıb getdiyini hiss etmirik. Özümüzü günlük yaşantının axıntısına qapdırırıq. Bir də baxırıq ki, ömür qatarı sona doğru yaxınlaşmaqdadır və bizlər bu yolçuluğa çıxdığımız can yoldaşlarımızı, yəni ailə fərdlərimizlə yollarımızı ayırmışıq və onlar biz olan qatarda yoxdurlar və çox əvvəlki dayanacaqda enərək yollarını dəyişdiriblər. Yollar şərtlər qarşısında dəyişə bilər, ancaq duyğular heç bir şərtdə dəyişməməlidir. Zamanla ailə fərdlərinin arasına məsafələr girə bilər, ancaq duyğular dəyişən şərtlər qarşısında aciz qalmamalıdır. Duyğular biz insanları yaşadan can damarımızdır, bu can damarının qidası ailənin birliyindən bəhrələnir.

 

Ailə müqəddəsdir. Ailə fərdlərinin bir-birinə elə görünməz güclü bağı vardır ki, o bağı qırmağa kimsənin gücü yetməz. Ancaq bəzən elə adi bir şey üzündən o bağlar qoparılıb ayaqlar altına atılır ki, gözlərə sadəcə təəccüblə baxmaq qalır.

 

İnsanın güc qaynağı onun ailəsidir. Qaynağını itirən birisi həyatda sağa-sola sovrulmaqdadır və tutacaq yer axtarmaqdadır.

 

Ətrafda insanları yanlış yollara sürükləyən qüvvələr də belə bir fürsət güdməkdədirlər və ailə bağı olmayan, ailədən güc ala bilməyən, iradəsi zəif insanları da öz təsirləri altına salmaqda və istədikləri tərəfə yönləndirməkdədirlər.

 

Lamiyə HACIYEVA

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan Müftiliyinin Qadınlar Şöbəsinin sədri