Təsəvvür edin meşəyə getmisiniz. Ruha sığal çəkən gözəlliklər bir yana, quşların cəh-cəhi, cırcıramanın cırıltısı, ağacdələnin taqqıltısı, ayının nəriltisi bir meşə simfoniyası yaradır. Hərəsi bir cür gözəl, təbii, yerində. Nə yaxşı ki, yerində, yoxsa təbii biosenoz olmazdı ki...

 

Hər çiçək öz ətri ilə gözəl, hər insan da öz ana diliylə danışanda özü olur, deyilmi? Xoşbəxtəm ki, mənimçün dünyanın ən gözəl guşəsi olan Qafqazda dünyaya gəldim. Nə yaxşı ki, Gürcüstan kimi naz-nemətli, tükənməz təbii axar-baxarlı bir yurdum var, nə yaxşı ki, öz milli dəyərləri olan tarixi bir elim var.

 

Doğulduğum ölkənin etnik azlığı hesab olunsam da heç zaman bu fərqdən çətinlik çəkmədim. Bir neçə xarici ölkədə olmuşam, müxtəlif millətlərlə də həmsöhbət olmuşam, heç vaxt millətimin, dövlətimin, el-obamın adına zərərli, aşılayıcı bir davranışım və təqdimatım olmayıb. Bilirsiniz niyə? – Ona görə ki, özümü təqdim edəcək səviyyədə özümü təqdim etməyi bacarmışam.

 

Yadımdadır, qonşu qəsəbədə rusdilli məktəb vardı, atamın qohumları hamısı “rus sektorunda” oxuyurdular, anam məni ora yazdırmaq istəmişdi, atam qoymamışdı. “Tutarlı” səbəblərlə uzun bir mübahisədən sonra məni kəndimizdə anadilli məktəbimizə yazdırmışdı. Nə yaxşı ki, mən ana dilində təhsil almışdım.

 

Mən laylayla böyümüşdüm, məktəbdə sinif yoldaşlarımla “Tıq-tıq xanım”ın mahnısıyla, “Cırtdan”ın yağ-yaxmasıyla, “Tutu topu tut” deyərəkdən “Can gülüm, can-can” dedik, “Gəl, gəl, a yaz günləri”ni gözləyərək “Cücələrim”i oxuduq ki, “Uşaq və buz” kimi buzu əridək, “Ay havada uçan durna, bizi qoyub qaçan durna” deyə qışqıraq, “Xoruz” şeiri ilə oyanaq, “Keçi” şeiri ilə quzuların arxasıyca qaçaq. Sonra hərflərlə böyüdük, artıq nağıllara, hekayələrə döndük, Səməd Vurğun misralarında yoğrulduq, Füzulidə fırlandıq, Nizamidən ibrətləndik, cümlə-cümlə təhlil olduq, isimdən feilə, mübtədadan xəbərə yoğrulduq, yapıldıq. Beləcə, ana dilimizi öyrənib sonra rus dili, gürcü dili, alman, ingilis, fransız dillərini də öyrənənlər vardı. Yolumuzda dəyişən bir tarix yarandı. Siyası keçid dövrü yaşadıq. Bütün çətinliklərə rəğmən oxuduq, ali təhsil üçün Azərbaycana üz tutduq. Rusiyaya gedənlər də vardı. Təməlimiz möhkəm idi deyə dil öyrənmək asan idi, çünki ana dilində zamanları bilirdik deyə digər dildə təhlil edə bilirdik və s.

 

Dürdüncü sinifdən rus dili, gürcü dili fənni keçmişdik. 30 il Azərbaycanda yaşadım, az yaşımdan buradan getdim deyə istifadə etmədim, amma A1 səviyyəsində bilirdim, heç unutmadım, rus dilini işlətdim deyə təkmilləşdirdim. “Ruskoyazıçnı” qohumlarımızdan heç nədə geridə deyildim, əksinə, dəfələrlə irəlidəydim, çünki bir mənəvi zənginliyim vardı. Gürcüstana qayıdanda gürcü dili biliyimi artırdım, bu, asan oldu, axı öz dilini bilərəkdən öyrənmək asan olur.

 

Əsas fikrim odur ki, nə yaxşı ana dilimdə təhsil aldım, nə yaxşı mən milli ruhu duyumluyam. Atamın qohumları vardı ha, mən onlara həmişə yazıq kimi baxırdım, onlar hamısı təhsil üçün Rusiyaya getdilər, həkim, mühəndis, memar, müəllim və s. işləyirdilər. Əvvəllər Bakıya tez-tez gələrdilər, görüşürdük. Nə qədər maddi durumları qənaətbəxş, ictimai axarda olsalar da, mükəmməl nitqləri əcnəbiydi, onlar ana dilində məişət səviyyəsində danışır, heç bir milli ədəbi, bədii, tarixi, coğrafi fikirləri yox idi. Əminəm, olduqları elitar mühitdə qəti özlərini təqdim edə bilməzdilər. Ona görə yazıq idilər ki, nə rus kimi rus idilər, nə millət kimi millət.

 

Məktəb xatirəmizdə bir oyunumuz vardı. “Ortada qaldı” sağında bir dəstə, solda bir dəstə, qalırsan ortada, sağa gedirsən topun sola atılır, sola gedirsən topun sağa atılır. Bax, öz ana dilini bilməyən yarımçıqları mən elə görürəm. Ona görə ki, onlar heç vaxt cəh-cəh vura bilməzlər. Əlbəttə, Şota Rustavelini gürcücə oxuyaq, amma mütləq və mütləq Zəlimxan Yaqubu Azərbaycan dilində oxuya bilək.

 

Esmira Ələkbərli