İnsanlar niyə belə dəyişib, insanlar niyə belə olublar deyə öz-özümə sual verirəm. Mərhəmətsiz, hörmətsiz, qədir bilməyən olublar. İndi biz elə bir dövrdə yaşayırıq ki, insanlar bir-birlərinə yaxşılıq belə etməyə qorxurlar. Elə bir zamana gəldik ki, artıq kimsə bizə yaxşılıq edəndə, doğrudanmı yaxşılıq edir, yoxsa özü üçün başqa səbəblərimi var deyə düşünürük...
Bu yaxınlarda olan bir hadisəni misal olaraq göstərim. Mən səhər işə gedərkən ana ilə uşaq arasında olan bir söhbətə şahid oldum. Hər səhər bir yaşlı kişi görürəm, kartonları, kağızları yığıb makulatura kimi satır. Metrodan çıxarkən ana ilə qızı gördüm, qız 5-6 yaşlarında olardı. Qız o yaşlı kişini gördükdə anasına sual verdi: “Ana, bu kişi niyə zibil yığır?” Anası ona belə cavab verdi: “Əgər oxumasan, sən də onun kimi olacaqsan”...
Ananın qızına verdiyi cavabı eşidəndə qəribə oldum. Tanımadığın, həyatında hansı hadisələrin baş verdiyini bilmədiyin bir insan haqqında belə asan mühakimə edib necə belə düşünə bilərsən? Bəlkə bu adamın iki ali təhsili var və ya bəlkə hansısa yüksək bir vəzifədə işləyir, yaxud bəlkə də o, sadəcə yaxşı bir iş üçün bunu edir, ya ətrafın təmizliyi üçün yerdən kağız, karton toplayır...
Biz insanların həyatında baş verən hadisələri bilmirik, buna görə də kiminsə barəsində belə asanlıqla danışmağa haqqımız yoxdur. Əgər sən ana olaraq bunu övladına öyrətməsən, heç kəs öryətməyəcək və o uşaq gələcəkdə bu işlə məşğul olan insanlara qəribə baxacaq, əməklə görülən heç bir işə dəyər verməyəcək, belə adamları dəyərsiz hesab edəcək.
Bir dəfə kafedə qızlarla oturmuşdum və küçədə hardasa 18-19 yaşlarında bir oğlanın pullu dayanacağa getdiyini, maşınına mindiyini və bir kişinin parkinq pulunu götürmək üçün ona yaxınlaşdığını gördüm. Oğlan maşının pəncərəsini açdı və pulu yerə atdı, kişi əyilib pulu yerdən götürdü. Oğlanın bu hörmətsizliyini görəndə düşündüm ki, görəsən dünyada nə qədər belə hörmətsiz insan var və bu kişi neçəsi ilə qarşılaşıb.
Kədərləndim, insanlar niyə belə dəyişiblər, dünya niyə belə dəyişib? İnsanlar qarşılarındakı hər hansı insanın gördüyü işə qarşı hörmətsizlik edirlər. Onların gördüyü işin qədrini bilmirlər, yaşlılara qarşı hörmət göstərmirlər. İnsanlar alın təri ilə çalışanların əməyini qiymətləndirməyi unudublar. Hər bir peşə, görülən hər hansı bir iş qiymətləndirilməlidir və düşünürəm ki, bunların hamısı çox vacibdir. Bəziləri elə düşünür ki, bərbərlik bir iş deyil, yaxud süpürgəçilik bir iş deyil... Bunun kimi bir çox əmək tələb edən iş haqqında belə düşünən insanlar var. Məsələn, bərbər olmasaydı biz saçımızı istədiyimiz tərzdə kəsdirə bilməzdik. Süpürgəçi olmasaydı hər gün girdiyimiz yerin, fərqi yoxdur, məktəb, ofis, kafe və bunun kimi bir çox yerin çirkli olduğunu görərdik. Yəni lazımsız və dəyərsiz bir iş yoxdur, hər bir iş vacib və dəyərlidir.
Həyat elə bir şeydir ki, bir gündə, bir saatda milyonçudan kasıb adama çevrilə bilərsən. Buna görə də başqalarının əməyinə hörmət etməli və dəyərləndirməliyik. İnsanlara qarşı yaxşı davranmalısan ki, onlar da sənə yaxşı davransınlar. Düşünməliyik ki, bu insanın həyatında nə cür hadisə baş verib ki, belə bir işdə işləyir, onun haqqında heç bir məlumatımız olmadan özümüzdən bir şeylər uydurub danışmaq düzgün deyil. Bu gün və ya sabah biz də o insanın yerində ola bilərik. Həyat qəribədir, nə olacağını bilmirsən, amma insan özü üçün yaşamağı bacarmalıdır, önəmli olan harada işlədiyin deyil, necə işlədiyindir. Həyat nə qədər çətin olsa da insan öz ayaqlarının üstündə durmalıdır.
Müəllif: Elvina HACIYEVA