MƏİŞƏT

16. EVLƏRİ VAR XANA-XANA

 

Niderlandı daha yaxşı tanımaq üçün onların evlərinə yaxından baxmamız gərəkdir. Mən burada rast gəldiyim köhnə və yeni evlər barədə ayrı-ayrı bölümlərdə bu və ya digər məsələlərdən danışarkən, ötəri də olsa bəhs etdiyimi də unutmamışam. Bu üzdən də, məni təkrarçılıqda suçlamayacağınıza ümid edirəm.

 

Niderlandın tipik evlərindən, bizim həyət evlərinə, kənd evlərinə az da olsa bənzəyən evlərindən danışmaq istəyirəm. Yeri gəlmişkən, holland evləri daha çox Rusiyanın Arxangelsk, eləcə də Yaroslavl vilayətində gördüyüm və müəyyən müddət içərisində yaşadığım ağac tirlərdən inşa edilmiş evlərə daha çox bənzəyir. Rus evləri kiçik görünmələrinə rəğmən, yaşayış üçün, həm də sərt keçən qışa münasibliyi ilə maraq doğurur.

 

Hollandların evləri adətən bir, iki, üç mərtəbəli tikilir. Evlərin damından yaşayış sahəsi kimi istifadə edilir. Tikinti materialı kimi kərpic və kirəmit bu evlərin əsas inşaat materialıdır. Kirəmitlər rəngarəngliyi ilə fərqlənir. Niderlandda evlər yığcamlığı ilə diqqəti cəlb edir. Belə kiçik evlərdə bir neçə ailənin yaşadığını da müşahidə etmək olar. Əslində bu evlər taunhaus adlandırılan evlərdir. Taunhausların XIX yüzillikdə İngiltərədə meydana gəldiyi söylənilir. Bu tip evlərdə bir neçə ailə yaşasa da, hər bir ailənin girişi ayrıdır. Adətən belə evlərin girişi bir başa səkiyə açılır. Eyni dam altında yaşamalarına, divar qonşusu olmalarına rəğmən hər kəsin “heçi ayrı, köçü ayrı”dır.  Evlərin diqqətçəkən digər bir özəlliyi isə böyük pəncərələrə malik olmasındadır. Bu cür evlərin qarşısında hər ailəyə məxsus kiçik bağçanın olması da diqqətdən yayınmır.

 

Niderlandda fərdi evlər də çoxdur. Bu cür evlərdə yalnız bir ailə yaşayır. Fərdi evlər də ailənin zövqünə, büdcəsinə uyğun olaraq bir, iki, üçmərtəbəli ola bilir. Evin qarşısında kiçik bağça, arxa tərəfində isə qaraj və təsərrüfat tikililəri də görə bilərsiniz.

 

Dupleks evlərə də təsadüf olunur. Bu tip evlər iki ailənin eyni dam altında yaşamasına imkan verir. Dupleks evlərdə yaşayan hər bir ailənin evə giriş-çıxışı ayrıdır. Bu evlərin də hər birinin qarşısında hər bir ailəyə məxsus 30-40 kvadratmetrlik kiçik bağça, arxada isə qaraj və ya kiçik yardımçı tikililər olur. Dupleks tipli evlər bizim iki qardaşın ata evini öz aralarında bölməsinə bənzəyir. Bu bənzərliyi ortaya çıxarmamdan xeyli məmnun qaldığımı dilə gətirməyin qaçılmaz olduğunu da qeyd etməliyəm. Ancaq bizim qardaşların ata mülkünü bəzən onillər boyu bölüb başa çatdıra bilmədiklərini, hətta düşmənə çevrildiklərini, az qala “it-pişik kimi” yola getdiklərini xatırlayanda isə başımdan tüstü qalxdığını da ərz etmədən dura bilmirəm. “Yox, nə danışırsan, bizimkilər elə şey yaparlarmı?” - deyənlərimizə isə sağa-sola yaxşı-yaxşı təfərünc etməyi məsləhət bilirəm.

 

Hollandların üzən evləri barədə isə yuxarıda danışdığımızdan onları burada təkrar etməmizə gərək qalmır.

 

Bizdən fərqli olaraq, ətrafına hasar çəkilmiş evlərə rast gəlməzsən. Adama elə gəlir ki, hollandlar kimsədən gizləyəcək bir şeyləri olmadığından evlərini hasarlamırlar. Amma əslində belə olmadığını ovcumun içi kimi bilirəm. Bizdən fərqli olaraq, holland evinin toxunulmaz olduğunu bilir, kiminsə evinə kənar müdaxilə yolverilməzdir. Vətəndaşın mülkiyyəti toxunulmazdır. Bu mülkiyyətin dövlət tərəfindən qorunduğuna hər bir vətəndaş əmindir. Vətəndaş azadlığını tam şəkildə ifadə etmək üçün evinin bir məkan olduğunu da anlayır və ondan sonadək yararlanmaq istəyir. Evin dörd tərəfinin uca hasara alınmasının bir ətək xərc istədiyini, bu hasarın onun hava almasını çətinləşdirəcəyini anlayan holland bu yöntəmdən biryolluq canını qurtarmış kimi görünür. Bağçaların ətrafına taxtadan, metaldan, kərpicdən çəkilmiş alçaq hasar-çəpərlər isə dekorasiya mahiyyəti daşıyır, yaraşıq üçündür. Bəzi yerlərdə isə taxta və ya kərpicə də gərək qalmır. Hasarları müxtəlif dekorativ bitkilər əvəz edir. Əslində Avropada bu hasarlar evin, bağçanın kənardan daha gözəl görünməsinə, təbiətin arxitektura ilə harmoniya təşkil etməsinə hesablanmış elementlərdir.

 

Niderlandın ərazisi çox böyük olmadığından, yəqin ki, torpağa qənaət məqsədilə bir-birinə qonşu olan evlər arasında məsafə az olur. Bəzən bu evlərin bir neçəsi həm torpağa, həm də inşaat materiallarına qənaət etmək üçün bitişik tikilir. Bəzən belə evlərin daxili həyətləri də olur ki, sakinlər ondan ya ümumi, ya da fərdi qaydada istifadə edirlər. Belə evlərin daxili həyətinə keçmək üçün kiçik bir giriş qoyulur. Gözün evlərin arasındakı boşluğu yaşıllıqların süslədiyini, böyük ağacların doldurduğunu dərhal alır.

 

Evlərin ümumi bənzərliyinə baxmayaraq, hər bir evin özünəməxsus fərqə malik olduğu dərhal sezilir. Bu fərq eyvanlarda, qapı və pəncərələrdə daha aydın seçilir. Evlərin damlarını işıqlandıran pəncərələrin gözəgəlimli olmasına da diqqət yetirilir. Evlərin divarları, pəncərələri, qapısı kənardan təmizliyi ilə göz oxşayır. Bu evlərə bayırdan baxdıqda rəngi bozarmış, qopmuş heç nəyə rast gələ bilməzsən. Evin rənglənməsi gərəkən hər yeri vaxtlı-vaxtında mütləq yenilənir. Pəncərəsini, qapısını və ya divarlarının müəyyən hissəsini boyayan insanlara günün istənilən vaxtında rast gələ bilərsən. Boya işini yapan ev sahibinə “qonşu, gərək ağ yox, qırmızı rəng vuraydın” kimi bir söz deyən də yox. Ev sahibi özünün və ailəsinin zövqünə güvənərək rəng seçməkdə özgürdür. Onun işinə kimsənin qarışması mümkünsüzdür. Niderland gerçəkliyi bu qədər bəsit və sadədir. Burada sanki qonşular evlərinin baxımında hər gün bir-birilə yarışdadırlar. Sanki “Kimin evi daha gözəldir” adlı müsabiqə elan olunub. Qonşu qonşuya baxar demirlərmi? Hamı evinin, bağçasının görünüşcə gözəl və fərqli olması üçün hər gün əlindən gələni edir. Heç kim tərəfindən rəsmi elan edilməyən bu yarışma bütün ölkə miqyasında şəhərin, kəndin ümumi görünüşünün ideal səviyyədə olmasını tənzimləyir. Təmizlik idarəsindən müəyyən rüsum qarşılığında sifariş edilmiş xüsusi konteynerə evlərin təmiri zamanı çıxan lazımsız şeylərin səliqə ilə yığıldığını, vaxtı gəlincə həmin idarənin bu məqsədə xidmət edən maşınının konteyneri götürdüyünü hər gün müşahidə etmək mümkündür. Təmir bitir, ətrafda heç bir daşa-kəsəyə, təmirdən sonra adət etdiyimiz əlamətlərə rast gəlmək mümkün deyil. Evlərin ətrafa kiçik bir çöp belə düşmədən təmiri bu şəkildə aparılır.    

 

Üst qatlara qalxmaq üçün evin içərisində yerə qənaət etmək üçün ensiz pilləkanlar quraşdırılır. Bu pilləkanlar dik quruluşu ilə fərqlənir və yuxarı qalxmaq üçün o qədər də münasib deyil. Evin hər mərtəbəsində iki-üç kiçik otaq yerləşir.   

 

Ev gördüm evimə imrəndim, ev gördüm evimdən iyrəndim demirlərmi? Holland evləri rahatlığı ilə istənilən insanı özünə bağlamağa qadirdir. Dəbdəbə sevənlərin, təmtəraq aşiqlərinin holland evlərinin bu rahatlığını, insana dinclik gətirən bu yığcamlığını özlərinə nümunə götürəcəyinə isə ümid bəsləməkdən savayı əlimizdən heç nə gəlmir.

 

Bu evlərin içərisində insanların necə yaşadıqlarını, necə əyləndiklərini, vaxtlarını necə keçirdiklərini, nə yeyib-içdiklərini, biş-düşlərini necə hazırladıqlarını maraq edə bilərik. Bu maraqlarımızın bəzilərini yuxarkı bölümlərdə az-çox təmin etdiyimizi düşünərək, mən holland evlərini yaxşı tanımaq üçün onların mətbəxlərinə baş çəkməyi daha uyğun yol saydığımdan söhbətimizi mətbəxdə davam etdirmək istəyirəm.

 

Afiq MUXTAROĞLU

Niderland