Qonşu qadın doxsanı haqlamaqda olan anasının söhbətini kəsərək: “Bir sözü nə qədər təkrarlamaq olar”, – deyib, biçarənin sözünü ağzında qoyur. Mən bu olub-keçənlərə sırf təsadüf nəticəsində şahidlik edirəm. Yoxsa mənim kiminsə söz-söhbətinə gizlindən qulaq asmaq kimi istəyim yerli-dibli yoxdur...

 

...Uşağın özünü batırmasını, üst-başını çirikləndirməsini təbii hesab edirik, bunun faciə olmadığını söyləyirik. Əksinə, bəzən bunu özümüz üçün sevinc qaynağına da dönüşdürə bilirik. Yəni uşağın bu cür hərəkət etməsini necə var qəbul edərək, bunu onun ağlıkəsməzliyinə, etdiklərinin mahiyyətini anlamamasına və ya yetkinləşməməsinə bağlayırıq. Onun altını-üstünü təmizə çıxarmaq üçün bir əl-ayaq da satın alırıq.

 

Yenicə dil açan uşağın sözləri qıra-qıra tələffüz etməsi bizə bir başqa cür ləzzət edir, diş çıxarması bir başqa. Uşağın ilk sözü deməsi ilə sevincimiz yerə-göyə sığmır, az qala qol qaldırıb oynamaq istəyirik. Bəlkə oynayanlarımız da var. Körpənin sözlərin qol-qabırğasını qıra-qıra danışması, rabitəsiz nitqi kefimizi ala buludda oynadır, ona eyni bir sözü, eyni bir hərəkəti etdirməkdən usanmırıq, uşaq bundan bezsə də, biz tövbələr olsun, əl çəkmirik. Onu danışdığına peşman edirik.

 

Uşağın ilk dişinin çıxmasını toy-bayrama döndərir, “qıcını göstər” deməkdən biçarə uşağı əldən salır, şitini çıxararaq onun bərkiməmiş orqanizminə zülm edirik. Heç etdiyimizin fərqinə də varmırıq ki, bununla uşağa nə qazandırırıq, bunun uşağa nə xeyiri var. Biz uşağı əyləndirmək əvəzinə özümüzü əyləndiririk.

 

Onun hər yeni sözü, hər yeni hərəkəti bizə qol-qanad verir. Uşağın həyatında baş verən ən xırda yenilik barədə yaxınlarımızı sevinclə muştuluqlayırıq. Sanki uşağımız yeni hərəkətindən sonra, köhnə kişilər demiş, at minib qazanc gətirməyə gedəcək. Yeni təbirlə desək, təyyarəyə minib Avropaya üz tutacaq. Uşağa münasibətdə davranışımız bu şəkildə əndazəni aşır.

 

İndi deyək ki, bu uşaq böyüdü, ailə qurdu, oğul-uşaq, hətta nəvə-nəticə yiyəsi oldu. Artıq qoca qarıya, ixtiyar kişiyə çevrildi. Uşaqlığından, gəncliyindən əsər qalmaması, gözəlliyinin övladlarına keçməsi təbii bir haldırmı? Əlbəttə. Onun qulağının ağır eşitməsi, gözünün zəifləməsi, dişinin tökülməsi, canım sənə desin, sir-sifətinin qırışlarla örtülməsi də təbii prosesin nəticəsidir. Ayağının taqətinin, dizinin təpərinin onu tərk etməsi, əlinin əsməcə tapması da təbii olmalı deyilmi? Hələ ağlında, danışığında əskiklərin olmasını demirəm. Yəni qocalıb-qarımaq onun öz əlində deyil, onun özündən asılı olmayaraq baş verən fizioloji, həm də psixoloji bir prosesdir. Qocalmaq hər kəsin ən halal, ən təbii haqqıdır.

 

Qocalmış şəxsin köməyə möhtaclığı da təbii görünməlidir. Gözünün zəifliyinə gözlük yardım edirsə, tökülmüş dişini protezlə əvəz etmək, lap elə implant diş əkdirməklə aradan qaldırmaq mümkündür. Eşitməyən qulağına da çarə tapmaq olar. Xüsusi cihazla onun bu əskiyini də tamamlamaq imkanı var. Yeriməyən ayağına üçüncü ayaq – əlağacı əlavə etsək qocalığın bir çox çatışmazlığını aradan qaldıra bilərik. Bura qədər hər şeyin yolunda getdiyini düşünmədən təsdiqləmək olar. Bundan sonrasını yeni abzasdan oxuyaq.

 

Qocanın yeməyi var, yuyunmağı-yaxanmağı var, dırnağının kəsilməsi, saçının-başının qaydaya salınması, altının-üstünün dəyişdirilməsi, dediyim və demədiyim bir sürü işi var. Maraqlı olan odur ki, uşaqlığın köməksiz, yardıma möhtac vaxtlarında ona hamı – ata-ana, nənə-baba, əmi-dayı, xala-bibi, hətta qonum-qonşu can-başla əl uzadar, bunu dəfələrlə etməkdən nə yorulan, nə də usanan olardı. Onun ayağa durması, böyüyüb adam cərgəsinə qatılması üçün hamı əlbirliyi ilə hərəkət edərdi.

 

O, kiminləsə söhbət etməli deyilmi? Nə olsun nitqi rabitəsizdir? Uşaqlıqda bundan da rabitəsiz danışmırdımı? Bəs onda niyə hamı onun heç bir məna ifadə etməyən sözlərinə qulaq asıb sevinirdi?

 

İndi də köməyə, diqqətə ehtiyacı var. Yuxarıda sadaladığım hər şeydə onun yanında bir yardımçı olmalıdır. Oğul-qız işdə-gücdə, nəvələrsə öz keflərində və ya hansısa sosial şəbəkədə virtual bir dünyanın içində. Qonum-qonşu, qohum-əqrəba onun varlığını, yoxluğunu unutmuş kimi. Artıq onun yaşaması xəbərini deyil, ölüm xəbərini dörd gözlə gözləyənlər də var, “ölmədi özünün də canı dincələ, evdəkilərin də”, – deyənlər də bir artıq.

 

Gərəksiz əşyaya çevrildiyini özü də anlamışmı, görən ola?

 

Müəllif: Afiq Muxtaroğlu