(yazının əvvəli)

 

“Motal papaq olmaq” papaq yiyəsinin el içərisində biabır olmasını ifadə edən deyimlərimizdən biridir. Ümumiyyətlə, papaqla motalın nə əlaqəsi var? Əvvəlcə bir buna diqqət yetirək. Fikrimiz qəribə səslənsə də, həqiqəti üzə çıxarmaq üçün düşündüyümüzü deməliyik. Güman etmək olar ki, yoxsulluqdan, əlacsızlıqdan adamın biri boşalmış motal dərisindən özünə papaq tikə bilərdi. Belə şəxsə cəmiyyətin münasibəti də birmənalı olmamalı idi. Onun bu hərəkətini təqdir edənlərin, bəyənib alqışlayanların sayı, əlbəttə, az olmalıydı. Şəxsin motal papağa sahib olması onun cəmiyyətdə yerini, statusunu da müəyyən etməliydi. Motalpapaqlıq şəxsin ictimai iyerarxiyada aşağı təbəqədən olmasını şərtləndirməli idi. Motal dərisindən papağa sahiblik və ya motalpapaqlıq sosial iyerarxiyanın ən aşağı pilləsində duranları anlatmaq üçün istifadə olunan istilaha bu cür çevrilə bilərdi. Beləliklə, heç kim motal dərisindən papaqlı olmağı da, motalpapaq olmağı da yaxınına buraxmaq istəməzdi. Şəxsin boşalmış motal dərisindən papaq geyməsinin, özünün və ya ailə üzvlərinin eldən dışarı bir hərəkətə görə motalpapaq olmasının cəmiyyət tərəfindən ikrahla qarşılanması təbii sayılmalıdır.

 

Papaq hər zaman kişi geyiminin ana ünsürlərindən biri olduğu üçün hamı gözəl papaq sahibi olmağa çalışır, ona xüsusi qulluq etməklə yanaşı, onun xüsusi şəkildə qorunmasına da diqqət yetirməli olurdu.

 

Artıq papağın kişilik, ərlik bəlgəsi olduğunu bilirik. Kişi öz mənliyini qoruduğu qədər də, papağını qorumağa, onun qaydasında olmasına diqqət yetirməli idi. Adət-ənənəyə əməl etməyən, qeyri-etik hərəkətlər edən şəxs haqqında “Kişi deyil, papağı üşüdüyündən qoyur” kimi bir fikrin səsləndirilməsi əski insanın təbii haqqı idi. Hətta belə şəxsə el müdrikliyi “Papaq cəhənnəmə, sən başını qoru” kimi kinayə dolu bir məsləhət də verirdi.

 

Papaq atmaq kiməsə sataşmaq, kiməsə taxınmaq anlamında işlədilən söz birləşməsidir. Bəzən ifadə zarafatla söylənsə də, onun arxasında mübahisə, hətta münaqişə əlamətləri də gizlənə bilərdi. Kiməsə papaq atan şəxs özünü qarşısındakını dava-dalaşa təhrik edən, sanki onu duelə səsləyən kimi aparırdı ki, bu da, zarafatın axırının dava-dalaşla nəticələnməsinə gətirib çıxarırdı. O üzdən ki, qarşısına papaq atılan şəxs ipə-sapa yatmazın biri olardısa, sən kimə papaq atırsan deyərək, zarafatı ciddi qəbul edib, münaqişəyə girə bilərdi.

 

Bir qız uşağını papaqla vurduqda yıxılmazdısa onun artıq evlilik yaşına çatdığı düşünülürdü. Fikrimizcə, bu adət türk ağlının məhsulu ola bilməzdi. O üzdən ki, düşmənlərinin belə etiraf etdiyi kimi, qadına sayğı düşüncəsinə sahib türklərin bu adəti çox sonralar başqa xalqlardan mənimsəmiş olmalarını, onların bu adətin müəllifi olmamalarını güclü bir ehtimal kimi söyləmək olar.

 

Papağı qoltuğunda gəzən şəxsin dərdi, problemi böyük olmalıdır. Niyəsini deyəkmi? Papağını qoltuğuna vurub gəzən kişi hansısa müşkülə düşüb, öz gücüylə, təkbaşına onun öhdəsindən gələ bilmir. Papağını qoltuğuna alan adamın yardıma ehtiyacı var. Özünə yaxın bildiklərinin təcili köməyi olmadan onun düşdüyü çuxurdan çıxması, özünü xilas etməsi mümkünsüz görünür. Papağı qoltuğunda gəzən kişi qapı-qapı dolaşmaqdan, umduğu qonum-qonşuya, qohum-əqrəbaya ağız açmaq onu mənən sındırıb, yorulub, götürüm düşüb.

 

Papağı boğazına keçən kişinin də durumu könül açan deyil. Maddi sıxıntıların onu hər yerdə təqib etdiyi açıq-aşkar hiss olunur. Bir az utancaqdır, bir az çəkingəndir. Kiməsə durumunu anlatmağa, düşdüyü problemi izah etməyə üzü tutmaz. Onun vəziyyətini yalnız hal əhli anlaya bilər. Görünən dağa nə bələdçi? Onun üzünə-gözünə, əyninə-başına baxmaq yetər ki, biçarənin halını anlayasan. Anlayana onun siri-sinçisi, idimi vəziyyəti anlatmaq üçün bəs edər.

 

Papaq çağırış nişanıdır. Onu başından çıxarıb, əlində yuxarı qaldıraraq yelləyən adamın köməyə ehtiyacı var. Papaq eləmək haraydır, görənlərin köməyinə ehtiyac olduğunu bildirən vasitədir. Papaq etməklə kiməsə getdiyi yolun səhv etdiyini anlatmaq da mümkündür. Onun vasitəsilə yolunu düz getməyən birini doğru yola qaytarıb, savab da qazanmaq olar. Dəvət olunmadığı yerdə nahaq gəldiyini, gəldiyindən peşman olduğunu dilə gətirən adama belə deyirlər: “Səni papaqmı eləyib çağırmışam/çağırmışıq?”. Ona bununla dəvətsiz, çağırışsız təşrif buyurduğu halda şikayət etməyinin yersiz olduğunu anladırlar.

 

Papağını yan qoyub gəzən kişi hələ gəncdir. Hələ həyatın bərkini-boşunu görməmiş olmalıdır. Əli cibində, kefi alabuludda oynayan bu gəncin işi könül məsələsi də ola bilər. Haradasa bir gözaltısının olması, hansısa bir çəpər arxasından onun yan duran papağına oğrun-oğrun baxması da mümkündür. Olsun ki, günü qara olmamışın da papağını yan qoyub gəzən bu gənclə him-cimləşməsi var. Ola da bilər ki, həmin gəncə saqqızını oğurladıb. Olmayan işdirmi?

 

Papağının dalını qaldıran kişinin bir az hərdəmxəyal olmasını, bir az dünyanın bala dərdini eyninə almamasını qıraqdan baxınca anlamağın bir elə çətinliyi də yoxdur. Bir az əhli-kefliyi də var, hərdən başını açıb tay-tuşları ilə bulaq başında, gözdən iraq, könüldən qıraq bir yerdə əylənməyi də. Bir az özünə qapanması, bir az da özündən razılığı papağının duruşundan bəllidir. Papağının dalını qaldırıb gözünün üstünə basan birinin yekəxanalığı bir yana, əlləm-qəlləm işlərdə əlinin ola biləcəyi də mümkündür. Yoxsa adam durduğu yerdə papağının dalını niyə qaldırsın, gözlərini niyə gizlətsin ki? Beləsindən iş əskik deyil.

 

Papaq sevinc nişanıdır, qələbə rəmzidir. Müəyyən bir müşkülünü çözən, məsuliyyətli bir işi uğurla sonlandırıb, rahatlaşan kişinin sevincdən papağını göyə tullaması görünməmiş bir iş deyil. Düşmənini yenən bir əsgərin papağını göyə atmaqla sevincini büruzə verməsi də nadir hadisə olmamalıdır. Keçib gəldiyi tarix boyu dəfələrlə qanlı savaşlar görən əsgərin sevincini bu cür izhar etməsi onun təbii haqqı deyilmi?

 

Bağlanılan sazişin tərəflərin ürəyincə olması, iştirakçı tərəflərin mövqeyini əks etdirən razılaşmanın əldə olunması zamanı kiminsə papağım/papağımız da razıdır deməsi sazişin ədalətli olmasına dəlalət edir. Və ya kişi gördüyü işdən gözlədiyindən artıq qazanc əldə etdikdə, məsələn, becərdiyi bağdan gözlədiyi məhsuldan çox məhsul götürdükdə, satdığı malı yaxşı qiymətə satdıqda papağının da razı olduğunu söyləyir. Burada sahibinin papağına bir canlı kimi, bir məhrəm dost kimi münasibət sərgilədiyini sezmək mümkündür. Az qala sahibi papağını ürəyi, beyni ilə eyniləşdirib, ona bədəninin ən dəyərli əzası kimi dəyər verir.

 

Papağın sehirli bir qüvvəyə malik olması, özündə dəyərli bir şəxsi gizlətdiyi işarə diliylə anladılır. “Papaq altda oğullar var” xalq deyimi bu işarənin təsdiqidir. Bu deyim tarixin istənilən dövrü – dünən üçün də, bu gün üçün də, sabah üçün də keçərlidir. Xalqın adsız qəhrəmanı yardıma qoşmaq, igidlik göstərmək üçün məqam gözləyir. Məqam gözləyir ki, özünü təsdiq edə bilsin, ad alsın. Dünənə qədər adsız biri olanın, kütlədən heç nəylə fərqlənməyənin qəhrəmana çevrilməsi bu cür baş verir. Adsız qəhrəmana Dədə Qorqud – el ağsaqqalı ad verir. Adsız qəhrəman Bamsı Beyrək olub, Buğac olub toplumun dəyərinə çevrilir.

 

Papağınızın uca olması diləyilə bir yazının da sonuna gəldik.

 

S. A.

 

Bu, bizim papaqla bağlı sayca ikinci yazımızdır. İllər əvvəl yazdığımız və “Xəzər”, “Qarapapaqlar”, “Sənəd” kimi mətbuat orqanlarında, Vahid Ömərlinin “Qarayazı” kitabında çap olunan birinci yazını əsas götürərək, ikinci bir yazını da ortaya çıxarmaq istəyimizin mövzu qıtlığıyla, təkrarçılıqla bağlılığa yozulmayacağına ümid edirik.

 

Afiq MUXTAROĞLU