Genetika irsiyyət haqqında elmdir. İrsiyyətin də yeddi nəsil dövretməsi şəcərə adlanır. Hər bir əlamətimiz yeddi nəsil arxaya gedərək təkrar ola bilər. Yəni əzizimizi əziz, tərbiyəni də ondan əziz götürsək də gen öz işini görür. Bəsləsən atlas olmaz tut yarpağından.

 

Aristotel şəxsiyyətin formalaşmasında mühiti üstün tutmuşdu. Elmdə, genetikada buna modifikasiya deyilir, yəni müvəqqəti xarici əlamət dəyişir, get-gedə kəskinləşərək mutasiya edir, tam irsiyə gedir. Sibirin günəşsizlikdən ağarmış qızı Afrikada D vitamini bolluğunda Qaraca qıza çevriləcək. Tez qayıtsa yenidən ağara bilər, zaman keçsə artıq mümkün deyil. Dəri piqmentasiyası mexanizmini dəyişib biologiya müəllimi kimi geniş izahatdan sonra gələk əsas məsələyə – Aristotelin dediyi hikmətə.

 

Mən çox bədii kitab oxuyurdum. Özümü obrazların yerinə qoyaraq bəzən əsərin istiqamətini belə dəyişirdim, mən olsam belə yazardım deyə. Bax, o bədii ədəbiyyat mənə böyük bir həyat dərsi keçdi. Çünki mən məktəbdə oxuyarkən onlarla tələbə, gənc həyatını əks etdirən kitablar oxumuşdum. Bu da mənə böyük təcrübə idi. Bəzən elə söhbətlər edirdim, böyüklər belə susurdu. Bütün bunlar üçün kitablara minnətdaram. Bəs bu gün?..

 

Kitab oxumayan gənclər yığını zamana iqtidar gəlir. Bu, nə deməkdir? Bu, o deməkdir ki, gənclik özünü hakim görür, hansı ki, təcrübəsiz, üzməyi və avarçəkməyi bilməyən, dalğalar qoynunda çırpınır. Bu gənclik məni çox qorxudur, çünki bunlar müəllimi müqəddəsləşdirmədən böyüdülər. Bunlar bildi ki, müəllim çörək yeyir, yatır və s.

 

Mənim dərdim başqadır. Hər bir müəllimi belə evində yönəldən ana var. Ananın təfəkkürü ilə övlad istiqamətlənir. Şekspir demiş: bax, budur sual!

 

Qadın, ana o qədər həlledici bir varlıqdır ki, əvəzedilməzdir. Analıq tək övlad dünyaya gətirməklə, onu qidalandırmaqla, ərsəyə çatdırmaqla tamamlanmır. Ananın istiqaməti hələ övlad bətnindəykən yönəlir. Ağıllı qadın yönəltməsi övladın hər addımında işıqfor kimi yol açır. Ən azından mühitdə zəhərlənsə belə öyrəndikləri ona çıxış yolunda kifayət edir.

 

Deməli, qadın böyük qüvvədir deyimi bu faktlara əsaslanır. Qadın anadır, ömür yoldaşıdır, nənədir! Əvvəllər qızlar ananın ətəyinin dibində oturardılar. Yalnız görüb-götürməklə cəmiyyətə yararlı olmağa çalışardılar. Sovet vaxtı kütləvi mütaliə sanki dəb kimi cəmiyyəti püxtələşdirəndə, qızlar övlad, ailə tərbiyəsinin əsaslarını ən azından bədii əsərlərdən təcrübələnirdilər.

 

Bugünkü məktəbli və gənclik isə kitabdan uzaqlaşıb. Yalnız virtual aləmdən bəhrələnməyə çalışır. Bu isə natamam bir yöndür. Çünki internet aqressivlikdən başqa heç nə vermir!

 

Bəs bizim bugünkü təhsildə ailə həyatının etika və estetikası mövzusunda nəsə varmı? Bildiyim qədər, yox! Ali məktəblərdə ayrıca etika, estetika, fəlsəfə mövzuları keçilir. Bu öz yerində. Bəs, axı təhsilini davam etdirməyən ev qızları neyləməlidirlər? Onların özləri idarə ediləcək yaşda olarkən necə idarə edəcəklər? Məktəblərimizdə bu mövzuya böyük ehtiyac var. Ən azından təcrübəli, bacarıqlı müəllimin nəsihətli, tərbiyəvi izahatı dərslikdən də maraqlı olardı. Bu, tək azərbaycandilli məktəblərdə deyil, bütün Gürcüstan üzrə proqrama salınmalıdır. Hətta tibbi hazırlıq, din dərsləri cüzi də olsa, əminəm, bu uşaqların çox marağına səbəb olacaq.

 

Məktəbi bitirən qız əksər hallarda ailə qurur – ya tamamilə milli kökənlərə söykənən, ya da dırnaqarası “müasirlik” ailələrin ya dağılmasına, ya da səhv istiqamətə aparır. Ailə müqəddəsliyinin, ailə varlığının nə demək olduğunu tam dərk etməyən gənc ailə kiçik səhvlərlə böyük uçurumlara yol alır. Özləri belə hiss etmədən böyütdükləri uşağı da öz düşdükləri quyuya tərəf aparırlar. Beləliklə, həyat təcrübəsizliyi səhvlər yığını olan cəmiyyəti əmələ gətirir. Sükanı düzgün idarə edə bilməyən valideynlərin övladları isə əksəriyyəti yeniyetmə və gənclik demək. Davam edən ardıcıllıq isə cəmiyyət demək.

 

Nəticə etibarı ilə rastlaşdığımız bütün problemlərin kökü ailədən başlayır. Qadın evin baş naziri isə onun təcrübəsizliyinə söykənən idarəsizlikdən qaynaqlanır gəncliyin problemləri. Bir müəllim olaraq mütləq şəkildə məktəblərdə ailə həyatının etika və psixologiyasının ayrıca tədris olunmasının tərəfdarıyam.

 

İnternetin hərtərəfli – istər kriminal, istər münaqişələr, hətta cinsi sərhədsizlik paylaşımlarının aşıladığı mühitin bir müəllim tövsiyəsinə böyük ehtiyacı var. Mən Təhsil və Elm Nazirliyindən artıq dərəcədə xahiş edirəm ki, ayrıca olaraq həftədə bir dəfə yeniyetmələrə etika və psixologiya tədris olunsun. Bu, dövrün tələbi və sabahın zəmanətidir!

 

Esmira ƏLƏKBƏRLİ